Azərbaycanda ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə qanunda nəzərdə tutulan hallarda icbari yığımın ödənilməməsinə görə cərimə tətbiq ediləcək.
Milli Məclisdən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Yeni layihəyə əsasən, fiziki və hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş ödənilməmiş icbari yığımın 100 faizi miqdarında cərimə edilir.
Müvəkkil banklar tərəfindən icbari yığımın dövlət büdcəsinə ödənilməsini təmin etmədən müvafiq köçürmə əməliyyatlarının aparılmasına görə də cərimə tətbiq ediləcək. Belə ki, bu halla əlaqədar vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş ödənilməmiş icbari yığımın 100 faizi miqdarında, hüquqi şəxslər isə inzibati xətanın bilavasitə obyekti olmuş ödənilməmiş icbari yığımın 150 faizi miqdarında cərimə edilir.
Layihənin Milli Məclisin martın 4-də keçiriləcək iclasında müzakirə edilməsi nəzərdə tutulur.