9 İyul 2015 21:17
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı britaniyalı parlamentarlar tərəfindən ədalətin təntənəsi kimi dəyərləndirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən xəbərə görə, Böyük Britaniya parlamentinin üzvü Stefen Hepbörn bəyan edib ki, Ermənistan hökuməti bu qərarın yaratdığı imkandan faydalanmalı və Azərbaycan ərazilərinin işğalında oynadığı rolu qəbul etməlidir: “Onlar həmçinin, artıq 20 il davam edən durğunluq vəziyyətindən sonra diplomatik irəliləyişə nail olmaq üçün ciddi danışıqlara başlamalıdırlar”.
Baronessa Zahidə Mənsur isə bildirib ki, AİHM-in bu qərarı münaqişənin Dağlıq Qarabağın yerli əhalisi olan ermənilər tərəfindən aparılması barədəki mifi darmadağın edib: “Bu, Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən işğalıdır. Sülh əsasında həll yolunun tapılması üçün danışıqlara dürüst yanaşmaq və nəhayət ki, müəyyən irəliləyiş əldə etmək vacibdir”.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Konvensiyasının üç xüsusi maddəsinin pozuntusunun qəbul edilməsindən əlavə, məhkəmə həmçinin Ermənistanın Dağlıq Qarabağa və 7 ətraf rayonun ərazisinə tam nəzarətinin olmadığını iddia edən Ermənistan hökumətinin etirazını rədd edib. Məhkəmə qərar verib ki, bu münaqişə hazırda hakimiyyətdə olan rejimin üzvləri tərəfindən başlandığından və həyata keçirildiyindən Ermənistan bu münaqişəyə cavabdehdir.

Səxavət


Müəllif: