Fevralın 15-dən başlayaraq Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində “Sərnişinlərə dair ilkin məlumatlar, sərnişin adlarının qeydiyyatı” mövzusunda seminar keçirilir. Ümumdünya Gömrük Təşkilatının təşkil etdiyi seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları iştirak edirlər.
Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov seminarın təşkilinə görə Ümumdünya Gömrük Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib. Baş İdarənin rəisi seminarda əldə olunacaq bilik və təcrübənin sərnişinlərin əl yüklərinin qısa vaxtda gömrük nəzarətindən keçirilməsində, təhlükəsizliyin təmin olunmasında, eləcə də terrorizmlə mübarizədə, narkotik vasitələrin, silahların və digər qadağan olunmuş malların gömrük sərhədindən keçirilməsinin qarşısının alınmasında mühüm rol oynayacağını vurğulayıb.
Qeyd edək ki, Ümumdünya Gömrük Təşkilatının ekspertləri Sertac Yapıcı və Tejo Arum Kusumanın apardığı seminarda “Sərnişinlərə göstərilən xidmət prosedurlarının asanlaşdırılması və sərnişinlərin yoxlanılması”, “Sərnişinə dair əvvəlcədən verilən məlumatla bağlı beynəlxalq təcrübə”, “Sərnişinlərə dair məlumat mübadiləsinin qlobal standartları”, “Sərnişinə dair məlumatın mühafizəsi, təhlükəsizliyi və keyfiyyəti”, “APİ və PNR sistemləri”, “Gömrük kontekstində risklərin idarə edilməsi” və digər mövzularda məlumatlar veriləcək. Seminar fevralın 17-də başa çatacaq.
Naibə QURBANOVA