Azərbaycana qarşı yeni separatçı iddialarla fəallaşan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Nikol Paşinyan hökumətindən dəstək ala bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, separatçılara dəstək üçün “komitə” yaradan Oskanyan və bu qondarma qurumun bəzi üzvləri ilin əvvəlində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.
Mənbə bildirir ki, “komitə” bəzi məsələlərdə kölgə dəstəyi göstərəcəklərinə ümid edərək, Ermənistan hökumətinin müvafiq qurumlarını öz separatçı fəaliyyətləri barədə məlumatlandırmağı zəruri sayıb:
“Komitə bu məqsədlə xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş variantlarını müzakirə edib. Sonda onların həmfikirlərinə çevriləcəyi və əməkdaşlıq edəcəkləri ümidi ilə əslən Qarabağdan olan Qriqoryanla görüşə üstünlük verilib. Amma hadrutlu Armen Qriqoryanla görüş sözlə ifadə olunmayacaq dərəcədə soyuq havada keçib.
Görüş cəmi 20-30 dəqiqə çəkib, komitənin fəaliyyətləri və missiyası (separatçı fəaliyyətləri – red.) təqdim olunub. Qriqoryana bildirilib ki, bunlardan böyük nəticə əldə etmək mümkün olmasa da, heç olmasa, məsələ gündəmdə saxlanılacaq. Amma Armen Qriqoryan onları sona qədər dinləmək belə istəməyib və açıq şəkildə bəyan edib ki, Qarabağ mövzusu bağlıdır, hökumət bu məsələdə edəcək bir şey görmür”.