“Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, - Azərbaycan ictimaiyyəti də bilir, - bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır”. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqi zamanı deyib.
Prezident bildirib ki, ilk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub: “Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.
İlham Əliyev qeyd edib ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu: “Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Ancaq görün və Azərbaycan xalqı bir daha görsün ki, nə qədər bunlar şərəfsiz hərəkətlər edirlər. Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamenti anti-Azərbaycan qətnaməsini müzakirəyə çıxarıb və çalışıb ki, bu qətnamə qəbul edilsin. Baxmayaraq ki, Avropa Parlamentinin sədri Şults, onun müavini Lunaçek və onların əlaltıları qatı anti-Azərbaycan mövqeyindədirlər və Azərbaycanı düşmən seçiblər, ancaq bu qətnamə keçmədi, 136 deputat lehinə, 136 deputat əleyhinə səs verdi. Əslində bu, Şultsun, Lunaçekin və onlar kimilərinin siyasi iflası idi. Əgər bunlarda bir balaca vicdan varsa, ondan sonra istefa verməli idilər. Gördülər ki, bu, keçmir, bəs nə etməli? Almaniya Bundestaqı Oyunların açılışı günündə - iyunun 12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu anti-Azərbaycan və yalan üzərində qurulubdur”.
Dövlət başçısı daha sonra deyib: “Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik. Ancaq mən nəyi demək istəyirəm, bax, budur yanaşma. Nəyə görə? Çünki boğulur, partlayır, barışa bilmir ki, Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi - Azərbaycan bu gün Avropa Oyunlarını hansı səviyyədə keçirir. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Onlardan fərqli olaraq buraya gələn qonaqlar, Avropanın dəyərli nümayəndələri, adi insanlar, idmançılar Azərbaycana heyran qaldılar, valeh oldular, sevdilər, getmək istəmirdilər. Mənə deyirlər ki, bəzi idmançılar yarışları başa çatandan sonra getmək istəmirdilər, axıra qədər qalmaq istəyirdilər. Bax, budur Azərbaycan və budur normal Avropa vətəndaşları. Biz qabağa getmək istədik, gördük ki, bizi qəbul etmirlər, müsəlman olduğumuza görə, onlara baş əymədiyimiz üçün, başqa səbəblərə görə. Ona görə biz dayanmışıq. İstəyərlər onlar bizə tərəf gələrlər. Bundestaqdan sonra, Oyunlar zamanı Avropa Şurası Parlament Assambleyası anti-Azərbaycan qətnaməsi qəbul edir. Yəni, bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz, Azərbaycanla?! Biz düşmənçilik edə bilərik, kim bundan zərər çəkər onu onlar yaxşı düşünsünlər.
Bir sözlə, bax, budur bugünkü vəziyyət. Bununla bərabər Avropa ölkələri ilə ikitərəfli formatda bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında mən əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə, heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.