ABŞ Azərbaycan və Ermənistanla tərəflərin razılaşacağı və irəliləyiş əldə edə biləcəyi istənilən formatda işləməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupunun gələcəyi və bununla bağlı Vaşinqtonun mövqeyi ilə bağlı sorğuya cavab olaraq bildirib.
“Birləşmiş Ştatlar hökuməti uzunmüddətli və ədalətli sülh razılaşması əldə etmək üçün Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir. Biz tərəflərin razılaşa və irəliləyişin əldə oluna biləcəyi istənilən formatda hər iki tərəflə işləməyə hazırıq”, - qurumdan deyilib.
Sorğunu ABŞ-nin xarici siyasət qurumuna “Amerikanın səsi”nin Ermənistan xidməti ünvanlayıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi rəsmi Bakının tələbinə cavab olaraq, Minsk qrupunun ləğv edilməsi məsələsinə sülh müqaviləsinin imzalanması çərçivəsində baxa biləcəklərini açıqlamışdı. Həll edilmiş Qarabağ münaqişəsi ilə bağlı yaradılmış bir formatın sülh prosesi ilə əlaqələndirilməsi Azərbaycanda birmənalı qarşılanmayıb.
Ekspertlərə görə, bu, Ermənistanın sülh prosesini uzatmaq cəhdidir və Azərbaycana qarşı ərazi iddialarından vaz keçmədiyini göstərir. Buna görə də İrəvanın bu açıqlaması və istəyi qəbuledilməz hesab olunur.