Bu gün erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 97 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırılıb.
Azərbaycanın dini icma liderlərindən dünya ictimaiyyətinə müraciət
Dünən bu faciəli günlə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) tədbir keçirilib. Tədbirin sonunda QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Azərbaycandakı Avropa Yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç ermənilər tərəfindən törədilən 31 mart soyqırımının ildönümü ilə bağlı dünya dini liderlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. Müraciətdə bildirilir ki, 200 ildən artıqdır erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı ardıcıl soyqırımı və təcavüz siyasəti aparılır: “Bu siyasətin əsas məqsədi azərbaycanlıları əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu ”Böyük Ermənistan" dövlətini bu ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin xəritələrində 114 min kv. km olan Azərbaycan torpaqları erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində 86,6 min kv. km-ə qədər azalıb. Qarabağ və ətraf rayonların son işğalından sonra ərazilərimizin 20 faizi zəbt olunub. Azərbaycan torpaqları ikiyə bölünüb. 1905-1918-ci illərdə ermənilər tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib, tarixi mədəniyyət abidələri və məscidlər dağıdılıb. Azərbaycanın Zəngəzur bölgəsi heç bir əsas olmadan Ermənistan kimi süni yaradılmış dövlətə verilib. Dağlıq Qarabağda muxtariyyət yaradılıb. 1948-53-cü illərdə Ermənistan ərazisindəki azərbaycanlılar öz ata-baba yurdlarından zorla kütləvi halda qovulublar. Nəticədə indiki Ermənistan Respublikası yaradılıb. 80-ci illərin sonunda isə Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra yenidən 250 mindən artıq azərbaycanlı Ermənistandakı doğma yurdlarından didərgin salındılar.
Azərbaycanın yenidən 20 faiz ərazisi ermənilər tərəfindən işğal olundu. İşğal olunmuş ərazilərdə vandalizm həyata keçirildi. Görkəmli xadim Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bu faciələr dünya ictimaiyyətinə çatdırıldı. 31 mart soyqırımı Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla rəsmi soyqırımı günü kimi qeyd olunmağa başladı. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı 4 qətnamə qəbul etdi, amma Ermənistan o qətnamələrə hələ də məhəl qoymur. Biz dini ictimaiyyətin nümayəndələri müraciət edərək, sizi erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq"
Elmira Süleymanova: “Mart hadisələri azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirilməlidir”
“BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş ”Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir.
İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir". Bu fikirlər isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar yaydığı bəyanatda öz əksini tapıb.
E.Süleymanova bir daha bəyan edib ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib: “Dünya birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, uzun müddət davam edən bu münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına kömək göstəriləcəyinə əminliyimizi ifadə edirik”.
Mübariz Qurbanlı: “Ermənilər törətdikləri cinayətləri ört-basdır etmək üçün saxta ”soyqırımı" yaratdılar"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin törətdiyi qətllər bir soyqırımıdır. O qeyd edib ki, bu cinayətlər bağışlanmır: “Belə cinayətin müddəti yoxdur. İndi də ermənilər Dağlıq Qarabağda bu cür cinayətlər törədirlər. Bu cinayətkarlar cəzasını mütləq alacaqlar”.
M.Qurbanlı bildirib ki, Bakıda törədilmiş qırğınlar əslində Novruz bayramı ərəfəsində baş vermişdi: “Lakin bilirsiniz ki, köhnə və yeni təqvim arasında 13 gün fərq var. Ona görə də, biz 31 martı soyqırımı günü kimi qeyd edirik. İndiki Şəhidlər Xiyabanında o zaman minlərlə insan dəfn olunub. Xalq bunu yaddaşından silmədi və 1990-cı ildə həmin yerdə 20 yanvar şəhidlərini dəfn etməklə oranı Şəhidlər Xiyabanı adlandırdı”.
Komitə sədri vurğulayıb ki, erməni xisləti daim güclünün tərəfində olmaqdır, onlar kiminsə himayəsinə sığınaraq Roma, Sasani və Osmanlı imperiyalarına arxadan zərbələr vurublar: “Amma törətdikləri cinayətləri ört-basdır etmək üçün saxta ”soyqırımı" yaratdılar və bundan təbliğat vasitəsi kimi istifadə etməyə başladılar. Onlar İran, Türkiyə və Qafqazda böyük qırğınlar törədiblər. Amma ermənilər bu qırğınları törədənləri milli qəhrəman adlandırıb, onlara heykəllər qoyublar".
Dövlət Komitəsinin sədri Rusiyaya ölkədə bəzi tarixdəki hadisələrə görə ermənilərin qəhrəmanlaşdırılması faktları hallarına iradını da bildirib. M.Qurbanlı bu il faşizmə qarşı qələbənin 70 illiyinin qeyd olunmasını xatırladaraq bildirib ki, Rusiyada bu qələbənin əldə olunmasına qanı tökulənlərə qarşı vuruşan, faşizmlə əməkdaşlıq edən, o vaxtkı alman komandirlərin rəhbərliyi altında çalışan bəzi ermənilərin qəhrəmanlaşdırılmasına çalışılır: “Bu, anormal haldır. Çox təəssüflər olsun ki, Rusiyada bu şəxslərin anılması üçün tədbirlər keçirməyə hazırlaşırlar. Amma Rusiyanın tanınmış ziyalıları, tarixçiləri prezident Vladimir Putinə məktubla müraciət ediblər ki, bu il keçirilən 70 illik ərəfəsində həmin ermənilərin anım tədbirlərinin keçirilməsi pis haldır”.
M.Qurbanlı qeyd edib ki, 31 mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumatlar yeni nəslə çatdırılmalıdır. O bildirib ki, ermənilərin bu hərəkətlərinin qarşısı alınmasa, bunlar başqa yerlərdə də təkrarlana bilər.
Necdət Ünüvardan başsağlığı mesajı
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun və Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, Ailə, Əmək və Sosial İşlər Komissiyasının sədri, Adana millət vəkili Necdət Ünüvar məlum hadisə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. N.Ünüvar deyib: “Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart günü ”Azərbaycanlıların soyqırımı günü" olaraq elan edilmişdir. Azərbaycan xalqı tarixində dəfələrlə soyqırımına məruz qalmasına baxmayaraq və bunları göstərən minlərlə sənəd və fotoşəkillər olmasına baxmayaraq bir çox ölkə bu soyqırımlara səssiz qalmışdır. 31 Mart gününü hər Azərbaycanlı və bütün türk dünyası unutmamalıdır. Bu tarix, 1918-ci ildə ermənilərin Azərbaycanda minlərlə qardaşımızın mərhəmətsizcə qətl edildiyi illəri ifadə edən unudulmaması gərəkən bir gündür. Hər il 24 apreldə qondarma soyqırımı iddiasıyla bütün dünyada tərəfdar toplamağa çalışanlar, öz tarixlərindəki azərbaycanlı qardaşlarımıza qarşı törətdikləri sistematik qırğınları gizləməyə çalışırlar. Amma edilənləri özləri görməzlikdən gəlsələr belə, bu qanlı günləri tarix unutmayacaqdır".
Nyu Cersi ştatından Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə
ABŞ-ın Nyu Cersi ştatının Baş Assambleyası da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. Amerika-Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bu qətnamə ilə 1918-ci ildəki faciəvi hadisələrin 31 mart 2015-ci ildə 97-ci ildönümünün qeyd olunacağı tanınır. Qətnaməni ştatın Baş Assambleyasının spikeri Vinsent Priyeto və katibi Dana Byorli imzalayıb.
Məlumatda o da qeyd olunur ki, 2012-ci ildə Nyu York ştatı 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub. Nyu Cersi ştatı müvafiq sənədi 2013-cü ildə qəbul edib. Azərbaycanlıların soyqırımı Texas və Nevada ştatlarında da bir sıra rəsmi sənədlərlə təsdiq edilib.
Fəzail İbrahimli: “Stepan Şaumyan olmasaydı, bu qırğınlar olmayacaqdı”
Milli Məclisin deputatı, tarixçi professor Fəzail İbrahimli deyib ki, mart soyqırımı böyük dövlətlərin Azərbaycana qarşı yürütdükləri siyasətin nəticəsi olaraq meydana çıxıb. Onun sözlərinə görə, məhz bu cür siyasətin nəticəsi olaraq faciəli, gərgin, zədəli bir təqvimimiz yaranıb: “Mart soyqırımı həmin siyasətin tərkib hissələrindən biridir. Bu soyqırımı çar Rusiyasının Birinci Dünya müharibəsində məğlub olduğu, imperiyanın söndüyü, Rusiyada bolşeviklərin hakimiyyətə gəldiyi bir dönəmdə baş verib. Bolşeviklər keçmiş çar Rusiyasının sərhədlərini öz hüdudları daxilində saxlamaq üçün bütün yerlərdə siyasət aparırdılar. Bunlar üçün ən mühüm nöqtə isə Bakı idi. O cümlədən Bakı nefti, Azərbaycanın var-dövləti, Qafqaz regionunda möhkəmlənə bilmək üçün bolşeviklərə hava-su kimi lazım idi. Həmin vaxt Azərbaycanda milli-azadlıq mübarizəsi qalxmış, siyasi fikir cərəyanları tüğyan edirdi. Azərbaycan vəziyyətdən çıxmaq üçün müxtəlif variantlar axtarır və ölkədə bolşevik hakimiyyətini bərpa etmək üçün Stepan Şaumyan Qafqaza hakim təyin olunur. Beləliklə də, necə deyərlər quzunu qurda tapşırırlar. Burada erməninin məhz Azərbaycana hakim təyin olunması iki istəyin birləşməsinə səbəb oldu. Bir tərəfdən artıq ”Daşnaksütyun" Partiyasının “dənizdən dənizə” dövlət yaratmaq, Qafqazı türksüz bir regiona çevirmək, digər tərəfdən isə bolşevik Rusiyasının siyasətinin həyata keçirilməsinə başlandı. Məhz bu siyasətin həyata keçirilməsi prosesi fonunda 1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində dəhşətli qırğınlar törədildi. Bəlkə də Azərbaycana başqa bir millətin nümayəndəsi, məsələn bir rus hakim təyin edilsəydi, bu qırğınlar baş verməzdi".
Səxavət HƏMİD