8 illik fasilədən sonra Şəhidlər Xiyabanının yaxınlığında yerləşən “Şəhidlər məscidi”nin aprelin 19-da yenidən istifadəyə verilməsi haqda məlumat yaymışdıq.
2008-ci ildən təmir işləri aparıldığı üçün fəaliyyəti dayandırılan məscidin yenidən xidmət göstərməsi xəbəri ictimaiyyət tərəfindən müsbət qarşılandı.
Hətta deputat Fazil Mustafa sosial şəbəkədə məscidin yenidən açılmasını təqdir edən status paylaşdı: “Milli Məclisin iclasları çox zaman cümə günü saat 12.00-da başladığına görə bəzən çıxışlara və səsverməyə görə bəndənizin bir qədər uzaqdakı İlahiyyat və ya Əjdərbəy camilərinə cümə namazına gedib qayıtmağı alınmırdı. İndi şükür ki, işimizlə ibadətimizin tarazlığını qoruya biləcəyik. Bu, Türkiyə rəhbərliyi və vətəndaşları tərəfindən də müsbət qarşılanan və arzulanan bir addımdır və qardaşlığımızın daha da dərinləşməsinə faydalı olacaq”.
Halbuki, öncəki illərdə belə versiya irəli sürülürdü ki, insanların kütləvi şəkildə məscidə axışması Milli Məclisin ətrafında təhlükəsizliyi risk altına qoyur və buna görə deputatlar şikayətlənir.
Artıq uzun müddətdən sonra “Şəhidlər məscidi”nin fəaliyyəti bərpa olundu və insanlar rahatlıqla məsciddə ibadətlə məşğul ola biləcək. Qafqaz Müsəlmanları İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti “Şəhidlər məscidi”nin bundan sonrakı fəaliyyətinə birlikdə nəzarət edəcəklər. Açılışda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsən iştirak edib, onlar təmir-tikinti işləri ilə tanış olublar.
Təmirdən sonra ibadətə açıq olan məscidin yeni görünüşü ilə tanışlıq məqsədilə zöhr namazında ibadət evinə yollandıq. Namaz vaxtı olduğundan məscidə gələnlərin sayı da çox idi. Azı 10 nəfərdən çox adam bizimlə birgə “Şəhidlər məscidi”nə üz tuturdu. Qapıları bağlı olan məscidin mühafizəçisi bizə yaxınlaşdı, dedi ki, hazırda təmir davam edir, son tamamlama işləri 1 həftəyə, uzağı 10 günə başa çatacaq.
Özümüzü təqdim edib imam və ya axundla görüşmək istədiyimizi söylədik. Mühafizəçi hər ikisinin namazda olduğunu və mediaya açıqlama verə bilməyəcəyini bildirdi:
“Mətbuatda məscidin fəaliyyətə başladığı yazılandan sonra insanlar tək-tək məscidə üz tutur. Allahın evidir, nə deyə bilərik, təmir getsə də, icazə verirdik, bütövlükdə bərpa işləri 10 günə yekunlaşacaq. Ondan sonra məscid ictimaiyyətin üzünə açıq olacaq”.
Məscidin yanında olduğumuz müddətdə ümumilikdə 30-dan çox şəxs zöhr namazı üçün məscidə gəlsə də, qapının bağlı olduğunu görüb geri qayıdırdı.
Aprelin 19-da Allahşükür Paşazadə və Hacıbala Abutalıbovun iştirakı ilə açılan məscid hələ ki fərdi ibadət üçün nəzərdə tutulub. Məscid hər gün səhər saat 9.00-dan axşam saat 18.00-dək açıq olacaq. Həyat yoldaşı ilə birgə ibadət üçün məscidə gələn Bakı sakini məscidin açılması xəbərinə görə sevindiyini söyləsə də, məscidin limitli fəaliyyət göstərməsinə etiraz etdi: “Konkret vaxt qoymaq düzgün deyil, bəs sübh namazlarımızı necə qılacağıq?”
Məscidə gələn sakinlərin çoxu bərpa xəbərini sosial şəbəkə və mediadan eşitdiklərini dedilər.
Əldə etdiyimiz məlumatlara görə, strateji məkanda yerləşdiyindən təhlükəsizlik tədbirlərinin önlənməsi üçün “Şəhidlər məscidi”ndə cümə namazları və camaat namazları qılınmayacaq.
Belə versiyalar da səslənir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya planlaşdırılan səfəri zamanı məscidi ziyarət edəcək, bu səbəbdən məsciddə ciddi hazırlıq işləri görülür.
Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak üçün Azərbaycana gələcək Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsciddə ibadətindən sonra “Şəhidlər məscidi” kütləvi ibadət üçün açıq elan ediləcək.
Qafqaz Müsəlmanları İdarəsindən məsələni dəqiqləşdirmək üçün 2 gün ərzində telefonla əlaqə saxlasaq da, zənglərimizə cavab verən tapılmadı.
Qeyd edək ki, Bakı şəhərinin Şəhidlər Xiyabanında yerləşən məscidin bünövrəsi 1993-1996-cı illərdə qoyulub. Bu müqəddəs ocaq Türkiyə Diyanət Vəqfi tərəfindən tikilib. Məscidin lövhəsində bu sözlər yazılıb: “Bu məscid Azərbaycan torpaqlarının müdafiəsində şəhid olub, bu ətrafda yatan qəhrəman əsgərlərin əziz xatirəsini yaşatmaq üçün türk xalqı adından Türkiyə Diyanət Vəqfi tərəfindən tikilib. Şəhidlər məscidi Anadolu türklərinin Azərbaycanlı qardaşlarına bir hədiyyəsidir”.
Məscidin öz hündürlüyü 15, minarəsinin hündürlüyü 30 metrdir. Burada bütün dini mərasimlərin keçirilməsi üçün lazımi şərait var. Məscid Osmanlı memarlıq üslubunda inşa olunub. Baş günbəzində “İxlas” surəsi yazılıb. Məscidin mehrabının üstündə və digər yerlərində yazılar həkk olunub.
Nərgiz
Fotolar: Elçin Murad