Azərbaycan Ermənistanın qarşısına Xocalı soyqırımını tanınması və ATƏT-in Minsk qrupundan imtina kimi yeni tələblər qoyub.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.
Ekspertin iddiasına görə, Azərbaycanın Ermənistana qarşı on tələbi var.
“Paşinyan hər dəfə uduzur, amma yenə oynayır, yenə borc alıb, yenə oynayır. Həmişə də uduzur”, - Kiviryan bildirib.
ABŞ və Avropa Birliyinin İrəvana vədlərindən danışan politoloqun fikrincə, bütün bunların hamısı Rusiya, Çin və İrana qarşı yönəlib: “Bu vədlər İran, Rusiya və Çindən yan keçməyi nəzərdə tutur”.
Kiviryan hesab edir ki, Azərbaycan üzərindən maraqlarını həyata keçirə bilməyən Qərb bunu Ermənistan vasitəsilə etməyə çalışır:
“Azərbaycanı sıxışdıra bilmirlər, düşüblər zəif Ermənistanın üstünə. Əgər Ermənistan güclü, Azərbaycan isə zəif olsaydı, əksi olardı. Anlayırlar ki, nə vaxtsa Rusiya yenidən aktivləşəcək, ona görə də elə bir model yaratmaq istəyirlər ki, Rusiyanın burada heç bir mənası qalmasın”.