Seçicilər 15 min 35 nəfəri səlahiyyətləndirəcəklər
Bu gün Azərbaycanda növbəti - 4-cü bələdiyyə seçkiləri keçirilir. 118 seçki dairəsindən 1607 bələdiyyəyə 15 min 35 üzv seçilməlidir.
Mərkəzi Seçki Komissiyası bildirib ki, bələdiyyə seçkiləri üçün 4 milyon 976 min 302 seçki bülleteni çap edilib. 37 min 100 nəfərdən çox namizədin adı bülletenlərə daxil edilib. Bu, keçən bələdiyyə seçkilərindəki namizədlərdən 7 min nəfər artıqdır. Keçən seçkilərdə orta hesabla hər bələdiyyə üzvlüyünə 2 namizəd düşürdüsə, bu il orta hesabla 2,5 namizəd var. 300 nəfərə qədər namizəd qeydə alınandan sonra namizədlikdən imtina edib. İndiyə qədər 10 minə qədər müşahidəçi qeydə alınıb. Hər məntəqə üzrə 3 müşahidəçinin olacağı gözlənilir. Ümumilikdə, 30 partiyanın nümayəndəsi bələdiyyə üzvlüyünə namizəddir. Ən çox namizədi qeydə alınan partiya isə YAP-dır.
Budəfəki bələdiyyə seçkilərində "ELS" Müstəqil Araşdırmalar Mərkəzi "exit-poll" keçirəcək. Təşkilat bələdiyyə seçkilərində 400 seçki məntəqəsində "exit-poll" keçirəcək və dekabrın 23-də gün ərzində 4 dəfə sorğunun nəticələri açıqlanacaq, ən son nəticə isə saat 20:00-da bəlli olacaq.
Azərbaycanda bələdiyyələrin tarixi
Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra bələdiyyə anlayışı dövlətçilik tarixinə daxil oldu. Azərbaycanda müxtəlif dövrlərdə yerli özünüidarəetmə institutu və ya buna bənzər qurumlar mövcud olsa da, yalnız 1991-ci ildə bələdiyyələr yaratmaq imkanı qazanılıb. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası bu imkanı reallığa çevirib. Belə ki, yerli demokratiyanın həyata keçirilməsinə zəmin yaradan və siyasi-iqtisadi cəhətdən müstəsna əhəmiyyət kəsb edən yerli özünüidarə orqanlarının - bələdiyyələrin yaradılması Konstitusiyada təsbit olunub. Ölkəmizdə yerli özünüidarəetmə sisteminin yaradılmasının əhəmiyyəti və bunun yerli məsələlərin həllinin demokratik prinsip olması ümummilli lider Heydər Əliyevin 12 dekabr 1999-cu il tarixdə bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində öz əksini tapıb: "Bələdiyyə seçkiləri Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir".
İlk bələdiyyə seçkisi
Konstitusiyanın qəbulundan dərhal sonra müvafiq sahə üzrə münasibətləri tənzimləyən qanun layihələrinin Milli Məclisin müvafiq komissiyasında işlənilməsinə başlanılıb, qısa müddət ərzində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında", "Bələdiyyələrin statusu haqqında" qanunlar qəbul edilib. 12 dekabr 1999-cu il tarixində ölkədə keçirilən ilk bələdiyyə seçkilərində 43 min nəfərdən çox vətəndaş bələdiyyə üzvlüyünə namizədliyini irəli sürsə də, onlardan 22 min nəfərdən artığı seçilib və 2667 yerli özünüidarəetmə orqanları təşkil olunub. Müraciət edənlərin təqribən 51 faizi bitərəf, 49 faizi isə siyasi partiyaların üzvləri olub. Seçki günü respublika üzrə seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak edib. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində siyasi partiyalardan YAP birincilik əldə edib.
2004-cü il seçkiləri
2004-cü il dekabrın 17-də Azərbaycanda ikinci bələdiyyə seçkiləri keçirilib. Həmin seçkilərdə 2731 bələdiyəyə 20356 bələdiyyə üzvü seçilib. MSK-nın açıqladığı rəqəmlərə görə, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində 38041 nəfər namizəd iştirak edib. Bundan əlavə, seçici siyahılarındakı 4 milyon 551 min 246 nəfər seçicidən 2 milyon 109 min 267 nəfəri, yəni seçicilərin ümumi sayının 46,34 faizinin səsəvermədə iştirak edib.
2009-cu il seçkiləri
2009-cu il dekabrın 23-də bələdiyyələrə keçirilmiş növbəti - III seçkilərdə mühüm siyasi tədbir kimi böyük önəm daşıyıb. Keçirilmiş seçkilərin nəticəsi olaraq 15591 nəfər bələdiyyə üzvü seçilib. Seçilmiş bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil edib. Həmin dövrün statistik məlumatında bildirilir ki, seçkilərdə qalib gələn şəxslərin 10 min 705-nin namizədliyi siyasi partiyalar, 77-nin namizədliyi təşəbbüs qrupları, 4809 nəfərin namizədliyi isə özləri tərəfindən irəli sürülüb. YAP 2009-cu il seçkilərində 10 min 431 bələdiyyə üzvü yerini qazanıb. Bələdiyyələrdə digər siyasi partiyalardan BQP 132 yer, BAXCP 81, AVP 62, VHP 61, Ümid 41, ADİSP 15, VBP 14, ASRP 5, Müsavat isə 4 yer qazanıb. Seçilmiş bələdiyyə üzvləri sırasında qadınların və gənclərin xüsusi çəkisi əvvəlki seçkilərdən fərqli olaraq xeyli artıb. Belə ki, qadınların sayı 4243 nəfər, gənclərin sayı isə 4000 nəfərdən çox olub.
