Nardaranda əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə keçirilən əməliyyat tədbirləri ilə əlaqədar olaraq, bu gün səhər saatlarından qəsəbə və qəsəbəətrafı yollar ciddi nəzarətə götürülüb.
Trend-in hadisə yerindən verdiyi məlumata görə, ötən günlərdən fərqli olaraq, bu gün səhər saatlarından etibarən hətta qəsəbə sakinlərinin qəsəbəyə girişinə icazə verilmir. Həmçinin Nardaran sakinlərinin qəsəbəni tərk etmələrinə qadağa qoyulub.
Qəsəbəətrafı yollarda isə bütün avtomobillər və sərnişinlərin sənədləri yoxlanılır. Ətraf ərazilərdən Bakı istiqamətinə hər kəs tək-tək yoxlanılmaqla buraxılır.
Nardaranın girəcəyinə ağır zirehli texnika toplanıb, əraziyə Çevik Polis Alayı əməkdaşları nəzarət edir.