Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov geniş məruzə ilə çıxış edib. Bildirib ki, 2015-ci ildə GGİ-də 5 problem üzrə 14 mövzuda 27 elmi tədqiqat işi aparılıb. Ümumən 5 elmi tədqiqat işi başa çatdırılıb. Həmçinin, 11 qrant layihəsinin icrası tamamlanıb, 8 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir.
GGİ ilə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutu arasında müqavilə imzalanıb. Məqsəd Şimali və Cənubi Qafqaz, həmçinin regionun Xəzəryanı ərazilərinin geologiya və geofizikasının fundamental, tətbiqi məsələlərinin öyrənilməsi istiqamətində elmi potensialların cəmləşdirilməsidir.
Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə “Dünya palçıq vulkanları atlası” ilk dəfə İtaliyada nəşr olunub. Atlasda Alp-Himalay dağları və Sakit okeanın əhatə etdiyi tektonik qurşaqlarda yerləşən 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərinliklərində intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil edilib.
Azərbaycan ərazisində radon qazının miqdarı ilə bağlı aparılmış tədqiqatların nəticələri “Avropanın qapalı mühitlərində radonun yayılma xəritəsi”nə daxil edilib. Avropa Komissiyası tərəfindən tərtib olunmuş elektron xəritədə ölkəmizin ərazisi sözügedən qazın yayılma göstəriciləri ilə əks olunur.
İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya Universitetinin alimləri ilə birgə Gədəbəy və Daşkəsən rayonlarında yeraltı suların və qazların izotop-geokimyəvi tərkibi öyrənildiyi də qeyd olunub.
Almaniyanın Bremen Universitetinin “MARUM” adı ilə tanınan Dəniz Ətraf Mühiti üzrə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilə birgə Ələtdə Daşğil palçıq vulkanında müasir elektron elmi-tədqiqat avadanlığı yerləşdirilib. Avadanlıq yerin dərinliyində hərarət və məsaməlilik təzyiqini ölçür.
2015-ci ildə AMEA-nın 70 illiyinə həsr olunmuş “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda gənc alim və tələbələrin VI beynəlxalq elmi konfransı keçirilib. “Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq multidissiplinar forum çərçivəsində Geologiya və Geofizika İnstitutunda aktual mövzular üzrə aparılıb. Elmin təbliği məqsədi ilə müxtəlif universitet, orta məktəb və liseylərdə tədbirlər keçirilib.
İnstitutun kadr siyasətinə toxunan D.Hüseynov qeyd edib ki, GGİ-də 2015-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə 30 doktorant təhsil alıb. Doktoranturaya qəbul işində test üsulu ilə ilk imtahan keçirilib.
Bunlardan əlavə, bu gün elmi müəssisədə 10 bakalavr və 14 magistr çalışır. Onların buraxılış işləri və dissertasiyaları çalışdıqları şöbələrdə aparılan elmi tədqiqatların mövzularına müvafiq müəyyən edilir.
Həmçinin, 2015-ci ildə ilk dəfə olaraq, GGİ-də magistratura təhsili təşkil edilib, “Dəniz və okean dibinin geologiyası” ixtisası üzrə 1 nəfər magistraturaya qəbul olub.
Hesabat ilində institut əməkdaşlarının 90 elmi əsəri dərc edilib. Bundan əlavə, alimlərimiz xarici nəşrlərdə 41 elmi məqalə cap etdiriblər. Onlardan 18-i impakt faktorlu jurnallarda işıq üzü görüb.
SEVİL