26 İyun 2015 11:11
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Baş Komandan: “Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilmir”

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümüdür. Azərbaycan tarixində Silahlı Qüvvələr günü ilk dəfə olaraq Azərbaycan Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilib. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması barədə Ali Sovetin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Lakin ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülüb və 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qaqfaz regionunda ən güclü orduya çevrilib.

Dünən Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.

“Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır ”

“Qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm. Bayram günü ərəfəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılması əlamətdar hadisədir”.

Bu sözləri Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, son illər Azərbaycanda yaranan ən böyük hərbi obyektlərdən biri olan bu bazanın ölkənin hərbi potensialının güclənməsində mühüm əhəmiyyəti olacaq: “Silahlı Qüvvələrin güclənməsi üçün dövlət əlindən gələni edir. Silahlı Qüvvələrimizin tərkib hissələrindən biri olan Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaq. Ordumuz güclənir, nizam-intizam artır, maddi-texniki təminat yaxşılaşır, dövlət büdcəsindən müdafiə sahəsinə ayrılan xərclər getdikcə artır, hazırda Azərbaycanın hərbi xərcləri 3 milyard dollardan artıqdır və bu da Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur”.

Hərbiçilərə diqqət, hərbi infrastruktur, yeni hərbi bazalar, hərbi hissələr və şəhərciklərin tikintisindən, hərbçilərin məişət problemlərinin yüksək səviyyədə həllindən danışan Prezident İlham Əliyev qısa müddət ərzində böyük işlər görüldüyünü, bundan sonra da bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini vurğulayıb: “Son illər ərzində Azərbaycan öz hərbi potensialını böyük dərəcədə artıra bilib. Azərbaycana ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək. Bununla bərabər, təxminən 10 il əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlanılıb. Bu gün Azərbaycanda 1000-ə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu da ordumuzun təchizatı üçün əvəzedilməzdir. Bu gün Azərbaycan həm də öz hərbi məhsullarını ixrac etməyə başlayıb. Bunun özü də ölkəmizin hərbi potensialının göstəricisidir”.

Prezident qeyd edib ki, bu gün ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır: “Beynəlxalq hüquq normaları kobud şəkildə pozulur, dünya ictimaiyyəti buna laqeyd münasibət bəsləyir, 20 il keçməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Əminəm ki, Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytaracaq. Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilmir, Azərbaycan öz yolu ilə gedir, xalqımız öz taleyinin sahibidir”.

Təmas xəttindəki vəziyyətdən danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu təmas xəttində də tam üstünlük əldə edib: “Müstəqillik bizim ən böyük sərvətimizdir. Bütün uğurlarımızın əsasında məhz bu amil dayanır. Bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir, biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndində qaldırılacaq. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır”.

Zakir Həsənov hərbçiləri təbrik etdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələr günü münasibətilə hərbçiləri təbrik edib.

Təbrikdə deyilir:

“Cənab zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar! Sizi 26 iyun - Silahlı Qüvvələr Günü munasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Azərbaycan Demokratik Respublikası Əlahiddə Azərbaycan Korpusunun varisi olan Silahlı Qüvvələrimiz 97-ci ildönümünü böyük ruh yüksəkliyi, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində apardığı siyasət də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir.

Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, qarşıya qoyulan vəzifələri icra edə bilərik.

Günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirir. Mütəmadi olaraq Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejimi pozulsa da, əsgər və zabitlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən susdurulur, kəşfiyyat-təxribat qruplarının qarşısı vaxtında alınır. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də, hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu sizi sevindirməklə yanaşı, məsuliyyətinizi daha da artırır.

Əmin olduğumu bildirirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, bundan sonra da qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın xilas edilməsinə nail olacaqdır.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".

Azərbaycan ordusuna tarixi baxış

1918-ci il mayın 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. ADR-in ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu. Bu zərurətlə bağlı 1918-ci il may ayının 28-də yaradılan ilk hökumətdə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi. Həmin dövrdə Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olub. Azərbaycan Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Demokratik Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar. Lakin 1920-ci ilin aprelində Azərbaycanın ruslar tərəfindən işğalından sonra milli ordu ləğv edildi.

Müstəqilliyin bərpasından sonra Azərbaycan Ordusu

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etdi. Amma qeyd edilməlidir ki, həmin dövrdə ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. 1992-ci il oktyabrın 9-da Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də, vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu.

Ulu Öndər Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi. Ümumilli lider Heydər Əliyevin 22 may 1998-ci il sərəncamına əsasən, 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər