24 İyun 2014 11:05
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mail Yaqub: "Rəşidlərdən başqa bütün xilafətlərdə problemlər olub"

Əkbər Nəcəf: "Türkiyənin tarixi varisliyi problemlidir"

İraqın ərazilərini işğal edən terrorçu qruplaşma İraq Şam İslam Dövləti xilafətin yenidən bərpası üçün mesajlar verməyə başlayıb.

Tarixdən bəllidir ki, İslam aləmində Məhəmməd Peyğəmbərdən (s.a.s) sonra davam edən quruluş xilafət adlandırılıb və ümumilikdə isə İslam xilafətinin tarixi dörd dövrə bölünür: Rəşid, Əməvi, Abbasi və Osmanlı.

Osmanlı xilafəti I Dünya müharibəsi nəticəsində dağıldı. İmperiyanın xarabalıqları üzərində Türkiyə Cümhuriyyəti quruldu. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də xilafətlə səltənətin bir-birindən ayrılması haqda qanun qəbul etdi. Bu qanuna əsasən, səltənət (imperiya) ləğv olundu və Türkiyə Cümhuriyyəti quruldu.

18 noyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi Şahzadə II Əbdülməcid Əfəndini xəlifə təyin etdi. Lakin 3 mart 1924-cü ildə isə TBMM-nin 431 saylı qanunu ilə xilafətə son verildi.
Ümumiyyətlə, indiki məqamda xilafətin bərpası mümkündürmü?

Xəzər universitetinin Fəlsəfə və Sosiologiya Kafedrasının müdiri Mail Yaqub bildirib ki, indi xilafət məsələsinin forması və məzmunu dəyişib. Onun sözlərinə görə, İslam xilafəti məsələsinə fərqli baxışlar var: "İslam xilafəti adı ilə müsəlmanlara xəlifəlik etmiş insanların hamısının əməllərini təmizə çıxara bilmirik. İslam dünyasında Rəşidlərdən başqa bütün xilafətlərdə problemlər olub. Hətta İslam xilafətinin başında duran Əməvi xəlifələrindən əyyaşlıqla, səviyyəsiz əməllərlə məşğul olan insanlar olub. İndi isə İslam xilafətinin bərpası mümkün deyil, çünki zaman, məkan dəyişib. İndi İraq Şam İslam Dövləti adı ilə insanlara divan tutan, vəhşiliklər törədən, misli bərabəri görünməyən cinayətlərə əl atanların nəinki dindən, heç insanlıqdan xəbərləri yoxdur. Çox təəssüflər olsun ki, yüksək templə inkişaf edən müsəlman ölkələri İŞİD-in həyata keçirdiyi qətliamlara susurlar".

Tarixçi alim Əkbər Nəcəf deyib ki, İslam xilafətinin qurulması indiki şəraitdə qeyri-mümkündür. O, bildirib ki, hər hansı bir insan təşkilat qurub xəlifəliyə iddia edə bilər, amma xəlifəliyin şərtləri var: "Xəlifəliyin elə ortadan qaldırılmasının səbəbi məhz bu şərtlərin yerinə yetirilməməsi oldu. İlk şərt Məkkə və Mədinə kimi müqəddəs yerlərin xidmətidir. Burada faktiki olaraq, İŞİD Səudiyyə Ərəbistanı ilə qarşı-qarşıya gəlmiş olar. Bundan başqa digər şərt xəlifəliyin müqəddəs əmanətlərinə sahib olmaq lazımdır. Həmin müqəddəs əmanətlər Türkiyənin əlindədir. Türkiyə o əmanətləri verəcəkmi? Yəni, kimsə xəlifə olaraq özünü ifadə edə bilər, amma bu kağız üstündə qalar. Necə ki, tarixdə belə "xəlifəliklər" çox olub".

Ə.Nəcəf qeyd edib ki, İslam xəlifəliyinin hüquqi yox, tarixi varisi var. Onun sözlərinə görə, xəlifəliyin tarixi varisi Türkiyədir: "Amma Türkiyənin tarixi varisliyi problemlidir. Tarixdə Osmanlılar varisliyi rəsmi olaraq qəbul etməyiblər. Yəni, heç bir sənəddə yoxdur ki, Yavuz Sultan Səlim xəlifəliyi axırıncı xəlifədən alıb. Xəlifəlik məsələsi 1774-cü ildə Osmanlı-Rusiya müharibəsindən sonra Kiçik Qaynarca müqaviləsi zamanı meydana çıxdı. Osmanlıya aid olan Krım rusların əlinə keçir. O zaman bir müsəlman ölkəsinin qeyri-müsəlman ölkəsinin əlinə keçməsi təbii hüquqi prosesləri ortaya çıxarır. Ona görə də Osmanlı ilə Rusiya arasında olan müqavilədə belə bir maddə yer alır ki, Krımın ilçələri Osmanlı xəlifəliyinə bağlıdır. İlk dəfə olaraq, belə bir sənəddə Osmanlının xəlifə olduğu ifadə edilir. Burada hüquqi miraslıq deyil, sadəcə tarixi miraslıq məsələsi var".

Tarixçi alim əlavə edib ki, Türkiyədə vaxtaşırı xəlifəliklə bağlı məsələ gündəmə gəlir, amma mümkün deyil. Onun sözlərinə görə, indiki məqamda Türkiyə belə bir yükün altına girmək istəməz: "Belə bir xəlifəlik Türkiyəyə heç nə gətirməz. Mustafa Kamal Atatürk xəlifəliyi ortadan qaldırdığı zaman qeyd etdi ki, Türkiyə artıq dini məsələlərdə aparıcı deyil. Ona görə də bu gün Türkiyənin xəlifəliyi bərpa etməsi ilə bağlı fikirlər sadəcə əhəmiyyətsiz sözlərdir".

BƏXTİYAR


Müəllif: