28 İyul 2016 11:39
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP icra katibi, baş nazirin müavini Əli Əhmədov “Azərbaycan” qəzetinə verdiyi müsahibədə Referendum Aktı haqqında danışıb, fikirlərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İcra katibi bildirib ki, təklif edilən Referendum Aktında Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi, eyni zamanda, 6 maddənin əlavə edilməsi nəzərdə tutulur: “Onları dörd qrupda birləşdirmək mümkündür:

1) insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi;
2) siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi;
3) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi;
4) insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılması.

Təklif olunan 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Hesab edirəm ki, təkcə bu fakt özü-özlüyündə Konstitusiyaya bəzi dəyişikliklərlə əlaqədar irəli sürülmüş təşəbbüsün mahiyyətini və mənasını dəqiq ifadə edir.
Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilib. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə iştirak əmsalının əhəmiyyətli dərəcədə artması həyatımızın real parametrinə çevrilib. Son illərdə insanların ictimai həyatda iştirakının artırılması yönündə ciddi addımlar atılıb. Hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşməsi daxili siyasətin prioritetlərindən biri kimi qəbul edilib. Azərbaycanda insan hüquq və azadlıqları sistemi Avropa standartlarına daha çox uyğunlaşdırılıb. Bütün bu dəyişikliklərin Konstitusiyada əks olunması, hesab edirəm ki, tamamilə təbii və başadüşüləndir.

Konstitusiyaya dəyişikliklərin müəyyən hissəsi insanların iqtisadi hüquqları ilə əlaqədardır. Azərbaycan azad iqtisadi münasibətlərin formalaşması və oturuşmuş sistemə çevrilməsi yolunda əhəmiyyətli məsafəni artıq qət edib. İrəli sürülən təkliflər iqtisadi azadlıqlar sisteminin yeni inkişaf mexanizminə çevrilməsi niyyətini əks etdirir.

Eyni fikirləri siyasi azadlıqlar sahəsinə aid olan dəyişikliklərə də şamil etmək mümkündür. Ölkəmiz demokratiyanın oturuşması yönündə iradəsini daim ortaya qoyub, demokratiyanın təkmilləşməsi həmişə diqqət mərkəzində saxlanılıb. İndi Azərbaycanda demokratiya Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul olunduğu 1995-ci illə müqayisədə daha kamil təsisatdır. Lakin unudulmamalıdır ki, demokratiyanın inkişaf tarixi onun fasiləsiz bir proses olduğunu sübuta yetirib. Bu gün dünyanın ən demokratik ölkələri sayılan dövlətlərdə belə insan hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi proses olaraq müşahidə olunmaqdadır.

Konstitusiya Aktında passiv seçki hüququ üçün müəyyən edilmiş aşağı yaş həddinin aktiv seçki hüququ üçün təyin olunan yaş həddi ilə eyniləşdirilməsi məhz bu kontekstdə dəyərləndirilməlidir.

Etiraf etmək lazımdır ki, insan hüquq və azadlıqları fəlsəfəsi prizmasından yanaşıldıqda, seçki hüququnun müxtəlif formalarda istənilən məhdudlaşdırılması demokratik düşüncəyə mahiyyətcə ziddir. Ancaq burada aşağı yaş həddinin ağlabatan formada məhdudlaşdırılması sadəcə, qaçılmazdır. Bu da insanın siyasi və ictimai həyata iştiraka hazır olması baxımından optimal yaş həddinin müəyyən edilməsi ilə bağlıdır. Bundan kənarda istənilən məhdudlaşdırma həm təbiilik, həm də ağlabatanlıq mənasını itirmiş olur. Bəzi hallarda isə siyasi iştirakçılıq imkanının yaş həddi ilə məhdudlaşdırılması sırf siyasi mülahizələrdən irəli gəlir.

Azərbaycanın müasir tarixində buna ibrətamiz nümunə mövcuddur. Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin siyasi proseslərdə iştirakını əngəlləmək məqsədilə prezidentliyə namizədlər üçün 65 yaşdan ibarət yuxarı yaş həddi müəyyən edilmişdi. Əlbəttə, bu qərar hər cür ağlabatanlıq ünsürlərindən məhrum idi və müstəsna olaraq Heydər Əliyevə qarşı çevrilmişdi. Əgər bu mürtəce qərar vaxtında aradan qaldırılmasaydı, Azərbaycanı onu gözləyən acı taledən xilas etmək mümkün olmayacaqdı. Həyat sırf siyasi mülahizələrlə qəbul edilmiş həmin qərarın nə qədər mürtəce xarakter daşıdığını göstərməklə yanaşı, siyasi iştirakçılığın yuxarı yaş həddi ilə məhdudlaşdırılmasının mahiyyət etibarı ilə antidemokratik addım olduğunu da sübuta yetirdi. Mənim fikrimcə, siyasi iştirakçılıq baxımından ağlabatanlıq mülahizələri çərçivəsindən kənarda istənilən məhdudlaşdırıcı normalar, o cümlədən yaş məhdudiyyətlərinin qoyulması ədalətli sayila bilməz. Çünki o həm fərdin hüquq və azadlığının məhdudlaşdırılmasına səbəb olur, həm də xalqın, seçicilərin seçmək hüququna müdaxilə edir.

Əgər xalqın iradəsini, onun seçmək hüququnu demokratiyanın fundamental prinsipi sayırıqsa, onda etiraf etmək zorundayıq ki, ağlabatanlıq mülahizələrindən kənarda istənilən məhdudlaşdırıcı norma yuxarıda qeyd olunan dəyərlərə qarşı çevrilib.

İrəli sürülən tezisdən çıxış etsək, onun əksi olan tezis isə istənilən halda qeyri-demokratik olub, insan hüquq və azadlıqları fəlsəfəsi ilə ziddiyyət təşkil edir, haqqında söhbət etdiyimiz Konstitusiya Aktında passiv seçki hüququ baxımından aşağı yaş həddinin 18 yaş müəyyənləşdirilməsini mütərəqqi təklif kimi qiymətləndirməkdən savayı ədalətli yol qalmır. Söhbət seçmək və seçilmək hüququnun yaş həddinin məhdudlaşdırılmasını mümkün olan qədər aradan qaldırmaqdan gedir. Razılaşmamaq mümkün deyildir ki, insan hüquq və azadlıqları sahəsində hər hansı məhdudiyyətin aradan qaldırılması, əgər o, başqalarının hüquq və azadlıqlarına təhlükə yaratmırsa və ağlabatanlıq mülahizəsi çərçivəsindən kənara çıxmırsa, mahiyyətçə mütərəqqi xarakter daşıyır və hüquq və azadlıqlar sferasının daha da genişlənməsinə xidmət göstərir.
Aktiv seçki hüququ səviyyəsində müəyyənləşdirilmiş seçilmək hüququnun optimallığı məsələsinə gəldikdə isə bir sıra vacib cəhətlərin mütləq şəkildə nəzərə alınması gərəkdir.

Əvvəla, Azərbaycan haqqında söhbət gedən məhdudiyyəti aradan qaldıran yeganə ölkə deyildir. Sizinlə söhbət zamanı xatırlamağa çalışdım və səhv etmirəmsə, Fransada prezident seçilmək üçün yaş senzi adlanan məhdudiyyət mövcud deyildir. Burada seçilmək hüququ seçmək hüququ olan bütün vətəndaşlara şamil edilir. Əlbəttə, bu cür normanı qəbul etmiş digər ölkələr də var və mən onların hamısını sadalamaq fikrində deyiləm.
İkincisi, seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi heç də 18 yaşda vətəndaşların mütləq olaraq Milli Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir. Söhbət konstitusion seçilmək hüququnun demokratik təminatından gedir.

Konkret olaraq, hansı yaşda olan iddiaçının Milli Məclisin üzvü və ya ölkə prezidenti seçilməsi məsələsinin həlli seçiçilərin rəyindən asılıdır. Fikrimin təsdiqi olaraq bir faktı nümunə gətirmək istərdim. Ölkələrin çoxunda prezident seçilmək üçün aşağı yaş həddi 35-dir. Lakin həmin ölkələrdə kiminsə 35 yaşında prezident vəzifəsinə seçildiyini xatırlaya bilmirəm. Məsələnin nəzərə alınması çox vacib olan bir cəhətini unutmamağınız gərəkdir. Hüququn təsbit olunması ondan hər bir iddiaçının istifadə edə bilməsi demək deyildir. Bununla əlaqədar digər şərtlər də yerinə yetirilməlidir.

Seçilmək hüququna gəldikdə, əlbəttə, əsas amil kimin iddiaçı olması deyil, seçicinin rəyidir. Hər hansı bir iddiaçının Milli Məclisin üzvü və prezident seçilməsinə əsas verən təkcə onun müəyyən edilmiş yaş həddi tələblərinə cavab verməsi deyil, həm də insanların ona səs verməsi üçün yetərli nüfuza, hörmətə, təcrübəyə, xalq və dövlət qarşısında xidmətlərə malik olmasıdır. Bunları qazanmaq üçün isə bəzən heç 10-15 il kifayət etmir. Belə olan halda ağlabatan yaş həddində müəyyən edilmiş seçilmək hüququ heç bir təhlükə mənbəyi olmadan, artıq qeyd edildiyi kimi, həm hüquq və azadlıqlar sferasını, həm də xalqın seçim imkanlarını genişləndirir.

Üçüncü bir məqam da var ki, onu da gözardına almaq düzgün olmazdı. Müxtəlif dövrlərdə ayrı-ayrı xalqların tarixində çox gənc yaşlarında qeyri-adi istedadlı tarixi şəxsiyyətlərin yetişdiyi heç kimə sirr deyil. Bu cür şəxsiyyətlər elmdə, mədəniyyətdə olduğu kimi, siyasət sahəsində də olub. Etiraf etməliyik ki, həmin tarixi şəxsiyyətlər bəşəriyyətin inkişafına müstəsna töhfələr verib. Yadıma qədim tarixdən Makedoniyalı İsgəndər, orta əsrlərdən Şah İsmayıl Xətai, yeni tarixdən Napoleon düşür. Hər üçü çox gənc yaşlarında dövlətin başında durub, misilsiz xarüqələr göstərib. Şah İsmayıl Xətai 14 yaşında, Makedoniyalı İsgəndər 20 yaşında, Napoleon da ondan azacıq artıq yaşda dövlət başına keçiblər. Bəşəriyyətin tarixini onlarsız təsəvvür etmək, sadəcə, mümkün deyildir.

Deməli, nəinki dövlət başçısı seçilmək, həm də böyük tarixi şəxsiyyət kimi özünü təsdiq etmək üçün, əslində, yaş həddi anlayışı yoxdur. Ona görə də prezidentliyə namizədlərdən tələb olunan yaş həddi minimumunun 35 yaşdan seçki hüququnun təsbit edildiyi yaş həddi ilə eyniləşdirilməsində qeyri-adi nəsə axtarmaqda bir məna görmürəm”.

Cavad


Müəllif:

Oxşar xəbərlər