Dövlət başçısı mühüm görüşlər keçirdi
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gediblər. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ər-Riyadın hərbi aerodromunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Burada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Dövlət başçısı İlham Əliyevi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycanın və Səudiyyə Ərəbistanının dövlət himnləri səslənib. Səudiyyə Ərəbistanının dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səuda təqdim olunub.
Sonra İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Kral Salman bin Əbdüləziz Əl Səudla görüş
Prezident İlham Əliyevin ilk görüşü İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla keçirilib.
Kral Salman bin Əbdüləziz Əl Səud Prezident İlham Əliyevi ölkəsində salamlayıb və bu səfərin uğurla keçəcəyinə əminliyini bildirib.
Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilib. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyinin və bir-birinə qarşılıqlı dəstək verdiyinin qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb.
Krallığın Ticarət Palataları Şurasının sədri ilə müzakirə
Prezident İlham Əliyevin Ər-Riyadda növbəti görüşü Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil ilə keçirilib.
Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Söhbət zamanı neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın və Səudiyyə Ərəbistanının neft-kimya sənayesi şirkətləri arasında görüşlərin keçirilməsi ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılması məsələsi müzakirə olunub.
Səudiyyə şirkətlərinin fəaliyyəti üçün Azərbaycanda əlverişli mühit var
Azərbaycan dövlətinin başçısının daha bir görüşü Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naimi ilə baş tutub.
Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparılıb. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edilib. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulanıb, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparılıb.
Maliyyə naziri ilə görüş
Ər-Riyadda Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri İbrahim Əl Assaf ilə də görüşüb.
Görüşdə iki ölkə arasında siyasi əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə yaxşı imkan yaratdığı bildirilib. Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edilib. Bu istiqamətlərdə fəaliyyətin davamı olaraq sosial sahədə, irriqasiya, kənd təsərrüfatı, kanalizasiya və digər sahələrdə müxtəlif layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.
İlham Əliyev paytaxt Ər-Riyaddan Ciddə şəhərinə gəlib
Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda görüşlərini başa çatdıran Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 6-da Ciddə şəhərinə gəliblər. Ciddə şəhərinin beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı və xanımı Ciddə şəhərində yüksək qonaqpərvərliklə qarşılanıblar.
Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüş
Prezident İlham Əliyev Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşüb.
Görüşdə Azərbaycanla İslam İnkişaf Bankı arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Son on ildə İslam İnkişaf Bankı ilə ölkəmiz arasında səmərəli əməkdaşlığın qurulduğu, uğurlu layihələrin icra olunduğu bildirilib, Azərbaycanda gedən sürətli inkişaf proseslərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyi vurğulanıb. Azərbaycanla İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı ikitərəfli əməkdaşlığa digər tərəfdaşların da cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
“Ən azı üç məsələ bu səfəri aktual edir”
Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərini şərh edən politoloq Mübariz Əhmədoğlu deyib ki, rəsmi Ər-Riyadla Azərbaycan arasındakı münasibətlər ənənəvi yaxşı münasibətlərdir. O qeyd edib ki, Səudiyyə Ərəbistanı məhz Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Ermənistanla diplomatik əlaqələr qurmayıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasibətlər iki dövlətin, iki xalqın dost münasibətləri səviyyəsindədir: “Yəni, Azərbaycan Səudiyyə Ərəbistanının daxili işlərinə qarışmır. Eyni zamanda Səudiyyə Ərəbistanı da Azərbaycanın daxili, dini və digər məsələlərinə dövlət səviyyəsində qarışmayıb.
Politoloq qeyd edib ki, hazırda dünyada çox qəliz proseslər gedir: “Ən azı üç məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərini aktual edir. Birinci, çox böyük ehtimalla Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Məkkəni ziyarət etməsi, ikinci, Səudiyyə Ərəbistanın yeni kralı ilə münasibətlərin yaxşı olması, üçüncü İranla ”altılıq" ölkələri arasında əldə olunan razılıqdan sonra regionda gedən prosesləri müzakirə etmək".
M.Əhmədoğlu bildirib ki, İran Azərbaycanın qonşu dövləti olsa da, təəssüf ki, Dağlıq Qarabağ məsələsində bu illər ərzində Azərbaycana kömək etməyib: “İndi də İranın ”altılıq"la gedən danışıqlarından sonra hiss olunur ki, Ermənistan tərəfində xüsusi canlanma yarada biliblər. Hesab edirəm ki, Yəmən hadisələri, “altılıq”la İran arasında gedən danışıqların nəticələri kimi məsələlər Səudiyyə Ərəbistanı və Azərbaycanla əvvəllər də müzakirə olunub. İndi “altılıq”la İran arasında gedən danışıqlar müəyyən mərhələyə gəlib çatıb. Ona görə də hesab edirəm ki, Səudiyyə Ərəbistanı və Azərbaycanın ümumi məsləhətləşmələrə ehtiyac var. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərini çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bu, vaxtında atılmış addımdır. Eyni zamanda Səudiyyə Ərəbistanında Azərbaycana göstərilən münasibət göstərir ki, iki dövlətin bir-birinə yaxşı münasibətləri qarşılıqlıdır".
Səudiyyə Ərəbistanına yeni kralın rəhbərlik etdiyini diqqətə çatdıran M.Əhmədoğlu deyib ki, bu ölkənin rəhbəri ilə tanışlıq indiki dövr üçün vacib məsələlərdən biridir.
“Səudiyyə Dağlıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanı dəstəkləyir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə yaranan indiki vəziyyətdə Səudiyyə Ərəbistanına səfərində rəsmi Ər-Riyad daha çox maraqlı olub: “Aydındır ki, Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsi fonunda Prezident İlham Əliyevin bu ölkəyə səfəri İranı qıcıqlandıracaq. Bu bizi çox da narahat etməməlidir. Birincisi, Səudiyyə Ərəbistanı İrandan fərqli olaraq Dağlıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Bu bizim üçün daha önəmlidir. İkincisi, görünür, Səudiyyə Ərəbistanı İrana qarşı sanksiyaların yumşalması fonunda Bakı-Tehran münasibətlərinin istiləşəcəyindən ehtiyat edir. Mümkündür ki, Səudiyyə Ərəbistanı bu istiləşmənin qarşısını almaq üçün Azərbaycana müvafiq şərtlər daxilində kreditlər təklif etsin. Üçüncüsü, Azərbaycanın Səudiyyə Ərəbistanı ilə yaxınlaşması ABŞ və Türkiyənin də maraqlarına cavab verir. Bu da rəsmi Bakı üçün az əhəmiyyətli deyil”.
Səxavət HƏMİD