Azərbaycan Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti iclasında “Azərsu” ASC-də “Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” və “Açıq kommunal infrastruktur Proqramı-II” layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (YBƏA) və Almaniyanın “KfW” Bankından cəlb olunmuş kreditlər və dövlət əsaslı vəsait qoyuluşu üzrə aparılmış auditin nəticələri müzakirə edilib.
Teleqraf.com Palatanın saytına istinadən məlumat verir ki, audit qrupunun rəhbəri Ş.Maksudov nəzarət tədbiri ilə bağlı ümumi məlumatları, həmçinin auditin əhatəsinə daxil olan layihələr və tətbiq edilmiş audit metodları ilə bağlı məlumatları diqqətə çatdırıb. Daha sonra auditor C.Həsənov tərəfindən müəyyən edilmiş nöqsanlar və əldə edilmiş nəticələr barədə məlumat verilib.
İlk olaraq auditor C.Həsənov Cəmiyyətin Nizamnaməsində onun səhmlərinin dövlət mülkiyyətində saxlanıldığı dövrdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin həllinin qanunvericiliyə uyğun olaraq müvafiq qaydada hansı dövlət orqanları tərəfindən həyata keçirilməsinin tənzimlənmədiyini, İdarə heyəti haqqında Əsasnamənin qəbul edilmədiyini diqqətə çatdırıb, kredit vəsaitindən istifadənin gecikməsi nəticəsində kreditin 5,5 il ərzində cəmi 21,2%-nin istifadə olunduğunu, müqavilənin icra müddətinin uzadılması və bəzi xidmətlər üzrə əlavə vəsaitin məbləğinin Azərbaycan hökumətinin payı hesabına maliyyələşdiriləcək müvafiq hissəsinin artmasına şərait yaratdığını bildirib.
Auditor layihələr üzrə investisiya təkliflərinin dəqiq hesablamalarla əsaslandırılmaması və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməməsi səbəbindən müvafiq illər üzrə ilkin olaraq dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsaitin məbləğinin dəfələrlə dəyişdirildiyini, layihələr üzrə tikinti-quraşdırma işlərinin ehtimal olunan dəyəri müəyyən edilərkən Azərbaycan Respublikasının ərazisində mövcud olan qiymətlərdən fərqli qiymətlərin tətbiq edildiyini qeyd edib, layihə-smeta sənədlərinin vaxtında hazırlanmaması və tikinti işləri üzrə layihələrə edilən dəyişikliklərin ayrılan vəsaitlərdən səmərəli istifadə olunması üçün qeyri-münbit şərait yaratdığını vurğulayıb, nəticədə bəzi hallarda podratçılara artıq vəsait ödənildiyini bildirib.
C. Həsənov nəql borusuna müvəqqəti qoşulmalar və razılaşdırılmamış dəyişikliklərin bir sıra hallarda nəql borularının əsaslı səbəb olmadan zədələnməsinə, tikinti işlərinin əhəmiyyətli dərəcədə keyfiyyətinə, Azərbaycan hökuməti ilə kreditorlar arasında bağlanılmış sazişlərdə razılaşdırılmış proqram məqsədlərinə çatılmasına mane yaratdığını, ümumilikdə bütöv sistemlərin funksionallığının risklərlə müşahidə olunmasına və layihələr üzrə əhalinin 24 saatlıq davamlı su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunmasına neqativ təsir etməsinə gətirib çıxardığını, layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılmaması və davam etdirilməsinin, obyektlərin istifadəyə verilməməsinin isə nəzərdə tutulmuş digər son hədəf göstəricilərinə (xidmət göstərilən və ya əhatə olunan əhalinin faizi, çirkab suların emal edilərək Xəzər dənizinə, kanal və ya çaylara axıdılması kimi göstəricilər) nail olunması səviyyəsinin qiymətləndirilməsinə imkan vermədiyini qeyd edib.
Auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq, səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyə uyğun tənzimlənməsi və Cəmiyyətin İdarə heyəti haqqında Əsasnamənin qəbul edilməsi istiqamətində müvafiq tədbirlər görülməsini, dövlət əsaslı vəsait qoyuluşu üzrə büdcə təkliflərinin Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə əməl edilməklə tərtib edilməsini zəruri hesab edib. Eyni zamanda investisiya təkliflərinin dəqiq hesablamalar aparılmaqla təqdim edilməsi və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməsi təmin olunması, ödənişlərinin artmasına, həmçinin sifarişçi ilə razılaşdırılmadan layihə üzrə iş həcminə əlavə və dəyişikliklərin aparılmasına və əlavə vəsait xərcinə yol verilməməsi məqsədilə fəaliyyətin gücləndirilməsi, texniki-iqtisadi əsaslandırma sənədi olan Yekun Hesabatlarda layihə üzrə əhəmiyyətliliyi özündə əks etdirən əsas hədəf göstəricilərinə layihələrin son icra müddətinədək nail olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilib. ASC tərəfindən layihə üzrə nəzərdə tutulan maliyyə resurslarından məhsuldar istifadə olunması, kredit və qrant vəsaitlərinin məqsədyönlü və qənaətlə istifadəsi üzrə aparıla biləcək monitorinq və ya digər müşaiyyətedici tədbirlər həyata keçirilməklə layihələrin icrasına ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi, tikinti işlərinin keyfiyyətnin artırılması və vaxtında başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin də həyata keçirilməsini zəruri hesab olunub.
Sonda nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi müzakirə edilib, qərarla bağlı kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.
İlhamə