9 İyun 2015 13:11
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ilə birgə əməkdaşlıq çərçivəsində elan etdiyi “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosunun təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un verdiyi məlumata görə, ADTGT-nin sədri Asif Əsgərli qeyd edib ki, müsabiqə elan olunandan sonrakı müddətdə Azərbaycandan, eləcə də İspaniya, Ukrayna, Gürcüstan, Moldova, Serbiya, Bosniya, Hersoqovina və Türkiyədən yaradıcı şəxslər və QHT-lər tərəfindən müsabiqəyə 37 kreativ konseptli loqo variantları təqdim edilib: “Bütün loqo versiyaları Rəssamlar İttifaqı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, ADTGT və müstəqil dizayn-rəssamlıq studiyalarının nümayəndələrinin daxil olduğu ekspert komissiyası tərəfindən qiymətləndirilib. Loqo tarixi Azərbaycan şəhəri, Qarabağ xanlığının mərkəzi olmuş qədim Şuşa şəhərinin müxtəlif kaloritli mədəniyyətini, zəngin mədəni irsini, təkrarolunmaz təbiətini dünyaya nümunə olacaq, geniş ictimai maraq kəsb edəcək şəkildə tanıtmalı və təbliğ etməli idi. Ekspert komissiyası tərəfindən orijinallığı və loqo konsepti yüksək qiymətləndirilən Gürcüstanın EDA QHT-nin rəhbəri Zurab Gventsadze tərəfindən təqdim olunan loqo qalib seçilib və bu variantın “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosu kimi müəyyən edilməsi qərara alınıb. Digər 2 loqo müəllifi xüsusi diploma layiq görülüb. Qalib loqo müəllifinə 2 min manat mükafat veriləcək”.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan milli mədəniyyəti sistemində Şuşanın özünəməxsus yeri var. Onun sözlərinə görə, Şuşanın dağıdılması təkcə hər bir azrəbaycanlını deyil, hər bir bəşər övladını narahat etməlidir: “Bu təqdimatın Avropa Oyunları çərəfəsində keçirilməsi təsadüfi deyil. Oyunlar ərəfəsində ölkəmizə xeyli sayda əcnəbilər gələcək. Xeylu sayda jurnalistlər gələcək və çox istərdim ki, yerli jurnalistlər onlarla ünsiyyət quraraq öz haqq səsimizin dünyaya çatdırılmasında əlindən gələni etsin”.

Loqonun qalibi Z.Gventsadze qeyd edib ki, loqoda musuqi açarı şəkli əks edilib: “Dostlarım demişdir ki, Şuşa musiqi beşiyidir. Həmçinin loqoda xarıbülbül, məscidin minarələri, o cümlədən sağ tərəfdə Şuşa qalası təsvir edilib”.

Millət vəkili Rövşən Rzayev bildirib ki, təqdim edilən loqoda böyük bir məna var. Onun sözlərinə görə, Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatlarla yaxından işləməliyik: “Əminəm ki, tezliklə aparılan uğurlu xarici siyasət nəticəsində tezliklə işğal edilmiş ərazilərə qayıdacağıq. Azərbaycanın uğurlarını bu ərazilərə də gətirəcəyik. Bu yolda hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidir”.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov qeyd edib ki, “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası başladığı gündən onlar bu kampaniyaya dəstək verir. Onun sözlərinə görə, loqoda qeyd edildiyi kimi növbəti ildə Şuşada görüşməyə çox az vaxt qalıb:

“Həqiqətlərin dünyaya çatdırılması ermənilərin çirkin niyyətlərini alt-üst edib. Onu da deyim ki, erməni diasporu da artıq öz gücsüzlüyünü hiss etməyə başlayıb. Təbii ki, bütün bunlar Azərbaycanın uğurudur və nəticə etibarı ilə tezliklə bütün işğal olunmuş ərazilərə qayıdacağıq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər