24 Sentyabr 2015 00:32
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacı Faiz Nağızadə: “Borcu olanların qurban kəsməsi vacib deyilr”

Sentyabrın 24-də ölkədə Qurban bayramı qeyd olunur. Əhalinin qurbanlıq heyvanlara olan tələbatının ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və ətraf qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcəklər. Bu barədə adıçəkilən qurumlardan məlumat verilib. Artıq qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin siyahısı da açıqlanıb.

Paytaxtın əksər rayonlarında olmaqla 23 nöqtədə qurbanlıq heyvanların satış və kəsimi məntəqələri fəaliyyət göstərəcək. Ət kəsimi məntəqələrində təmizliyə və gigiyenik normalara əməl olunmasına nəzarət məqsədilə reydlər keçiriləcək.

Bununla bağlı aidiyyəti qurumlara tapşırıq verildiyini deyən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, reydlər müvafiq bələdiyyə qurumları, icra nümayəndələri, baytarlıq qurumları ilə birgə keçiriləcək: “Reydlər zamanı şəhərin çirklənməsinin qarşısını almaq üçün tədbirlər görüləcək. Nəzərdə tutulmamış yerlərdə kəsilən heyvanlar sağlamlıq üçün təhlükəlidir. Bu məsələ iki problemi ortaya qoyur.

Birincisi, bu heyvanların sağlamlığı ilə bağlıdır. Düzdür, reydlər zamanı xəstəliyi müəyyən etmək üçün laboratoriya olmur, lakin baytar həmin heyvana baxaraq onun xəstə olmasını müəyyən edə bilir. İkinci problem heyvan kəsiləndən sonra onun ətinin, içalatının natəmiz şəraitdə saxlanmasıdır.

Bəzən kəsim yerləri lazımı avadanlıq, axar su ilə təmin edilmir. Çirklənmiş ət qısa zamanda yeyildikdə təhlükə yaratmır. Lakin müəyyən müddət saxlandıqda təhlükələrə yol aça bilər. Ən çox təhlükə mənbəyi içalatı hesab edilir. Digər məqam heyvanın ətini natəmiz dəmirlərdən asılmasıdır ki, bu da çirklənmə yaradır. Vətəndaşlar ət alarkən kəsim yerində lazımı şəraitin olmasına diqqət etməlidir”.

İmran Abdullayev qadağan olunan yerlərdə ət kəsimi ilə bağlı danışarkən deyib ki, bəzən səkilərin üzərində, insanların çox olduğu yerlərdə də kəsim aparılır: “Həmin yerlərdə axar su olmur, durğun sular və ya vedrələrdə gətirilmiş sulardan istifadə edirlər. Bəzən həmin su təkrar-təkrar istifadə edilir. Bu zaman yerli icra, bələdiyyə nümayəndələri, həmçinin polis orqanlarına məlumat verilir. Görülən tədbirlər nəticəsində kəsim aparan şəxsləri ərazidən uzaqlaşdırılır”.

Protokol tərtib olunacaq

Dövlət Baytarlıq Nəzarəti Xidməti də (DBNX) kəsim yerlərində reydlər keçirir. DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib ki, heyvanların sənədlərlə qəbulu, onların saxlanması və kəsimi zamanı baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması istiqamətində nəzarət tədbirləri həyata keçirilir.

O bildirib ki, DBNX-nin mütəxəssisləri Bakı şəhərində və respublikanın digər rayonlarında heyvanların kütləvi halda kəsildikləri ərazilərə təhkim olunublar.

Yolçu Xanvəli qeyd edib ki, neqativ hal olacağı təqdirdə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndini rəhbər tutaraq əvvəlcə xəbərdarlıq ediləcək, sonra isə cərimə tətbiq edilməklə protokol tərtib olunacaq: “İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin 20-25 manat, hüquqi şəxslərin isə 100-150 manat həddində cərimə olunması əksini tapıb”.

AZAL-dan Qurban bayramı endirimi

Bayramla əlaqədar 4 günlük istirahətdən yararlananlar üçün turizm obyektlərində müəyyən güzəştlər və endirimlər olub. “Azərbaycan Hava Yolları” QSC (AZAL) isə aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək. xüsusi tariflər üzrə biletləri 2015-ci il sentyabrın 24-dən oktyabrın 10-dək AZAL-ın kassalarında və aviaşirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkün olacaq.

Sərnişinlər aviabiletləri sərfəli qiymətlə müvafiq istiqamətlər üzrə (uçuş tarixi 2015-ci il oktyabrın 11-dən 31-dək) əldə edə bilərlər. Bakı-London-Bakı “gediş-dönüş” - cəmi 329 avro, London-Bakı-London “gediş-dönüş” - cəmi 269 funt sterlinq, Bakı-Milan-Bakı/Milan-Bakı-Milan “gediş-dönüş” - cəmi 329 avro, Bakı-Roma-Bakı/ Roma-Bakı-Roma “gediş-dönüş” - cəmi 339 avro, Bakı-Berlin-Bakı/Berlin-Bakı-Berlin “gediş-dönüş” - cəmi 319 avro, Bakı-Paris-Bakı/Paris-Bakı-Paris “gediş-dönüş” - cəmi 359 avro, Bakı-Nyu-York-Bakı “gediş-dönüş” - cəmi 499 avro, Nyu-York-Bakı-Nyu-York “gediş-dönüş” - cəmi 559 ABŞ dolları, Bakı-Praqa-Bakı “gediş-dönüş” - cəmi 329 avro, Praqa- Bakı-Praqa “gediş-dönüş” - cəmi 379 ABŞ dolları təşkil edir.

Kimlər qurban kəsə bilməz?

Xatırladaq ki, dünya müsəlmanlarını bir araya gətirən bu mərasimdə qurban kəsib paylamaq ən xeyirxah əməl sayılır. Qurban bayramının ictimai faydaları barədə Təzə Pir məscidinin axundu Hacı Faiz Nağızadədən məlumat aldıq.

Müsahibimiz deyir ki, müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsi olan Qurban bayramında imkanı olan hər bir müsəlmanın qurban kəsməsi təqdir olunur. Kasıbların qurban kəsməsi isə vacib deyil: “Qurbanlıq heyvan qoyun, keçi, inək, öküz, camış və dəvədən ola bilər. Qoyun və keçi bir, inək, öküz və camış iki, dəvə isə beş yaşına çatdıqda qurbanlıq sayılır. Bir qoyun və ya keçini yalnız bir nəfər, dəvə və ya öküzü isə yeddi adam birləşib qurban kəsə bilər. Kor, topal, xəstə, üstündə eybi olan, buynuzu sınıq, quyruğu kəsik, axtalanmış, dişi olmayan, arıq heyvanı qurban kəsmək yasaqdır”.

Qurbanın bölünmə qaydalarına gəlincə, axund deyir ki, ət kəsən şəxs ətin bir hissəsini öz ailəsi üçün saxlamalı, qalan hissəsini qonşulara, qohum-əqrəbaya, yoxsullara paylamalıdır: “Bölgünün əsas şərtlərindən biri də ətin bütün hissələrindən hamıya paylanmasıdır. Bölgü tərəzi ilə deyil, gözə yarı aparılmalıdır, bu zaman ola bilər, kiməsə 100-150 qram artıq-əskik düşsün. Ona görə də paylarını götürən şəriklər bir-birinə halallıq verməlidirlər. Qurbanlıq heyvanlar ya səhər tezdən, ya da bayram günü günəş batmazdan öncə kəsilməlidir. Gecə qurban kəsilməz”.

Axund deyir ki, niyyət qurbanının bayram günlərində kəsilməsi düzgün deyil. Borcu olanların isə qurban kəsməsi vacib sayılmır: “Həmin gün Həccdə olan hacıların qurban kəsməsi vacib, qalanlar üçün isə müstəhəbdir. Qurban bayramı günündə Həccdə olan insanların adambaşına bir qurban kəsməsi vacibdir. Amma burada qalanlar üçün qurban kəsmək müstəhəb sayılır”.

Toyuq, xoruz və digər əti yeyilən quşların da qurban kimi kəsilməsi düzgün deyil.

Müsahibimiz onu da vurğuladı ki, bayram gününün mahiyyətində insanların bir-birilərini ziyarət etməsi, xəstəxanada olanları, kasıbları yad etmək də var: “Qurban kəsməyin əsas məqsədi kasıblara, imkansızlara yardım etməkdən ibarətdir. Bəzən elə olur, kasıblar məhz bu günü gözləyirlər ki, onlara ət gələcək, onlar da bayram edəcəklər”.

Azərbaycanda Qurban bayramı sentyabrın 24-25-də qeyd olunacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər