17 Dekabr 2015 12:22
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunun artıq bir görk olması və insanların yaddaşına oturması üçün Ali Məhkəmə tərəfindən daha ədalətli addımın atılması olduqca vacibdir.

Bunu Axar.az-a həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı millət vəkili Fazil Mustafa bildirib.

Bakı Apleyasiya Məhkəməsi tərəfindən anestezioloq Firuz İbrahimov barəsində çıxarılan həbs qərarının Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmasının vacibliyinə diqqət çəkən deputat baş vermiş bu hadisənin hazırda Azərbaycanda bir örnək olaraq götürüldüyünü qeyd edib:

“Sırf həkim səhlənkarlığı ucbatından vəfat edən gənc bir ananın təzədən dünyaya qayıtmaq imkanı yoxdur. Bu baxımdan heç bir qərar o acını əvəz edə bilməz. Ancaq məsuliyyətsizliyin cəzasız qalmadığını cəmiyyətə, xüsusilə səhiyyə sistemində çalışanlara mütləq aşılamaq lazımdır. Çünki bu, gələcəkdə baş verə biləcək faciələrin qarşısının alınmasına yönələn addımdır. Ona görə məhkəmə qurumları sözügedən məsələdə daha çox bu prinsipdən çıxış etməlidirlər. Çünki hər hansı bir şəkildə öz peşəsinin məsuliyyətini anlamayanların gələcəkdə bu sahədə fəaliyyətinin ancaq zərəri ola bilər. Buna görə də ümid edirəm ki, Ali Məhkəmədə cəmiyyət üçün çox önəmli olan bu məsələyə baxışda obyektivlik və ədalət qalib gələcək. Ən azından insanlar biləcəklər ki, həkimlik peşəsinə yanaşmada səhlənkarlıq yolverilməzdir. Həkim xəstəyə öz yaxın adamının taleyini düşünərək baxmalıdır. Başqa cür ola da bilməz. Buna əməl etməyənlərin cəzası isə daha sərt olmalıdır. Bunun artıq bir görk olması və insanların yaddaşında oturması üçün daha obyektiv qərarın verilməsi olduqca vacibdir. Ali Məhkəmənin gözlənilən qərarı bütün cəmiyyətə ünvanlanan qərar olacaq və bunun sosial əhəmiyyəti həddən artıq böyükdür”.

Qeyd edək ki, 2015-ci il avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qatil-həkim Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə təqsirləndirilərək 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda iş baxılması üçün Ali Məhkəmədə, hakim Fərhad Kərimovun icraatındadır.


Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.


Müəllif: