Müdafiə Nazirliyi könüllü olaraq Azərbaycan tərəfinə keçən erməni hərbçisinin vəziyyəti ilə bağlı açıqlama verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olmuş Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryanın vəziyyəti hazırda yaxşıdır: “Andranik Qriqoryanın saxlanma şəraiti və sağlamlığı ilə bağlı heç bir problemi və şikayəti yoxdur. Hazırda təhlükəsizliyi təmin olunmaqla saxlanılan əsir A. Qriqoryanla hamılıqla qəbul edilmiş insan hüquqları normaları daxilində rəftar edilir”.
Qeyd edək ki, martın 22-də günorta saatlarında ilkin məlunata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
İlkin dindirmədə Andranik Qriqoryan bildirib ki, o, 22 mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçib. A.Qriroqryanın bu hərəkətinin çox sadə bir səbəbinin olduğunu deyib: “Mən mənasız yerə ölməkdən qorxuram. Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil.
Nə qədər erməni hakimiyyəti öz xalqından martın 19-da olan hadisəni gizlətmək istəsə də artıq hamı bilir. Mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölu, onlarla yaralı var. Əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər. Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var. Amma açığını deyim ki, burda onları nə gözlədiyini bilmədikləri üçün ürək etmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim orada qalıb ölüm saatımı gözləməkdənsə könüllü təslim olum. Gözlədiyimin tam əksi olaraq burda məni normal qarşıladılar və doyunca yemək-içmək verdilər.
Bir də buradan əlində məcbur silah tutan yoldaşlarıma səslənib demək istəyirəm ki, azərbaycanlılar heç də o, cinayətkar hakimiyyətin illərdir bizim beynimizə yeritdikləri kimi deyillər. Nə qədər ki, gec deyil siz də mənim kimi edin".