“Azərbaycan ötən il ərzində müxtəlif regional tərəfdaşlıq çərçivələri, ö cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran və Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatlarında xarici işlər nazirləri səviyyəsində keçirilmiş məhsuldar görüşlərdə fəal iştirak edib və qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə avqustun 8-də Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı, habelə “Şimal-Cənub” irimiqyaslı beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə yönələn regional əməkdaşlığın təşviqi üçün mühüm zəmin təşkil edib”. Teleqraf.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair yaydığı mətbuat buraxılışında belə deyilir.
Bildirilir ki, Azərbaycanın dayanıqlı inkişafını təmin etmək məqsədilə ötən illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi diplomatiyamızın əsas vəzifəsi beynəlxalq, regional və ikitərəfli formatda milli maraqlarımıza cavab verən məqsədyönlü xarici iqtisadi siyasətin həyata keçirilməsi olub: “2016-cı il ərzində iqtisadi əməkdaşlıq sahəsində 16 xarici ölkə ilə hökumətlərarası komissiyaların iclasları keçirilib və iclasların yekunu üzrə imzalanmış protokollara konkret əməkdaşlıq məsələlərinə dair razılaşmalar daxil edilib. Bununla yanaşı 11 ölkə ilə biznes forumlar keçirilib.
2016-cı ildə Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, ABŞ, İran, Gürcüstan, Almaniya, Avstriya, Böyük Britaniya, İsveçrə, Polşa, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərinə rəsmi və işgüzar səfərləri həyata keçirilib, həmçinin Azərbaycan baş nazirinin Gürcüstana, Milli Məclis sədrinin Rusiya, Türkiyə və Monteneqroya, eləcə də xarici işlər nazirinin Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, Belçika, Fransa, İsveçrə, Lixtenşteyn, Slovakiya, Çin, Qazaxıstan və Özbəkistana səfərləri olub.
Eyni zamanda ötən il Azərbaycana Türkiyə, Rusiya, İran, Gürcüstan, İsrail, Qətər, Ukrayna, Albaniya, Belarus, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya, Malta, Venesuela və Vatikanın dövlət başçıları, Gürcüstan, Rusiya, Türkiyə və Macarıstanın hökumət rəhbərləri, Türkiyə, Qazaxıstan, Çexiya, Latviya, Bosniya və Herseqovina, Qırğızıstan, Belarus, Uruqvay və Braziliyanın parlament rəhbərləri, Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, İsveç, İtaliya, Malta, Bolqarıstan, İspaniya və Yunanıstanın xarici işlər nazirləri səfər ediblər. Bundan əlavə 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının baş katibi, YUNESKO-nun İcraiyyə Şurasının rəhbəri və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru ölkəmizə təşrif buyurublar”.
Qeyd olunur ki, Azərbaycan Prezidentinin xarici dövlətlərə səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycana səfərləri, Azərbaycanın xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə baş tutmuş səfərlər nəticəsində 80-dən artıq ikitərəfli beynəlxalq müqavilə razılaşdırılıb və onların imzalanması təmin edilib. Bildirilir ki, qeyd olunan səfərlər çərçivəsində imzalanmış sənədlər siyasi, iqtisadi, sosial, humanitar, mədəni və digər sahələri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına dair mühüm müddəaları əhatə edib.
Səxavət