Astana Bakı və İrəvanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla birgə brifinqdə deyib.
“Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”, - Tokayev bildirib.
Tokayev Ermənistanı “Cənubi Qafqazda etibarlı tərəfdaş” adlandırıb. Qazaxıstan lideri bunun Ermənistana ilk rəsmi səfərinin olduğunu və bunun onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tokayev bir sıra aktual regional məsələlərdə Ermənistan və Qazaxıstanın mövqelərinin yaxın olduğunu vurğulayıb. Qazaxıstan lideri onu da qeyd edib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Qazaxıstanda “erməni mədəniyyəti günləri” keçiriləcək. O, Ermənistan baş nazirini Qazaxıstana rəsmi səfərə dəvət edib.