Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb və abidəsi önünə gül dəstəsi qoyulub.
Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirilib.
Nazirliyin ictimai əlaqələr idarəsindən Teleqraf.com-a bildiriblər ki, general-polkovnik Eldar Mahmudov buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib. Akademiyanın təlim-tədris sistemində xeyli nailiyyətlərin əldə edildiyini söyləyən nazir Eldar Mahmudov, məzunların xidmətə başladıqları sahələrdə əzmlə çalışmalarının Ümummilli Liderin peşəkarlıq və vətənpərvərlik məktəbinə, milli maraqların qorunması amallarına sədaqət göstəricisi olduğunu bildirib. Məzunların bu xüsusi təyinatlı ali təhsil müəssisəsində aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri gənc zabit kimi vəzifə borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacağı vurğulanıb.
Qeyd edilib ki, təhlükəsizlik orqanı əməkdaşının öz xüsusi tədris ocağında təhsil alması çox önəmlidir. Məhz buna görə də Ümummilli Liderin təşəbbüsü ilə belə bir Akademiya yaradılıb və burada gənc zabitlərə xüsusi xidmətin bənzərsiz ustadı olan Heydər Əliyev məktəbinin dərslərini almaq şərəfi nəsib olub. Bu xüsusi təyinatlı ali təhsil ocağı Ulu Öndərin adını iftixarla daşıyır, onun vətənpərvərlik və peşəkarlıq irsinə daim sadiqdir.
Ölkənin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şəxsin dərin biliyi, məsuliyyəti və vətənpərvərliyi ilə seçilməli olduğunu qeyd edən general-polkovnik Eldar Mahmudov, bütün bunların öz növbəsində hər bir zabitdən əzmkarlıq və qətiyyət tələb etdiyini, eyni zamanda, bu sahədə Akademiyanın rəhbərliyinin və kollektivinin üzərinə də mühüm vəzifələr düşdüyünü bildirib. Diqqətə çatdırılıb ki, MTN-in Heydər Əliyev adına Akademiyası hazırda təlim-tədrisin və xidmət şəraitinin təşkili baxımından müasir tələblərə tam cavab verir. Gələcək əməkdaşların yüksək peşə, fiziki, mənəvi-psixoloji hazırlığı üçün burada hər cür imkanlar vardır. İntellektual vəsait imkanlarının və maddi-texniki bazanın daim gücləndirilməsi, eləcə də digər kompleks tədbirlər yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Xüsusilə son 10 ildə görülən ardıcıl tədbirlər nəticəsində Akademiya böyük inkişaf yolu keçib.
Nazir Eldar Mahmudov deyib ki, əldə olunan nəticələrdə Prezident İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə, o cümlədən onun xüsusi təyinatlı Akademiyasına göstərdiyi qayğı və diqqət böyük rol oynayır və bütün şəxsi heyəti ruhlandırır. Ümumiyyətlə, ölkə gənclərinin daim dövlətçilik prinsipləri üzrə tərbiyəsi və onların sabitlik, inkişaf və yeniləşmə siyasətində fəal iştirakı Azərbaycanın gələcəyinə böyük inam yaradır. Dövlətimiz hər zaman gənclərin problemləri ilə məşğul olur, onların hərtərəfli inkişafına diqqət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış müxtəlif Dövlət Proqramları sayəsində gənclər siyasəti uğurla həyata keçirilir. Vətənpərvərlik və dövlətçilik ideallarına sədaqət, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət isə həmişə ön sırada dayanır. Nazir Eldar Mahmudov qeyd edib ki, azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları hər zaman ölkəmizin uğurlarının stimulu və rəhnidir. Bu mənada milli təhlükəsizlik orqanlarının əsas vəzifə borcu ölkə rəhbərliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ardıcıl siyasətinə əlverişli şərait yaratmaqdır. Bu, hər bir əməkdaşın əsas vəzifəsidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, indi Ermənistan adlanan dövlət Azərbaycanın tarixi torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Biz mütləq o torpaqlara qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir”.
Bu gün Azərbaycan təhlükəsiz və sabit dövlət imicinə malikdir. Bunu rəqiblərimiz də etiraf edirlər. Ötən dövr ümumən ölkə, həmçinin Milli Təhlükəsizlik Nazirliyi üçün uğurlu olub. Dünyada və regionun bir çox yerlərində qaynar nöqtələrin və böhranların olmasına baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurlar qazanır. “Biz qürur duyuruq ki, bu inkişafda Milli Təhlükəsizlik Nazirliyinin də öz rolu və yeri var. Səmərəli fəaliyyətimizin ən başlıca məqsədi isə Azərbaycanın sabit, daim tərəqqi edən təhlükəsiz dövlət imicinin qorunub saxlanması və bugünkü dinamik inkişafa töhfə verməkdir”-deyə nazir vurğulayıb.
Qeyd olunub ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi effektiv tədbirlər nəticəsində kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə ardıcıl uğurlar əldə edilir. Əlbəttə, təhdidlərin artması milli təhlükəsizliyə cavabdeh orqanlardan yüksək peşəkarlıq, bilik, çeviklik və səriştə tələb edir. Gənc əməkdaşlar vəzifə borcuna ilk gündən məsuliyyətlə yanaşmalı, biliklərini, dünyagörüşlərini daim artırmalı, yeni texnologiyaları mənimsəməlidirlər. Eyni zamanda, onlar hər cür yad ideologiyalardan uzaq durmalı, milli maraqların qorunmasında başqalarına nümunə olmalıdırlar. Akademiyada təhsil alan və Milli Təhlükəsizlik Nazirliyində yeni işə qəbul edilmiş gənclər məhz bu ruhda yetişir. Milli təhlükəsizlik orqanlarına işə qəbulda vətənpərvərlik, dövlətçiliyə və müstəqilliyə sədaqət, intellektual səviyyə əsas şərtdir. Kadrların təkmilləşdirilməsində müasir texnologiyaları, xarici dilləri öyrənmək və digər bu kimi tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Nazir Eldar Mahmudov bir neçə gündən sonra dünya idman tarixində birinci dəfə Azərbaycanda təşkil olunacaq ilk Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirin hərtərəfli və yüksək səviyyədə keçirilməsi üçün geniş hazırlıq işlərinin görüldüyünü, o cümlədən təhlükəsizlik üzrə bütün aidiyyəti orqanların qarşısında mühüm vəzifələrin qoyulduğunu bildirib. Azərbaycanda beynəlxalq səviyyəli bu cür idman tədbirinin uğurla keçirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər olunmalı, ilk Avropa Oyunlarının sülh, dostluq və əməkdaşlıq bayramına çevrilməsi üçün bütün səylər birləşdirilməlidir.
Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyinə əminliyini bildirib və xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısından, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından bəhs edib. General-leytenant Ziya Yusifzadə sıralarında Heydər Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim yüksək nailiyyətlər qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini diqqətə çatdırıb. O, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin bu sözlərini xatırladıb: “Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları hərtərəfli əməliyyat biliklərinə malik olmaqla yanaşı, vətənimizin daxili və xarici siyasətini, beynəlxalq aləmdə cərəyan edən prosesləri daim izləməli, xalqımıza, dövlətimizə hədsiz sədaqətli olmalıdır. Sədaqət, sayıqlıq, vətənpərvərlik sizin fəaliyyətinizin əsas devizi olmalıdır”. Ziya Yusifzadə əminliklə vurğulayıb ki, milli təhlükəsizlik orqanları əməkdaşları haqda atalıq qayğıkeşliyi ilə deyilmiş bu qiymətli kəlamları bugünkü məzunlar özlərinin gələcək fəaliyyətlərində Akademiyada aldıqları biliklərə əsaslanaraq daim rəhbər tutacaq və qarşılarında qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gələcəklər.
Akademiyanın məzunları leytenant Kamal Qəmbərli və leytenant Aslan Həmidov çıxış edərək ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirməkdən qürur duyduqlarını deyiblər. Gənc zabitlər Akademiyanın kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq edib, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər.
Sonra milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov və general-leytenant Ziya Yusifzadə Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim ediblər.
Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.
Tədbir Akademiyadakı “Şöhrət” muzeyində davam etdirilib. Muzeyin mərasim salonunda nazir Eldar Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə xatirə hədiyyələri verib. Ulu öndər Heydər Əliyevin büstünün və muzeyin önündəki abidəsi qarşısında xatirə şəkilləri çəkdirilib.
Təntənəli mərasimin sonunda milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov məzunların valideynləri ilə görüşüb.