Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.
Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqinin, rifahın, o cümlədən əlverişli inkişafın nümunəsidir. Strateji tərəfdaşlar olduğumuz üçün əminliklə deyə bilərəm ki, əməkdaşlığımızın daha da genişləndirilməsi, o cümlədən Sizin bu yaxınlarda Gürcüstana etdiyiniz səfər xalqlarımızın qarşılıqlı mənafeyi naminə uğurlu nailiyyətlərlə nəticələnəcək.
Bu xoş fürsətdən istifadə edərək, Sizə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı dəstəklədiyiniz üçün bir daha minnətdarlığımı bildirmək istərdim.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə göstərdiyiniz bütün mühüm səylərinizdə böyük uğurlar arzu edirəm".