15 İyul 2016 18:33
1 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bildiyiniz kimi Türkiyə-Rusiya münasibətlərində düşmənçilik dövrü arxada qalıb və hazırda normallaşma dönəminə qədəm qoyulub. Mən Çavuşoğlunun dediyi fikirləri bölüşmürəm. Ona görə ki, Ərdoğanla Putinin qardaş olduğu, səmimi müttəfiqlik münasibətlərinin yaşandığı dönəmdə bunun Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə heç bir faydası olmayıb”.

Bunu Teleqraf.com-a açıqlamasında Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev bildirib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda olub. Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında təmas xəttində Ermənistan tərəfindən törədilən təxribatlarla bağlı suala cavab verən M.Çavuşoğlu Türkiyənin münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcəyini bildirib. O qeyd edib ki, Rusiya ilə münasibətlərin normallaşması bu məsələyə mütləq öz faydasını verəcək: “Rusiyanın xarici işlər naziri Sergey Lavrova da dediyim kimi, bundan sonrakı prosesdə Türkiyə bu cür təşəbbüsləri dəstəkləyəcək. Minsk Qrupunun tərkibində Türkiyə də var. Minsk Qrupunun həmsədrləri bazar ertəsi Ankaraya gələcəklər. Onlarla da görüşəcəyik və Azərbaycanın qəbul edəcəyi formulları dəstəkləməyə davam edəcəyik. Artıq Rusiya ilə münasibətlər olduğu üçün bu məsələni həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində Rusiya ilə müzakirə etməyə davam edəcəyik”.

E.Mehdiyev qeyd edib ki, çox təəssüf ki, Ərdoğan hökuməti münaqişənin tənzimlənməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində heç bir müsbət rol oynamayıb, onu heç vaxt Türkiyə-Rusiya münasibətlərinin gündəliyinə çıxarmayıb: “Ərdoğan BMT strukturlarındakı çıxışlarında Qəzzaya, Somaliyə 10-15 dəqiqə vaxt ayırsa da, Dağlıq Qarabağ məsələsinə heç 30 saniyə də vaxt ayırmayıb. Ona görə də bunların hamısı Bakıda verilən bəyanatdır. Bizə Bakıda verilən bəyanatlar lazım deyil.

Əgər Çavuşoğlu bu bəyanatı gedib BMT Baş Məclisində, ATƏT-in ofisində versə, yaxud məsələni ikitərəfli – Türkiyə-Rusiya, Türkiyə-Amerika münasibətlərində qaldırsa, o zaman deyərik ki, bunun hansısa təsiri var. Amma Bakıda bunu deyib, sonra da təyyarəyə mindikdən sonra unutmağın heç bir mənası yoxdur. Son 20 ilin təcrübəsi göstərdi ki, bu, belədir. Həqiqət bundan ibarətdir. Məndən çox Türkiyəni sevən yoxdur. Amma Türkiyəni sevmək Ərdoğanı sevmək deyil ki...”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər