“Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bir sıra çox mühüm məsələlərə diqqəti cəlb etdi. İlk növbədə onu bildirdi ki, 2016-cı il bütün dünyada çox ciddi həm iqtisadi, həm siyasi, həm də hərbi böhranla yadda qaldı. Yəni, bu baxımdan çox mürəkkəb bir il oldu. Xüsusilə də Yaxın Şərqdə baş verən hadisələr özünün pik nöqtəsinə çatdı. Avropa böyük bir qaçqın ordusu ilə üz-üzə qaldı. Bütün bunlar onu göstərir ki, bu gün müxtəlif sahələrdə həqiqətən də çox ciddi böhran yaşanmaqdadır. Cənab prezident bu reallıqda əməkdaşlıq və inteqrasiya məsələlərinə diqqəti cəlb etdi”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.
Qeyd edək ki, oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Prezident İlham Əliyev iclası giriş nitqi ilə açıb. Dövlət başçısı iclasda yekun nitqi söyləyib.
Prezident İlham Əliyevin nitqində əksini tapan məsələlərə dair fikirlərini bölüşən E.Nəsirov deyib: “Cənab prezident vurğuladı ki, bu gün Avropanın liderləri səviyyəsində qitədə çox ciddi böhran yaşandığı etiraf edilir. Yaxşı indi belə çıxır ki, biz böhranamı inteqrasiya edək?! Cənab prezident bildirdi ki, Avropaya gələn müsəlmanlara qarşı “Stop-islam” siyasəti aparılır və bir çox hallarda onlara münasibətdə ikili standartlar siyasəti həyata keçirilir. Biz belə bir Avropayamı inteqrasiya edək?! Bu təhlillərini apardıqdan, bu mövqeni ifadə etdikdən sonra cənab prezident haqlı olaraq qeyd etdi ki, o zaman bizə belə bir inteqrasiya lazım deyil. Biz əməkdaşlıq xəttin sadiqik. Biz bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə sadiqik və bizim Avropa İttifaqı ölkələrinin 9-u ilə strateji tərəfdaşlıq müqaviləmiz var. Onlarla bizim münasibətlərimiz yüksək inkişaf səviyyəsindədir. Xüsusilə də Avropa Parlamenti ilə bizim münasibətlərimiz bir il öncə məhz onların günahı ucbatından pozulmuşdu. Amma böyük bir nümayəndə heyəti Azərbaycana gəldilər və ölkəmizlə əlaqələrin bərpası ilə bağlı mövqe ortaya qoydular. Hətta, ikitərəfli bəyannamə də hazırlandı ki, həmin bəyannamədə Avropa Parlamentinin Azərbaycana münasibətdə bir daha belə davranışa yol verməyəcəyinə dair mövqe öz əksini tapdı”.
Dövlət başçısının referendumun nəticələri ilə bağlı səsləndirdiyi fikirləri şərh edən E.Nəsirov xalqın mütləq əksəriyyətinin referendumu dəstəklədiyini vurğulayıb: “Bu birbaşa hakimiyyətin, cənab prezidentin siyasətinə olan etimadın göstəricisidir. Hətta, cənab prezident vurğuladı ki, bəzi beynəlxalq təşkilatlar, xüsusilə də onların sırasında olan AŞ PA hər zaman belə hallarda tənqidi mövqeyi ilə seçilir. Lakin referendum referendumun nəticələrini tanıdı və heç bir qüsur, nöqsan tapa bilmədi. Bunlar onu göstərir ki, biz düzgün yoldayıq, düzgün siyasət həyata keçiririk və biz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınırıq. Cənab prezident bu kontekstdə təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məsələlərə diqqəti cəlb etdi və bu kontekstdə ABŞ dövlət katibi Con Kerrinin son qərəzli mövqeyinə toxundu. Qeyd etdi ki, həmin mövqe ən azı, yumsaq şəkildə desək insafsızlıqdır. Necə ola bilər ki, dövlər katibi münaqişənin həll olunmamasına görə məsuliyyəti işğalçı Ermənistan dövlətinin üzərinə deyil, həm də Azərbaycanın üzərinə qoyur. Bax, bunlar ikili standartlardır. Dövlət katibi bununla da erməni maraqlarına, Ermənistanın mövqeyini dəstəkləyən bir siyasət ortaya qoyur. Cənab prezident bütün bunlarla bağlı kəskin etirazını bildirdi və dedi ki, bu məsələyə aydınlıq gətirilməlidir”.
E.Nəsirov bildirib ki, Prezident İlham Əliyevin çıxışından bu gün dünyada mövcud olan müəyyən siyasi dairələrin ölkəmizə Dağlıq Qarabağ məsələsinə görə təzyiq göstərdikləri fikri hasil olur: “Prinsipial mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ona ən yüksək status verilə bilər. Bundan savayı heç bir variantdan söhbət gedə bilməz. Buna görə də biz həmin qüvvələrin hədəfindəyik. Lakin biz həmin qüvvələrin hədəfində olsaq da, mövqeyimizi dəyişmirik. Mövqeyimiz prinsipial mövqedir və bizi güclü edən cəhət odur ki, iqtidarın bu siyasətini xalqımız dəstəkləyir. Xalq və hakimiyyət birliyi var. Həmin xalq və hakimiyyət birliyi bizi həm güclü edir, həm də hədəfində olmağımızı şərtləndirir. Ona görə də hesab edirəm ki, biz yeni şəraitdə, yəni Azərbaycana qarşı həm rəsmi, həm də bağlı qapılar arxasında olan bütün bu təzyiqləri nəzərə alıb bu ictimai-siyasi sabitliyi göz bəbəyi kimi qorumalıyıq. Hakimiyyət və xalq birliyi əvvəlkindən də möhkəm olmalıdır, bizim nicat yolumuz yalnız budur. Biz bunu etdikdə heç bir təzyiqlər, heç bir təhdidlər öz nəticəsini verməyəcək. Necə ki, indiyədək verməyib. Yəni, cənab prezidentin çıxışından hasil olan əsas fikirlərdən biri də budur və hesab edirəm ki, olduqca vacib məsələdir”.
Səxavət HƏMİD