İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçlə görüşüb.
Görüşdən əvvəl Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, Serbiya Prezidenti Tomislav Nikoliçin, xanımı Draqiça Nikoliçin iştirakı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten” ordeni təqdim olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Sreten” ordeni ilə təltif edilməsi haqqında Serbiya Respublikası Prezidentinin Fərmanı oxundu.
Serbiya Prezidenti Tomislav Nikoliç “Sreten” ordenini Mehriban Əliyevaya təqdim etdi.
Birinci xanım Mehriban Əliyeva dedi: "Çox sağ olun, cənab Prezident. Bu, mənim üçün böyük şərəfdir. Bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm".
Prezident Tomislav Nikoliç dedi: "Bilirsiniz, Serbiyada belə bir deyim var: Siz öz ailənizi seçə bilməzsiniz, lakin dostlarınızı seçə bilərsiniz. Bizi seçdiyinizə görə çox sağ olun".
Mehriban Əliyeva: "Təşəkkür edirəm, mən bu mükafatı təkcə səylərimizin qiymətləndirilməsi kimi yox, həmçinin Serbiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq və hörmət rəmzi kimi dəyərləndirirəm. Çox sağ olun, Fond Sizin gözəl ölkənizdə öz fəaliyyətini davam etdirəcək".
Tomislav Nikoliç: "Təşəkkür edirəm".
Mehriban Əliyeva: "Mən Sizin komandanıza Avropa Oyunlarında uğurlar arzu edirəm".
Prezident İlham Əliyev: "Mən də sizi dost ölkənin ən yüksək mükafatına layiq görülməyiniz münasibətilə təbrik edirəm".
Mehriban Əliyeva: "Təşəkkür edirəm, bu, mənim üçün böyük şərəfdir".
X X X
Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya Prezidenti Tomislav Nikoliçin görüşündə ölkələrimiz arasındakı əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulandı, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirildi.
Söhbət zamanı Azərbaycan ilə Serbiya arasındakı əlaqələrin daha da genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparıldı. Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.