30 May 2015 14:08
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onların ”uğurları" kiçik və müvəqqəti xarakterdə ola bilər. Bütün dünya idmana fərqli münasibət sərgiləyir və sərgiləməkdə də davam edəcək. Avropada Oyunlarla bağlı çoxsaylı təqdimatlar həyata keçirilib. Bu təqdimatlarda iştirak edən insanların sayı göstərir ki, Avropa cəmiyyəti Oyunların Azərbaycanda keçirilməsinə ciddi maraq göstərir. Təsadüfi deyil ki, Avropa ölkələrinin vətəndaşları olan 1200-dən çox könüllü hazırda Bakıda bu idman yarışı ilə əlaqədar fəaliyyət göstərir. Ümumi könüllülər 12 min nəfərdirsə, onun 10 faizi xaricdən gələnlərdir. Bu da, göstərir ki, ölkəmiz nə dərəcədə tolerantdır və bu proseslərə nə dərəcədə ciddi davranış nümayiş etdirir. Hesab edirəm ki, burada mənəvi, iqtisadi, siyasi, humanitar, turizm, təcrübə qazanmaq və digər baxımlardan Azərbaycan xalqının təqdimatı olacaq".

Bunu Teleqraf.com-a müsahibəsində Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib. Müsahibəni təqdim edirik.

- I Avropa Oyunlarının başlamasına 2 həftə vaxt qalır. Sizcə, bu Oyunlar Azərbaycana nə qazandıracaq?
- Avropa Oyunlarının ölkəmizdə təşkili qitənin Azərbaycana etimadının göstəricisidir. Bu o deməkdir ki, ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur, iqtisadi inkişaf gedir. Azərbaycan cəmiyyəti tolerantdır və ölkəmiz belə mühüm tədbiri həyata keçirmək üçün siyasi iradəyə, iqtisadi gücə və zəruri infrastrukturu yaratmağa qadirdir. Eyni zamanda, Azərbaycanın bu yarışlar vasitəsilə təqdim etməli məsələləri var. Bu, nədən ibarətdir? İlk olaraq Azərbaycanın qədim və zəngin mədəniyyəti var. Bu, təqdim ediləcək. İkinci Azərbaycan modern və sivil ölkə olduğunu təqdim edəcək. Üçüncü və ən vacibi odur ki, əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycanın modern, Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq olan ölkə olduğunu təqdim edə biləcək, nümunəvi bir müsəlman ölkəsi olduğunu göstərəcək. Bu, çox mühüm məsələdir. Çünki bir çox hallarda Avropa və Qərb dünyasında belə fikir formalaşıb ki, müsəlman ölkələri bəşəri dəyərlərlə ziddiyyətdədir, bu ölkələrdə ancaq xaos, geridəqalmışlıq var, feodal münasibətlər hökm sürür və s. Bu Oyunların ölkəmizdə keçirilməsi və Azərbaycanın təqdimatı şüurları dəyişəcək, əslində, Azərbaycanın müasir ölkə olduğu, tolerantlığın hökm sürdüyü, həmçinin multikulturalizm mərkəzlərindən biri olduğunu, burada müxtəlif millətlərin sülh içində və azad yaşadığını göstərəcək. Məsələnin turizm tərəfi də var və bu da mühümdür.

- I Avropa Oyunlarının Bakıda keçirilməsinin hansı siyasi əhəmiyyəti olacaq?
- İlk olaraq biz Dağlıq Qarabağ münaqişəsi, işğal edilən ərazilər məsələsini nəzərə almalıyıq. I Avropa Oyunları bu problemlərin canlı olaraq xaricilərə çatdırılması üçün bir imkan olacaq. Çünki Azərbaycana çoxlu sayda avropalı gələcək. Təsəvvür edin ki, altı min idmançı, on minlərlə turist, müxtəlif səviyyəli rəsmi şəxslər gələcək və canlı olaraq bu haqda məlumat əldə edəcəklər. Həm də görəcəklər ki, bu ölkənin 20 faiz ərazisi işğal edilməsinə baxmayaraq, insanlara fərqli münasibətlər var, aqressiya yoxdur. Həmçinin 1 milyondan çox insan işğal nəticəsində qaçqın vəziyyətinə düşüb, ölkənin imkanı olub ki, onları normal şəkildə yerləşdirə bilib. Yəni müharibə nəticəsində əraziləri işğal olunmasına baxmayaraq, başqa millətlərə sevgisi var, burada sivil bir cəmiyyət mövcuddur.

- Azərbaycan həm də tarixi nailiyyətlərini təqdim edə bilər.
- Şübhəsiz ki, I Avropa Oyunları həm də tarixi reallıqları təqdim etmək baxımından gözəl fürsətdir. O mənada ki, Şərqdə ilk demokratik cümhuriyyət məhz Azərbaycanda qurulub, ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verilib, parlamentli respublika qurulub, burada müxtəlif siyasi qüvvələrin təmsilçiliyi olub, çoxpartiyalı sistem yaradılıb. Bunlar vacib məqamlardır. Həm də, müasir Azərbaycanın iqtisadi inkişafını təqdim etmək üçün fürsətimiz yaranacaq. Başqa bir məsələ onunla bağlıdır ki, Azərbaycan artıq qitə miqyaslı tədbirlərə ev sahibliyi edəcək. Əlbəttə, indiyə qədər müxtəlif idman sahələri üzrə ölkəmizdə dünya və Avropa çempionatları keçirilib, beynəlxalq yarışlara ev sahibliyi etmişik. Amma qitə miqyasında və həm də ilk qitə miqyaslı tədbir Bakıda keçiriləcək. Üstəlik nəzərə alın ki, Avropa kimi qədim sivilizasiyaya malik olan qitənin Oyunlarının burada keçirilməsi, əslində, Azərbaycanın tarix yazması və yaratmasıdır. Azərbaycan I Avropa Oyunları ilə bağlı tarix yaratdığını göstərəcək. Biz göstərəcəyik ki, ölkəmiz idmana, insanlarına, vətəndaşlarının həyat və sağlamlığına ciddi əhəmiyyət verir. Ən əsası odur ki, bu yarışlar indiyə qədər Azərbaycanla bağlı formalaşan mif və stereotiplərin dağıdılmasına gətirib çıxaracaq. Bu, həm ölkə, həm də onun ayrı-ayrı insanları haqqında yanlış formalaşdırılan ab-havanı dəyişdirəcək. Sadaladığım məqamlar dövlətçilik baxımından vacib məsələlərdir. Bilirsiniz ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə Azərbaycan həm də yeni standartlar yaradır. Bu standartlar əsasında növbəti Avropa Oyunları təşkil ediləcək. Təsəvvür edin ki, qısa müddətə Azərbaycan yarışların keçirilməsi üçün infrastruktur yaradıb. Təxminən 2,5 il müddətinə böyük işlər aparılıb, altı daimi idman kompleksi tikilib, 5 müvəqqəti kompleks istifadəyə verilib. Bu, qısa müddət ərzində heç bir ölkənin görəcəyi iş deyildi. O məqam da var ki, Bakıda keçiriləcək bu idman yarışları onlarla məşhur televiziya kanalları, radiolar, internet resursları vasitəsilə yayımlanacaq. Başqa sözlə, milyarda yaxın insan bu yarışları bilavasitə izləyəcək. Bu da, Azərbaycanın tanınması istiqamətində vacib məqamdır. Şübhəsiz ki, bütün verilişlərdə məhz Azərbaycanın, Bakının adı hallanacaq. Bütün bu dividendləri nəzərə alsaq, görərik ki, bu yarışlar Azərbaycana lazımdır və bu imkandan maksimum istifadə olunmalıdır.

- Avropa və Qərbdə müəyyən dairələr Oyunların Bakıda keçirilməsindən istifadə edərək anti-Azərbaycan kampaniyası aparır. Bunu necə şərh edirsiniz?
- Bu, gözlənilən idi. Əslində, Azərbaycanda mühüm tədbirlər ərəfəsində, mühüm qərarlar verilən zamanlarda müxtəlif qarayaxmaların, şər-böhtanların şahidi oluruq. Yəni müxtəlif formalarda Azərbaycana yönəlik ədalətsiz yanaşmaları müşahidə edirik. Baxın, 1994-cü ildə Azərbaycan “Əsrin müqaviləsi”ni imzaladı və ölkəmizdə terror hadisəsi baş verdi, Azərbaycanın dövlət xadimləri qətl edildi. Amma buna baxmayaraq, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev qəti siyasi iradə nümayiş etdirərək neft kontraktlarını imzaladı. Beləliklə də, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdi. Son illərin hadisəsinə diqqət edin. TAP və TANAP layihəsi, Cənubi Qafqaz Qaz Kəməri ilə bağlı müqavilənin imzalanması ərəfəsində Avropa Parlamentində 41 deputat qəfildən toplaşdı, bu qrup Azərbaycanda insan hüquqlarının pozulmasına dair qətnamə qəbul etməyə cəhd göstərdi. Əlbəttə, bu, yolverilməz idi və siyasi məqsədə xidmət edirdi. İndi isə böyük Oyunların keçirilməsi ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası davam edir. Sözsüz ki, bunların hamısı məlum mərkəzlərdən qidalanır, onların dirijorluğu ilə həyata keçirilir. Bu, Azərbaycanın uğurlarına sevinməyən, ölkəmizi gözü götürməyən, irəli getməyimizi istəməyən dairələrin fəaliyyətinin nəticəsidir. Həmçinin bu oyunlarda ayrı-ayrı xüsusi xidmət orqanlarının fəaliyyəti var. İnsan hüququ, hüquq müdafiəçiləri adı altında ölkələrə siyasi təzyiq nümayiş etdirmək istəyən qrupların da burada aydın fəaliyyəti görünür.

- Bütün bu anti-Azərbaycan kampaniyası nəticə verə bilərmi?
- Aparılan bu kampaniya məqsədinə çatmayacaq. I Avropa Oyunlarının İdarə Heyəti sədrinin, eləcə də, rəsmi dövlət xadimlərinin, çoxsaylı idman nümayəndələrinin fikirləri göstərir ki, Azərbaycan bu Oyunlara yüksək səviyyədə hazırdır. Eyni zamanda, idman həm də insanlar arasında münasibətlərin yaxınlaşdırılması, sülhün yaradılması baxımından mühüm vasitədir. Məhz yeni əlaqələr, yeni müqavilələr, yeniliklərin ortaya çıxarılması üçün də idman bir vəsilədir. Bundan siyasi və geopolitik, eləcə də, iqtisadi maraqları təmin etmək üçün çalışan qüvvələr heç zaman uğur əldə etməyib. Onların “uğurları” kiçik və müvəqqəti xarakterdə ola bilər. Bütün dünya idmana fərqli münasibət sərgiləyir və sərgiləməkdə də davam edəcək. Avropada Oyunlarla bağlı çoxsaylı təqdimatlar həyata keçirilib. Bu təqdimatlarda iştirak edən insanların sayı göstərir ki, Avropa cəmiyyəti Oyunların Azərbaycanda keçirilməsinə ciddi maraq göstərir. Təsadüfi deyil ki, Avropa ölkələrinin vətəndaşları olan 1200-dən çox könüllü hazırda Bakıda bu idman yarışı ilə əlaqədar fəaliyyət göstərir. Ümumi könüllülər 12 min nəfərdirsə, onun 10 faizi xaricdən gələnlərdir. Bu da, göstərir ki, ölkəmiz nə dərəcədə tolerantdır və bu proseslərə nə dərəcədə ciddi davranış nümayiş etdirir. Hesab edirəm ki, burada mənəvi, iqtisadi, siyasi, humanitar, turizm, təcrübə qazanmaq və digər baxımlardan Azərbaycan xalqının təqdimatı olacaq. Azərbaycan indiyə qədər tolerantlıq, humanitar, dinlərarası forumlar təşkil edib, çoxsaylı beynəlxalq tədbirlər keçirib. Yəni danışmaqla deyil, əməlimizlə hər şeyi göstərəcəyik. Azərbaycan Prezidentinin siyasi iradəsi ilə buna nail olacağıq. Oyunları da uğurla keçirəcəyik, idmançılarımızın da uğuru olacaq. Dünyaya da mesaj verəcəyik ki, ölkəmizdə inkişaf var, modern məmləkətik, burada dinlər və millətlər azad şəkildə yaşayır.

Nemət


Müəllif: