Daxili işlər naziri Ramil Usubov Qubada vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 11-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri ilə görüşən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Polis fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 240-a yaxın gənc də qəbulda iştirak edib.
Onların arasından xidmətə daha hazırlıqlı olan 46 namizəd seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.