Respublikaçı Alternativ ( REAL) Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli son günlər geniş müzakirələrə səbəb olan homofob məsələsinə aydınlıq gətirib.
Teleqraf.com-un məlumatına görə, E.Qədirli sosial şəbəkədə əvvəlcə homofob anlayışından bəhs edib: “Homofob - homoseksuallardan qorxan, onlardan iyrənən, onlara nifrət edən, onları təqib edən adama deyilir. Bu mənaların hamısının olmasına gərək yoxdur. Onlardan biri kimisə homofob saymağa yetərlidir”.
O, özünün homofob olmadığını qeyd edib: “Özümü müdafiə etmirəm, elə bir ehtiyacım da yoxdur. Sadəcə homofob deyiləm, vəssalam. Çünki tərifdə sadalanan münasibətlərin heç birisi məndə yoxdur. Mədəni solun, çeşidli postmodernistlərin məsuliyyətsiz məna genişləndiriciliyini qəbul etmirəm. Məni niyə homofob adlandırır bəziləri? Müsahibələrimin birində bunları demişdim:
- homoseksullar da insandır;
- insan haqlarının mütləq əksəriyyəti onlara aid olunmalıdır;
- onların özəl həyatda nə etdikləri məni maraqlandırmır və heç kəsi də qayğılandırmamalıdır;
- homoseksuallığın açıq göstərilməsinə qarşıyam;
- homoseksualların polisdə, orduda, başqa güc qurumlarında, eləcə də uşaq bağçalarında, ibtidai və orta məktəblərdə işləməsinə qarşıyam;
- həmcins nikahlara və həmcins cütlüklər tərəfindən övladlığa götürməyə qarşıyam”.
“Mənə etiraz edənlərin çoxu mühacirlərimizdir”
O, homosokesualların bütün maraq və haqlarının təmin olunmasına əngəl törədilməsinin əleyhinə olduğunu bildirib: “”Homoseksuallar da insandır” ifadəsi etirazlara səbəb oldu. Anlayıram. Başqa dillərə tərcümədə heç də yaxşı səslənmir. Amma mən fikirlərimi başqa ölkələrin deyil, öz ölkəmizin vətəndaşlarına öz dilimizdə və onun məna çalarlarına uyğun deyirəm. Mənə etiraz edənlərin çoxu Avropadakı və Amerikadakı mühacirlərimizdir. Onların arasında neçəsinin homoseksual olması məni maraqlandırmır. Anlaşılan odur ki, onlar, mühacirət etdikləri ölkələrin hazır həqiqətləri və azadlıqları havasına girib, buradakı çətinlikləri unudublar, ya da qəsdən nəzərə almırlar. Mən “homoseksuallar da insandır” ifadəsini ölkəmizdəki duruma və dilimizin məna ötürücülüyü imkanlarına uyğun demişəm. Sözümün canı budur ki, homoseksuallara insani münasibət göstərilməlidir, onlar adam yerinə qoyulmalıdır və s. Kontekstdən çıxarıb başqa dillərə çevirib ölkəmizdəki diskursiv durumu nəzərdən qaçırmaqla bu mənanı asanlıqla, çox zaman qəsdən itirirlər”.
“Homoseksualların orduda, məktəblərdə işləməsinə qarşıyam”
E.Qədirli homoseksualların özəl həyatına qarışmağı doğru saymadığını qeyd edib: “Bununla belə, homoseksuallığın açıq göstərilməsinə qarşıyam. Söhbət konkret gey-paradlardan gedirdi. Homoseksualların polis orqanlarında, orduda, başqa güc qurumlarında, eləcə də uşaq bağçalarında, ibtidai və orta məktəblərdə işləməsinə qarşıyam. Başqa iş və peşə sahələrində onlara məhdudiyyətlərin qoyulmasını doğru saymıram. Polis, ordu və başqa güc qurumları sərt intizam üzərində qurulur. Bu intizamın “kişilik qavramı”ndan doğduğu hər kəsə məlumdur. Kimsə bunu stereotip, ya da seksist düşüncə saya bilər. Amma bununla heç nə dəyişəsi deyil. Bu qurumların tarixi, ənənəsi və təcrübəsi belədir. Bilirəm, bəzi ölkələrdə bu mənalar dəyişir, amma bu, yalnız son zamanlar baş verir. Bizim cəmiyyət o zamanlardan hələ çox uzaqdır. Uşaq bağçalarında, ibtidai və orta məktəblərdə homoseksualların işləməsinə münasibəti valideynlərdən soruşun, görün nə deyəcəklər?”
“Buna qətiyyən yol vermək olmaz!”
E.Qədirlinin fikrincə, həmcins nikahlar da, əslində, homoseksuallığın açıq göstərisidir: “Amma gey-paradlardan fərqli olaraq, bu işin xeyli hissəsi özəl həyata və uzunmüddətli münasibətlərə aiddir. Yəni, ciddi məsələdir. Homoseksualların bir-birini sevməsi, bir yerdə yaşaması və s. məni qətiyyən narahat etmir. Homoseksual cütlüklərə neytral baxıram. Amma nikah - başqa məsələdir. Nikah bir hüquq təsisatı olaraq, sevgi, qarşılıqlı razılıq əsasında seks və başqa oxşar münasibətlərə aid deyil. Hüquq üçün bu münasibətlər yoxdur, gözə görünmür, ölçüyə gəlmir. Hüquqi anlamda ailə (nikah) münasibətləri bunlardan ibarətdir - əmlak münasibətləri, valideyn-övlad münasibətləri. Bütün başqa münasibətlər bu iki münasibətdən törənir. Homoseksualların özəl mülkiyyət haqları onsuz da var. Onlar nikahı sırf vərəsəlik və sosial müdafiə üçün istəyirlər. Bunun, həmişə də olmasa, başqa yolları var - vəsiyyət yazsınlar, ya da başqa müqavilə öhdəliklərini yaratsınlar. Toplumda nikaha hüquqdankənar olan emosional və mənəvi münasibətləri sarsıtmağa nə gərək var? Başqa ölkələrdə son zamanlar bununla da bağlı dəyişiklik baş verir, amma bizim cəmiyyət hələ belə zamanlardan çox uzaqdır. Homoseksual cütlüklərin övladlığa götürməklə bağlı iddiaları çox eqoistikdir. Uşaq - oyuncaq, ya da ev heyvanı deyil. Gərəkdirsə, dövlət uşağı doğma (təbii) valideynlərin də əlindən ala bilər - onlar valideynlik borclarını düzgün yerinə yetirmirləsə. Burada əsas diqqət mərkəzi - uşaqların haqlarıdır. Homoseksual cütlük tərəfindən övladlığa götürülmüş uşağın öz həmyaşıdları tərəfindən (həyətdə, məktəbdə və s.) necə psixoloji təzyiqlərə məruz qalacağını dövlət düşünməlidir. Uşağın şəxsiyyətini sındıracaqlar, kim bilir, bəlkə intihara sövq edəcəklər. Dövlət bunun qarşısını necə alsın? Cəmiyyətimizin indiki şəraitində buna qətiyyən yol vermək olmaz!”
“Hansı polis işçisi gey-paradın iştirakçılarını qorumağa razı olar?”
E.Qədirli onu da əlavə edib ki, işə siyasi gözlə baxır: “Siyasətdə ictimai rəyə qarşı açıq-aşkar çıxmaq, oturuşmuş dəyər və əxlaqi münasibətləri saymamaq - axmaqlıqdır. Elmi araşdırmalar, fəlsəfi yanaşmalar, estetik zövq və s. öz yerində, amma demokratik seçkilərdə seçicilərin “ortaq yaxşı” haqqında təsəvvürlərinə qarşı çıxmaq olmur. Ona görə də mən, hər şeyi bir qırağa qoyaraq, sırf praktik ağıl baxımından sadaladığım məsələlərə qarşıyam. Buna homofobiya deyirsinizsə, onda siyasət haqqında biliklərinizə yenidən baxın. Ölkəmizdə gey-paradların icazəsini istəyənlər, buna qarşı çıxanlara çox zaman elə acıqlı hücum edirlər ki, zaman və məkan haqqında təsəvvürləri yoxmuş kimi görünməyə başlayırlar. Tutaq ki, gey-parada icazə verildi. Kim çıxacaq o parada? Niyə riyakarlıq edirsiniz? Nəzəri söhbətlərin yeri deyil. Praktik danışaq. Hücum mənə deyil? Yaxşı, gəlin, hökumət mənəmsə, Yasamalda sizə gey-parad üçün Şərifzadə küçəsini verirəm. Keçirin paradınızı görüm, necə keçirirsiniz? 10 metr gedə bilməyəcəksiniz. Camaat özü sizə hücum edəcək, döyəcək. Gələcəksiniz, bəs, bizim təhlükəsizliyimizi qoru, bu dövlətin pozitiv öhdəliyidir. Elədir. İcazə verilmiş nümayişin iştirakçılarını qorumaq - dövlətin pozitiv öhdəliyidir. Amma, yenə də, siz işin praktik tərəfini nəzərə almırsınız. Sizi qoruyacaq polisi haradan alım? Polis də bu xalqın arasından çıxır axı. Hansı polis işçisi gey-paradın iştirakçılarını qorumağa razı olar? Polis əmrə tabedir, orası elədir. Amma iş bir tək əmr verməklə bitmir. Əmr, onu icra etməli olan adamın düşüncələrində, ya da təsəvvürlərində barışmaz ziddiyyət yaradırsa, ona kəskin, qarşısıalınmaz mənəvi əzab verirsə, həmin əmr, çox güman ki, icra olunmayacaq. Yaxşı, lap hesab edək ki, haradansa belə polis işçilərini tapa bildik, onlara təlim keçdik və onlar (çox yüksək maaşa və ya başqa mükafata görə) gey-paradı qorumağa razılaşdı. Düşünün, orada çalışan polis işçiləri haqqında cəmiyyətin və xüsusilə polisin öz içində münasibət nə olacaq? Adamlar hər yerdə lağa qoyulacaq, təhqir olunacaq və s. Bir sözlə, heç kəs belə polis dəstəsində işləmək istəməyəcək. Odur ki, yenə də sırf praktik baxımdan, hazırki şəraitdə gey-parad iştirakçılarının təhlükəsizliyini təmin etmək mümkün görülmədiyinə görə, belə paradların icazəsinə yol verilə bilməz. Bu gün ən təhlükəsiz çıxış yolu budur. Mən dediyim də budur. Burada moralizmə gərək yoxdur. Siyasətdə bir çox işlərə “bu gün və burada” gözüylə baxmaq gərəkdir. Bu gün və burada başqa problemlər önəmlidir. Bu mövzuya bir daha qayıtmayacağam”.
Kəmalə