dsdsfdsf
Arif Hacılı: "Süleyman Dəmirəl yardım göstərməkdən imtina etdi"
Pənah Hüseyn: "Turqut Özal bəyanat verdi, Naxçıvan istiqamətində təlimlər başlandı"
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Kəlbəcərin işğalı ilə bağlı ilginc detallar açıqlayıb.
Həmin vaxt AXC hakimiyyətində dövlət müşaviri işləmiş A. Hacılı Facebook səhifəsində yazıb ki, bir gün əvvəl Kəlbəcər istiqamətində uçan vertolyot vurulub: "Vetolyotçular Kəlbəcərə uçaraq dinc əhalini oradan çıxarmaqdan imtina edirdilər. Vəziyyəti prezident Elçibəyə məruzə etdim. Elçibəy mənim yanımda Türkiyə baş naziri Süleyman Dəmirələ telefon açaraq ondan Kəlbəcərdən dinc əhalini çıxarmaq üçün helikopterlər istədi".
A. Hacılı onu da vurğulayıb ki, Süleyman Dəmirəl yardım göstərməkdən imtina edib: "Elçibəy mənə Çeçenistan prezidenti Cövhər Dudayevlə danışmağımı tapşırdı. Mən Elçibəyin yanında Dudayevlə danışdım. O, vertolyotlarının az olduğunu, amma vertolyotçular göndərməyə hazır olduğunu bildirdi. Belə vəziyyətdə Yevlax və ətraf rayonların icra başçılarına aeroporta getmək, onlarla müharibə dövrünün qanunları ilə davranmaq, lazım gəlsə belə vertolyotçuları Kəlbəcərə uçmağa məcbur etmək, vertolyotlarla Kəlbəcərə uçmaq, Kəlbəcər İcra Hakimiyyətindən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyi barədə məruzə etmək göstərişi verdim".
Arif Hacılının Türkiyə baş naziri Süleyman Dəmirəlin Azərbaycana kömək etməkdən imtina etməsi haqda fikri olduqca maraqlı görünür. Qeyd edək ki, bu informasiya 16 il əvvəl də səsləndirilib.
Həmin dövrdə dövlət katibi, sonra isə baş nazir postunu tutan Pənah Hüseyn isə bizimlə söhbəti əsnasında bu informasiyaya malik olmadığını dedi: "Açığını deyim ki, məndə Arif Hacılının dedikləri ilə bağlı informasiya yoxdur. Həm də nəzərə almaq lazımdır ki, həmin vaxt Türkiyədən bura vertolyotların gəlməsi sadə məsələ deyildi. Amma mən bu haqda heç nə bilmirəm. Qeyd edim ki, həmin vaxt mən dövlət katibi postunu tuturdum və prezidentin tapşırığı əsasında cəbhə bölgəsində idim. Eləcə də, Kəlbəcərə baş çəkmişdim. Vəziyyət olduqca ağır idi. Əlbəttə ki, biz Kəlbəcəri qorumalı idik. Əslində isə plana əsasən rus-erməni ordusu Kəlbəcəri almaqla, Gəncə istiqamətində irəliləmək niyyətində idi. Ancaq həmin vaxt bu planın qarşısı müəyyən mənada alındı. Yeri gəlmişkən deyim ki, aprelin 8-də Türkiyə prezidenti Turqut Özalın bəyanatı oldu. Mərhum Özal elan etdi ki, Türk Silahlı Qüvvələri Ermənistanla sərhəddə hərbi təlimlərə başlaya bilər və bu zaman hansısa mərminin Ermənistan ərazisinə düşməsi ehtimalı var. Bu bəyanatın davamı olaraq Türkiyə hərbçiləri Naxçıvan istiqamətində böyük hərbi təlimlərə start verdi. Nəzərə almaq lazımdır ki, o zaman hücum ancaq Kəlbəcər istiqamətində deyildi. Füzuli istiqamətində də hücumlara start verilmişdi. Türkiyənin hərbi-siyasi dəstəyi ilə rus-erməni planının qarşısı müəyyən qədər alındı. O ərəfədə Azərbaycanda türkiyəli hərbi müşavirlər də mövcud idi. Həmin vaxt ABŞ da Azərbaycana diplomatik dəstək verirdi. Üstəlik, İranla da hərbi sursatla bağlı müəyyən razılıq əldə olunmuşdu".
NEMƏT