Bu gün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ilin birinci rübü ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı Mübarizə Üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi 2015-ci ilin birinci rübü ərzində də bütün sahələrdə mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilməkdədir.
Ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, mütərəqqi institusional tədbirlər həyata keçirilib.
Belə ki, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununlarında dəyişikliklər edilməsi haqqında 14 fevral 2014-cü il tarixli qanunlar və həmin qanunların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərman və Sərəncamları ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlanıb və statusu artırılmaqla səlahiyyətləri daha da genişləndirilib.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında dəyişikliklər edilərək Baş İdarə əməkdaşların ştat vahidi 100-dən 140-a çatdırılıb.
9 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş İdarənin yeni strukturu, yeni strukturu, idarə və şöbələrin təsdiq edilmiş və əməkdaşlar yeni strukura uyğun vəzifələrə təyin ediliblər.
Qeyd edilən dövr əzində korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim böyük önəm verilib.
Belə ki, 6 mart 2015-ci il tarixdə Avstriya Respublikasının Laksenburq şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) yaradılmasının 4-cü ildönümünə həsr edilmiş tədbirdə iştirak edən IACA Assambleyasının sədri, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov çıxış edərək dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin ölkəmizdə prioritet olduğunu, kompleks və ardıcıl inzibati və institusional islahatların həyata keçirildiyini, bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
2015-ci il 15-19 mart tarixlərində Türkiyənin Baş prokuroru Həsən Erbilin dəvəti ilə Türkiyə Respublikasında səfərdə olmuş Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Türkiyə Baş Prokurorluğunda ikitərəfli görüş keçirilmiş, hər iki ölkənin prokurorluq orqanları arasında, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan və Türkiyə prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb.
Martın 23-24-də Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 15-ci Monitorinq Görüşündə iştirak edən Azərbaycan Respublikasının OECD təşkilatının Antikorrupsiya Şəbəkəsi üzrə milli koordinatoru, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxış edərək dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan genişmiqyaslı tədbirlər ətraflı məlumat veriblər.
2015-ci ilin 8-9 aprel tarixlərində Bəhreyn Krallığının Manama şəhərində Beynəlxalq Prokurorlar növbəti İllik Yaz İclasının sessiyasında iştirak edən Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Baş İdarə rəisi Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Antikorrupsiya alt domeninin yaradılması və Böyük Britaniya Krallığı Prokurorluğu Xidməti və Braziliyanın Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikasının Baş prokurorunun təşəbbüsü ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin domenin aparılması barədə təqdimatla çıxış edib.
6 aprel 2015-ci il tarixdə Qətərin paytaxtı Doha şəhərində BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 13-cü konqresində Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edərək korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi mövzusunda çıxış etmış, ölkəmizdə həyata keçirilmiş institusional və praktik tədbirlər barədə məlumat verib.
Türkiyənin G20 (Böyük iyirmilərin sammiti) sədrliyi, OECD və Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupu Qurumunun (GRECO) 67-ci İclası çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirak edib.
Gələcəkdə də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqan olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi istiqamətində fəaliyyət və əlaqələrini daha da inkişaf etdirəcəkdir.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin I rübü ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.
Hacı Zeynalov