ABŞ Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən - Qarabağdan çıxarılmasının əleyhinədir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, ABŞ Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı ikibaşlı və riyakar mövqe sərgiləyir:
“Vaşinqton rusların çıxmasına mənfi münasibət bildirməklə, bir növ onların getməsinə təəssüfləndi. Üstəgəl, üstüörtülü şəkildə Azərbaycanın öz ərazilərini bərpa etməsinə görə Rusiyanı ittiham etdi. Amerikanın demək istədiyi budur ki, ruslar orada qalmalı, nə vaxtsa qayıdacaq ermənilərin, başqa sözlə, separatizm və bölücülüyün keşiyində durmalı idilər. Uzun illər Rusiya və ABŞ bu mövzuda eyni mövqedə durub. İndi durum dəyişib, ruslar bu vəziyyətlə razılaşıb gedirlər, amerikalılar da prosesi dayandıra bilmirlər.
Ermənistana gəlincə, sanki bu ölkədə də vaxtilə Gürcüstanda baş verənlər təkrarlanır. İllər öncə Avropa Birliyinin Gürcüstanda yerləşdirdiyi “müşahidə missiyası”, öz adı ilə desək, casus şəbəkəsi Rusiya ilə qarşıdurmaya səbəb olmuşdu. İndi Ermənistan belə bir durumla üzləşib. Ermənistan Cənubi Qafqazda Rusiya və ABŞ arasında gedən rəqabətdə toqquşma meydanına çevrilir.
Amerika bütün vasitələrlə rusları Ermənistandan çıxarmağa çalışır. Maraqlısı da elə budur: rusların Ermənistanda çıxmasını istəyən Amerika onların Azərbaycanda qalmasını arzulayır. ABŞ buna görə Azərbaycana dəstək, təbrik mesajı verməli idi. Çünki Azərbaycan dünyada yeganə ölkədir ki, Rusiya ilə qarşıdurmaya getmədən hərbi qüvvələrini öz ərazisindən çıxarır. Bəlkə də ABŞ illərdir özünün bacarmadığı işi Azərbaycan bacardı deyə belə hiddətlidir. Məsələn, Amerika bunu nə Moldova, nə Gürcüstan, nə də Moldovada bacarmışdı. Ermənistanda da bacara bilməyəcək”.
Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ sülhməramlılardan “Bakı Moskva ilə hərəkət edir” təəssüratını yaratmaq istəyirdi:
“Bundan təsir aləti kimi istifadə etmək niyyətində idilər. Görünən budur ki, Vaşinqtona müstəqil siyasət yürüdən Bakı lazım deyil, ona Ermənistan kimi vassal dövlət lazımdır. Bakı isə planları pozdu: həm ABŞ, həm Fransa, həm də elə Rusiyanın...”.