14 Avqust 2015 11:45
2 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Rasim Əliyevin ölümündən sonra istirahət günlərində xəstəxanaların fəaliyyəti gündəmə gəldi. Qeyri-iş günlərində xəstəxana personalının iş başında olmamasının ağırlaşmaya və ölüm hallarının çoxalmasına gətirdiyi bildirilir.

Bütün dünyada istirahət günləri işləmək nəinki həkimlərin, digər peşə sahiblərinin də ürəyincə deyil. Alimlər müəyyən ediblər ki, bu günlər işləməyə məcbur olanlar belə həvəssiz çalışırlar. Bildirilir ki, hətta istirahət günlərində xəstəxanaya düşsəniz ölə bilərsiniz. Məlum olub ki, iş günləri ilə müqayisədə istirahət günlərində xəstəxanalara ürəktutması diaqnozu ilə gətirilən xəstələrdə ölüm səviyyəsi daha yüksək olur.
Dünyanın üç ən məşhur jurnallarından biri "New England" tibb dərgisində dərc olunmuş tədqiqatın nəticələri belə deyir.

Jurnal yazır ki, şənbə-bazar günləri xəstəxanalarda çalışan işçilərin sayı daha az olur. Üstəlik, bu işçilər çox vaxt insan həyatını xilas etmək üçün mürəkkəb və riskli əməliyyatları həyata keçirməyə həvəs göstərmirlər. Araşdırma nəticəsində müəyyən olunub ki, şənbə-bazar günləri qəbul edilən xəstələrin təqribən 1/3-də bir neçə gün ərzində anqioplastika aparılır.

Anqioplastika isə elə bir prosedurdur ki, bu zaman ürəyin daralmış və ya bağlanmış koronar damarlarını açmaq üçün şardan (balondan) istifadə edilir. Bu prosedura xəstələrin 90 faizində koronar arteriyalardan və ürəkdən qan axınını xeyli yaxşılaşdırır. Bu, hətta sonradan aorta-koronar şuntlama əməliyyatı aparmaq ehtiyacını da aradan qaldıra bilər.

Doğrudur, anqioplastika mürəkkəb bir prosedur deyil. Ancaq hər halda, onu mütəxəssislər edir. Həmin həkimlər şənbə-bazar günləri bir qayda olaraq istirahət edir, yəni işdə olmurlar.

Tədqiqatın müəllifləri öz araşdırmalarını kifayət qədər çox xəstə üzərində aparıblar. Onlar Birləşmiş Ştatların şərqindəki Nyu-Cersi ştatının xəstəxanalarına baş çəkib 200 mindən çox pasiyentin xəstəlik tarixçəsini öyrəniblər.

"İş günləri xəstəyə qulluq daha yaxşı olur"

"Xəstələrə qulluq edən insanlar həmişə yaxşı başa düşürlər ki, qulluq heç də həftənin 7 günü və ya günün 24 saatı eyni səviyyədə ola bilməz. İş günləri xəstəyə qulluq daha yaxşı olur. Gecə vaxtı işçilərin sayı azalır, növbədə xəstələrin vəziyyətindən kifayət qədər hali olmayan adamlar qalır. Eyni şeyi şənbə-bazar günləri üçün də söyləmək olar".

Bunu tədqiqatın nəticələrinin dərc olunduğu jurnalın redaktoru Tomas Li deyib. O bildirir ki, ürəktutması hallarında zaman amili həlledici ola bilər: "Çox vaxt xəstənin qeyri-iş günü əməliyyat edilməməsi və əməliyyatın bazar ertəsinə saxlanmasının elə bir ziyanı olmur. Ancaq infarkt elə bir diaqnozdur ki, təxirə salma həyat üşün təhlükə törədə bilər".

Li deyir ki, günün 24 saatı mürəkkəb ürək əməliyyatları aparan həkim heyəti saxlamaq xəstəxanalara çox baha başa gələr. Əlbəttə, bu da səhiyyə xərclərinin artmasına gətirib çıxarar. Üstəlik, lazımi ixtisasa malik mütəxəssis çatışmazlığı da var: "Ürək üzrə mütəxəssislərin hətta şənbə-bazar günləri işləmələri ilə belə problemin köklü həllinə nail olmaq mümkün deyil. Mövzu ətrafında ayrı-ayrı şəxslərin məsuliyyətindən danışmaqdansa, hərtərəfli dəyişikliklər barəsində düşünmək lazımdır".

İşləyənlər paxıllıq edir

İstirahət günlərinin tənbəllik sindromunda daha bir diqqətçəkən məqam psixoloji amillərlə bağlıdır.
Psixoterapevt Şəbnəm Sadıqova deyir ki, təkcə səhiyyə sistemində deyil, əksər iş yerlərində bu sindrom yaşanır: "Hətta bir gün əvvəl dincəlmiş olsa belə, istirahət günlərində işçinin produktivliyinin aşağı düşməsi artıq sübut olunub. Bu, psixoloji faktordur. Psixoloqların gəldiyi qənaət belədir ki, istirahət günləri tənbəlliyin əsas səbələrindən biri də qısqanclıqdır. Yəni həmin gün iş başında olanlar istirahət edənlərə paxıllıq edir, işdə olsalar da, iş görməməklə qisas çıxırlar. Nə qədər üzə vurmamağa çalışsalar da, reallıq belədir".

Müsahibimiz hazırda bu problemin səhiyyə sistemində aktuallığını həkimlərin iş yükünün ağır, istirahətinin isə azlığı ilə əlaqələndirir: "Hazırda əksər həkimlər biri dövlət olmaqla iki və daha çox yerlərdə çalışırlar. Bu isə onların fiziki yorğunluğuna səbəb oluri, işin keyfiyyətinə mənfi təsir edir. Təbii ki, normal yuxusu olmayan həkim normal xidmət göstərə bilməz.

İş yükü hər kəs üçün eynidir. Çox yerdə iş günləri 6 gündür, bir günlük istirahət isə itmiş enerjinin bərpası üçün kifayət etmir. Əksər Avropa ölkələrində 4 iş günlük iş sistemi tətbiq olunub. Hətta cümə günləri işləmək işçilərin öz ixtiyarına buraxılır".

Düz deyil

Jurnalstin ölümü ilə bağlı neçə gündür sosial şəbəkələrdə və cəmiyyətdə dövlət xəstəxanasında xəstəyə olan münasibət müzakirə olunur. İstirahət və bayram günlərində dövlət xəstəxanalarında işin hansı qaydalarla tənzimləndiyini öyrənmək üçün əlaqə saxladığımız səhiyyə ocaqlarından sualımıza cavab verəcək şəxs tapa bilmədik.

Yalnız Əliheydər Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının adının açıqlanmasını istəməyən həkimi müəyyən məlumatlar verdi: "On beş ildən çoxdur bu xəstəxanada növbəli sistemdə çalışıram. Artıq mənim üçün hansı günün iş, hansının istirahət günü olduğu əhəmiyyətli deyil. Mənə görə istirahət günü işdə olmadığım gündür, nə fərqi var, bu, şənbə olsun, ya çərşənbə günü. Ona görə də xəstələrin istirahət günləri xəstəxanalarda baxımsız qalması fikri ilə razı deyiləm.

Həmin günlər lazımi şəxslər, xəstəyə yardım edəcək növbətçi heyət yerində olur. Gecə vaxtı həyatı təhlükədə olan onlarla xəstə gətirilir. Əgər həmin saat onlara yardım olunmasa, gərək bura morqa çevrilə..."

Özəl xəstəxanalardakı vəziyyətlə də maraqlandıq. "Funda" tibb mərkəzinin baş həkimi Sevdiyar Əliyevdən rəhbəri olduğu tibb müəssisəsində istirahət günləri tibbi personalın iş prosesinin necə tənzimlənməsini soruşduq: "Bizdə istirahət və bayram günlərində də adi günlərində olduğu kimi iş gedir, növbəli rejimdə çalışırıq. Çünki bir həkimin hər həftə və ya hər bayram günlərində iş başında olması haqsızlıq olar. Amma işçilərin yerdəyişməsi ümumi iş qaydasına təsir etmir. Bizdə əməliyyatdan çıxmış xəstələr olur ki, onların müalicəsində fasilə qeyri-mümkündür".

Baş həkim deyir ki, günün müəyyən saatlarında - gecə vaxtı, bayram günlərində xəstənin halı pisləşərsə, digər özəl və dövlət xəstəxanalarından həkim dəvət edirlər: "Bununla əsas gücümüzü xəstəni həyata qaytarmağa yönəldirik. Özüm özəl xəstəxanada çalışsam da, bilirəm ki, ixtisaslaşmış dövlət xəstəxanalarında hətta iki-üç növbətçi cərrah, həkim çalışır. Lazım gələndə əlavə həkimlər çağırılır. Ona görə də istirahət günləri xəstəyə baxılmadığını söyləmək düz deyil".

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər