12 Fevral 2016 12:41
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov cari məsələlərə vaxt ayırmadan gündəlikdə duran məsələlərin müzakirəsinə başlamağı təklif edib.

Bundan sonra Milli Məclis bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini müzakirə edib.

Bu haqda deputatlara Ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib. O, məruzəsində qeyd edib ki, dünyada artan qlobal böhrana baxmayaraq, 2015-ci ildə ölkədə iqtisadi inkişaf müşahidə edilib, regionda nəhəng layihələr həyata keçirilib: "Yerli özünüidarə orqanları fəaliyyətini davam etdirib və bir sıra bələdiyyələr birləşdirilib. Bu barədə Nazirlər Kabinetinə məlumat verilib. Hazırda ölkə üzrə bələdiyyələrin sayı 1607-dir. Ədliyyə Nazirliyi ölkə başçısının tapşırığına əsasən, bələdiyyələrə inzibati nəzarəti gücləndirib. Korrupsiya və digər istiqamətlərdə addımlar atıb, inzibati nəzarət qanunvericiliyə uyğun həyata keçirib. Bələdiyyələrin qanunsuz torpaq satışının qarşısını alınması, bələdiyyə kadrlarının ixtisasının artırılması, metodik vəsaitlərin hazırlanması kimi işlər həyata keçirilib. 330 bələdiyyə sədri inzibati şəkildə məhkəməyə cəlb edilib. Eləcə də bir sıra aktlar hazırda məhkəmə baxışındadır. Torpaq sahələrinin qanunsuz satılması, yerli büdcənin düzgün tərtib edilməməsi, müqavilələrin birtərəfli pozulması kimi hallar diqqətlə araşdırılıb, vətəndaşların müraciəti diqqətə alınıb. İl ərzində bələdiyyələrlə bağlı tövsiyələr verilib”.

Hesabata əsasən, Balakən rayonu, Balakən bələdiyyəsində bələdiyyə büdcəsinə ödənilən maliyyə vəsaitinin maliyyə hesabatlarında göstərilməməsi, bələdiyyə mülkiyyətinə aid olmayan torpaq sahələrinin satılması, vətəndaşlardan torpaq satışına görə ödənilməli olan pul vəsaitlərinin bələdiyyə büdcəsinə mədaxil edilməməsi faktlarına görə Cinayət Məcəlləsinin dələduzluq və vəzifə səlahiyyətlərini aşma (178.3.2 və 309.1) maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanıb və məhkəmənin hökmü ilə bələdiyyə sədri məhkum edilib.

2015-ci ildə Neftçala rayonu Xol Qarabucaq bələdiyyə sədrinin bələdiyyə əmlakını mənimsəmə yolu ilə talan edilməsi və bələdiyyənin rəsmi sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edilməsi faktları üzrə Cinayət Məcəlləsinin mənimsəmə və vəzifə saxtakarlığı (179.2.2 və 313) maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanaraq məhkəmənin hökmü ilə bələdiyyə sədri məhkum edilib.

Hesabatda bildirilib ki, Şəmkir rayonu Təzəkənd bələdiyyəsində külli miqdarda maliyyə vəsaitinin bələdiyyə iclasının qərarı olmadan xərclənməsi, maliyyə vəsaitinin sənədləşmə aparılmadan silinməsi, bundan başqa, bələdiyyə mülkiyyətində olan 2,59 ha torpaq sahəsinin 38 nəfər vətəndaşa iclas qərarı olmadan təkbaşına ayrılması nəticəsində bələdiyyə mülkiyyətindən qanunsuz çıxarılması, həmçinin, sonuncu torpaq hərracındakı satış qiymətindən aşağı satılmaqla bələdiyyə büdcəsinə mühüm ziyan vurulması faktları üzrə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddəsi ilə başlanan cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.

Sənəddə qeyd olunub ki, ötən il Ağdaş rayonu keçmiş Binələr bələdiyyə sədrinin qanunsuz fəaliyyəti nəticəsində bələdiyyə büdcəsinə mühüm ziyan vurulması, maliyyə vəsaitinin qanunsuz silinməsi, həmçinin hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq torpaq sahəsinin icarəyə verilməsi faktları üzrə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.2.4) maddəsi ilə cinayət işi başlanıb. Bundan başqa, 2015-ci ildə Zərdab rayonu Çallı bələdiyyəsinin keçmiş sədrinin qanunsuz olaraq kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə satılması, maliyyə-təsərrüfat və mühasibat uçotu sənədlərinin məhv edilməsi faktları üzrə Cinayət Məcəllləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddəsi ilə cinayət işi başlanıb. Sabunçu bələdiyyəsinin vergi müfəttişinin vətəndaşlardan işə düzəltmə adı ilə pul alması faktına dair Ədliyyə Nazirliyinə daxil olan vətəndaş müraciəti ətraflı araşdırılıb, korrupsiya hüquqpozmaları müəyyən edilərək material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Həmin fakt üzrə Cinayət Məcəlləsinin dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (178.2.3, 178.2.4 və 312-1.1) maddələri ilə cinayət işi başlanıb. Hesabatda bildirilib ki, prokurorluq orqanları tərəfindən aparılan hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb.

Milli Məclisin regional komitəsinin sədri Arif Rəhimzadə deyib ki, ədliyyə nazirinin müavinin məruzəsindən göründüyü kimi bələdiyyələrə inzibati nəzarət göstərən orqan 2015-ci ildə xeyli iş görüb: “Nazirlik bələdiyyələrin tərtib etdiyi aktların ekspertizasını keçirib. Metodik vəsaitlər hazırlayaraq bələdiyyələrə çatdırıb, onların maarifləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirib. Bütün bunlar müsbət addın hesab olunmalıdır. Bələdiyyələrə vəsait ayrılmalıdır”.

Qeyd edək ki, hazırda müzakirələr davam edir.

Nemət


Müəllif:

Oxşar xəbərlər