5 Avqust 17:14
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Hizbullah arasında müharibə başlayacağı ilə bağlı məsələ bir aydan artıqdır ki, gündəmdədir. HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi bu ehtimalları gücləndirdi. Hazırda məsələ Hizbullah tərəfindən İsrailə hər hansı hücumun olması ilə məhdudlaşmır. Eyni zamanda İranın da İsrailə zərbələr endirəcəyi müzakirələri aparılır.

Bunu Teleqraf.com-açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, son günlər İsrail-Livan sərhədində də gərginlik yaşanır:

“Ötən gün İranın İsrailə kiçik zərbələr endirməsinin şahidi olduq. Bu, eskalasiyanın daha da böyüməsi ehtimalını gücləndirir. Ümumiyyətlə, tərəflər bir-birinə münasibətdə son dərəcə kəskin bəyanatlar verirlər. Livandan da anoloji bəyanatların şahidi olmuşuq.

İsrail Baş naziri Benyamin Netanyahu İran və Livan tərəfdən mümkün hücumlarla bağlı xalqa müraciət etdi. Eyni zamanda İordaniya xarici işlər nazirli ötən gün İrana səfərə getdi. Müharibədən çəkinməklə bağlı çağırış oldu. Amma İran tərəfinin çağırışı rədd etməsi ilə bağlı informasiyalar var.

ABŞ nümayəndə heyətinin Omanın vasitəçiliyi ilə İrana gələrək danışıqlar aparması informasiyaları yayıldı. Bütün bunlar sərt gərginliyin hökm sürdüyündən xəbər verir.

Livan və İranın hücuma keçəcəyi ilə bağlı müxtəlif tarixlər səsləndirilir. Dünən yayılan informasiyalarda bugünkü tarix göstərilirdi. İrəli sürülən ehtimallar arasında 12-13 avqust tarixləri də var. Dəqiq vaxt demək mümkün deyil. Çünki aprel zərbəsindən fərqli olaraq İran bu dəfə əvvəlcədən xəbərdarlıq etmək niyyətində olmadığını göstərir. İranın BMT-də ki nümayəndəsi də açıqlama verib ki, xəbərdarlıq olunmayacaq.

Düşünürəm ki, əməliyyatın aparılması ilə bağlı İran və Livan arasında müəyyən razılaşmalar ola bilər. Yəni bu prosesin bir yerdə aparılma ehtimalı böyükdür”.

Politoloq bildirib ki, Türkiyə Yaxın Şərqdə barışın tərəfdarı olan ölkədir:

“Türkiyənin Yaxın Şərqlə bağlı mövqeyi həmişə ilk növbədə terror təşkilatlarına qarşı olub. İraq və Suriyanın şimalında Türkiyənin həyata keçirdiyi əməliyyatlarda ən vacib məqam separatçı və radikal terror qruplaşmalarına qarşı birgə mübarizəyə çağırışdı. Amma təəssüf ki, Türkiyənin səsinə səs vermədilər. Türkiyə bu məsələdə tək qaldı.

Bölgədə marağı olan böyük güclər maksimum dərəcədə barışın olmasını əngəlləməyə çalışırlar. Nəticə etibarı ilə bu, yeni eskalasiyaların və qarşıdurmaların yaranmasına gətirib çıxarır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər