Azərbaycanın Misirdəki səfirliyi bu gün Misirdə qəzaya uğrayan Rusiya sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdırır.
Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Qeyd edək ki, Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarmadasında qəzaya uğrayıb. Moskva vaxtı ilə saat 06:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.
Son məlumatlara görə, təyyarənin qalıqları Misirin Sinay yarmadasında aşkarlanıb.
Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 224 nəfər olub.