15 aprel mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. 1935-ci ilin bu günündə "Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında" Vaşinqton razılaşması ("Rerix paktı") imzalanmışdır. 1998-ci ildə "Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası" adlı ictimai təşkilat bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış etmişdir. Həmin tarixdən 15 aprel bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunur.
Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınmış və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini vermişdir. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq gələcək nəsillərə ərməğan etmişdir. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır. Yəni tarixən müxtəlif dinə, etnik mənsubiyyətə malik xalqlar Azərbaycanda tolerant şəkildə yaşamışlar. Dünyaya örnək olan bu birgəyaşayış ölkəmizdə problemlərlə, qarşıdurmalarla deyil, mədəni zənginliklə müşayiət olunmuşdur.
Bu gün Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır.
Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya mədəni irsinin qorunması və bərpasına da öz töhfələrini verir. Bu da onu göstərir ki, Azərbaycan mədəniyyət məfhumuna qlobal kontekstdə yanaşır, bir bütün olaraq qəbul edir. Bu eyni zamanda özünü hər il ölkəmizdə təşkil edilən beynəlxalq festivallarda, rəngarəng mədəni layihələrdə daha aydın göstərir. Dünyaca məşhur incəsənət xadimləri ölkəmizə gələrək həm öz mədəniyyətlərini nümayiş etdirirlər, həm də Azərbaycandakı mədəni çeşidliliklə tanış olurlar.
Bütün bunlar onun deməyə əsas verir ki, biz dünya mədəniyyəti ilə iç-içəyik - mədəni əlaqələrimiz sərhədlərə sığmır. Azərbaycan mütərəqqi mədəni ideyalara, beynəlxalq konvensiyalara qoşulmaqla qalmır, eyni zamanda onların gerçəkləşməsinə real dəstək verir.