Ermənistanın KTMT-nin yüksək səviyyəli iclaslarında iştirak etməmək qərarı yaxın gələcəkdə qurumdan çıxmaq siyasəti ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bunu erməni hüquqşünas Artaşes Xalatyan deyib.
“Görünən odur ki, KTMT-yə ümid yoxdur. Bu qurum nəinki passiv münasibət sərgiləyən, həm də Ermənistana qarşı qeyri-dost addımlar atan struktura çevrilir. Buna görə də getməyin vaxtı çatıb”, - ekspert bildirib.
Xalatyanın fikrincə, Rusiyanın bütün səylərinə baxmayaraq, Ermənistan KTMT-də qalmayacaq.
Ekspert istisna etmir ki, Rusiya iqtisadi sahədə Ermənistana təzyiq göstərə bilər:
“Məncə, silah tədarükü prosesinin sürətləndirilməsi Qərbin Ermənistanın KTMT-dən nə vaxt çıxacağı ilə bağlı gözləntilərindən xəbər verir. Bu misli görünməmiş sürətli proses həm də Ermənistan baş nazirinin ötən günlərdə parlamentdə səsləndirdiyi fikirlər və Belarusla münasibətlərin dondurulması ilə bağlı bəyanatı ilə birbaşa əlaqəlidir. Qərb qarşılıqlı addımlar gözləyir”.
Xalatyan Rusiyanın Zəngəzurda (Qafan) konsulluq açmaq qərarına da toxunub:
“Sünik (Zəngəzur) getdikcə əsas beynəlxalq iqtisadi həlqələrdən birinə çevrilir, Rusiya da bu prosesdən geri qalmaq istəmir. Amma konsulluğun açılmasını Rusiya ordusunun Ermənistan-İran sərhədini tərk etdiyi bir durumda mümkün hesab etmək olar. Sərhədimizi qorumaq bizim suveren hüququmuz olduğu halda, onu Rusiya qoruyur”.
Ekspert Ermənistanın KTMT-dən çıxmaq üçün alternativinin olmadığı qənaətindədir: “Bu addımı atmasa, Ermənistan beynəlxalq tərəfdaşları tərəfindən qeyri-ciddi qəbul ediləcək”.