"300-ə yaxını qeydə alınıb"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) təşkilati işlər üzrə katibi Bünyamin Qəmbərli bildirib ki, partiya üzvlərindən bələdiyyə seçkilərinə namizədliyini irəli sürənlərin sayı çox olub, amma onlardan yalnız 300-ə yaxını qeydə alınıb. Onun sözlərinə görə, BAXCP siyasi təşkilat olaraq seçkilərdə iştirak etmir: "Yəni, namizədlər fərdi şəkildə seçkilərə qatılıb. Partiyadan namizədliyi irəli sürülən yoxdur. Biz demokratik azad seçki gözləyirik. Seçki günü nəticələrlə bağlı məlumatımız olacaq. Obrazlı dillə desək, doğulmamış uşağa don biçmək doğru bir şey deyil. Yəni, bəri başdan seçkinin necə keçiriləcəyini demək ağıllı adamın işi deyil. Biz gözləyirik ki, yaxşı, normal, azad və demokratik seçki olacaq, amma seçkinin nəticələri ilə bağlı məlumatı seçki günü elan edəcəyik".
"Qeydiyyatdan keçənlərin bir neçəsi namizədliyini geri götürdü"
Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurasınını üzvü və mətbuat xidmətinin rəhbəri Ülkər Abdullayeva bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı partiya tərəfindən bütün işlər həyata keçirilib. Onun sözlərinə görə, normal şəkildə namizədlər tərəfindən kampaniyalar aparılıb, seçicilərə bukletlər paylanıb, plakatlar lazımi yerlərdə yapışdırılıb. Namizədlərlə seçicilərin görüşləri keçirilib. Seçkiöncəsi proses normal həyata keçirilib və hər hansı təzyiqlə üzləşməmişik. Ümid edirik ki, dekabrın 23-də keçirilən seçkilər normal keçiriləcək və bizim namizədlər müvafiq səsləri toplayaraq bələdiyyələrə seçiləcəklər.
Partiyanın ümumi mövqeyi hələ ki bundan ibarətdir".
Ü.Abdullayeva bildirib ki, seçkilərdə partiyanın müşahidəçiləri və nümayəndələri yer alacaq. Həmçinin partiyanın seçkinin nəticələri ilə bağlı yekun bəyanatı olacaq: "İlkin mərhələdə 200-ə yaxın namizədimiz var idi. Lakin sonradan sənədlər təqdim olundu, qeydiyyatla bağlı bəzilərinin problemləri oldu.
Haradasa, 120-ə yaxın namizəd qeydiyyatdan keçib. Bunlardan da 111 nəfərə yaxını seçkilərə qatılacaq. Çünki qeydiyyatdan keçənlərin bir neçəsi sonradan namizədliyini geri götürdü".
"YAP-dan sonra 3-cü nəticədir"
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib ki, Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, partiya üzvlərindən 305 nəfər qeydiyyatdan keçib. Onun sözlərinə görə, bu göstərici hakim partiya olan YAP-dan sonra 3-cü nəticədir: "Ümid edirəm ki, namizədlərin hamısı seçicilərin etmadını qazanacaq. Çünki biz əvvəlki illərdən fərqli olaraq bir dairədən müəyyən dərəcədə keçə biləcək mümkün namizədlər vermişik. Hətta elə olub ki, bir namizəd vermişik, maksimalist hərəkət etməmişik. Ona görə ki, bir namizədin keçmə ehtimalı daha çoxdur və qarışıqlıq da yaratmır. Hər kəs bir partiyanın adını görəndə onun bir namizədinə səs verə bilir. Hər halda gözləyirəm ki, ən azı 250-dən artıq namizədimiz müxtəlif dairələrdə seçkiləri qazana bilsin".
F.Mustafa qeyd edib ki, partiya tərəfindən əksər dairələrdən müşahidəçilər də verilib. Onun sözlərinə görə, bütövlükdə bələdiyyələrin səlahiyyətləri məhdud olduğu üçün ictimai fəallıq böyük deyil: "Amma bununla yanaşı, biz partiya olaraq iştirak eləməyi məqbul sayırıq. Çünki partiyanın əsas işi seçkilərdə iştirak eləməkdir. Ümid edirəm ki, hər halda bir nəticə ortaya qoyacağıq".
"Təbliğat kimi istifadə olunur"
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, partiyanın seçkilərlə bağlı açıqlamaları qanunla təbliğat-təşviqat dövründə olur: "Ona görə də deyə bilmərəm. Deyəndə təbliğat kimi istifadə olunur".
BƏXTİYAR