“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 18-də Moskvada keçirdiyi mətbuat konfransında Qarabağla bağlı dedikləri tamamən Ermənistanın xeyrinə idi. Buna görə də erməni saytları Lavrovun Qarabağla bağlı açıqlamalarına gen-bol yer verdilər.
Buna baxmayaraq, bu tip açıqlamalar keçmiş illərdə olduğu kimi Ermənistan cəmiyyətində yüksək ajiotaja, ruh yüksəkliyinə səbəb olmadı. Çünki, Ermənistan cəmiyyəti Rusiyanın vassalı olmasından xeyir götürmür, iqtisadiyyatı və sosial durumu inkişaf etmir, tam əksinə ölkə geriyə gedir. Erməni cəmiyyətinin Lavrovun açıqlamalarından sevinəcək halı qalmayıb”. Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analizdə öz əksini tapıb.
Bildirilir ki, Ermənistan hakimiyyəti vəziyyətdən çıxış yolları axtarır: “Ermənistan prezidenti Serj Sərkisyan əvvəlcə konstitusiya dəyişikliyinə ehtiyac duydu. 2015-ci il referendumunun nəticəsinə görə Ermənistan parlament respublikasına çevrildi. Ermənistanda bu il aprel ayında keçiriləcək parlament seçkiləri konstitusiya dəyişikliklərinin reallaşmasına yol açacaq, səlahiyyət prezidentdən parlament və hökumətə keçəcək. Ancaq bu dəyişikliklərin real olaraq Ermənistanda nəyi dəyişəcəyi bilinmir.
2016-cı ilin 4 günlük aprel döyüşləri erməni cəmiyyətini silkələdi. Buna qədər Ermənistan cəmiyyəti hakimiyyəti, siyasi partiyaları və ayrı-ayrı şəxsləri korrupsiyada ittiham edirdi. Ordu tənqiddən kənarda idi. Aprel döyüşlərindən sonra orduda korrupsiya mövzusu da genişləndi, buna qədər toxunulmaz olan generalların İrəvanda bahalı villalara malik olduğu üzə çıxdı. Halbuki, cəbhə bölgəsindəki hərbçilərin ərzaq və geyim təchizatında ciddi problemlər var idi. Aprel döyüşləri olmasaydı, erməni cəmiyyəti bu problemlərdən xəbərdar olmayacaqdı. Cəmiyyət ordudakı itkilərlə bağlı ordu komandanlığını günahlandırdı.
Beləliklə, ordu da digər siyasi institutlar kimi nüfuzdan düşməyə başladı. Bunun nəticəsi olaraq iyulun 17-də birinci Qarabağ savaşının “veteranları” İrəvanda polis məntəqəsinə silahlı hücum edərək qiyama başlamaq istədilər. Qiymal alınmadı, dəstək gəlmədi və bir müddət sonra silahlı şəxslər təslim oldular. Ancaq bu hadisənin özü erməni cəmiyyətində gələcəkdə silahlı qarşıdurma perspektivinin real olduğunu göstərdi”.
Qeyd olunur ki, vəziyyətin getdikcə gərginləşdiyini anlayan Serj Sərkisyan cəmiyyəti sakitləşdirmək üçün iki addım atdı: “Birincisi, Sərkisyan ordudakı vəziyyətə görə məsuliyyəti müdafiə naziri Seyran Ohanyanın üzərinə yüklədi və onu vəzifəsindən azad etdi. Sərkisyan orduda korrupsiyaya son qoymaq üçün Ermənistan tarixində ilk dəfə müdafiə naziri postuna mülki şəxsi təyin etdi. Yeni müdafiə naziri Viqen Sərkisyan 5 il Prezident Administrasiyasına rəhbərlik etmişdi. Prezident Müdafiə Nazirliyini ən yaxın adamına etibar etməklə orduda ishalatların güclənəcəyini düşünürdü. Ancaq islahat üçün maliyyə lazımdır. Maliyyə isə Ermənistanda yoxdur. Belə olan halda yeni nazir çağırış edərək hər bir vətəndaşın orduya min dram köçürməsini istədi. Bu faktiki dilənmək idi. Ermənistan vətəndaşları ağır iqtisadi və sosial vəziyyətdə ikən büdcələrindən hələ bir orduya da pul ayırmalı idilər. Bu kampaniya erməni cəmiyyətində dəstək qazanmadı, əksinə yeni nazirin islahat imkanlarının məhdud olduğunu təlqin etdi.
İkincisi, Sərkisyan müdafiə nazirindən sonra baş naziri də dəyişdi. Ovik Abramyanın yerinə buna qədər Rusiyanın “Qazprom” şirkətində çalışan Karen Karapetyan baş nazir təyin olundu. Ancaq Karen Karapetyan parlamentdə ilk çıxışındaca qeyd etdi ki, “mən sehrbaz deyiləm və qısa müddətdə problemləri həll edə bilməyəcəm”. Karapetyan bununla mesaj verdi ki, hazırki resurslar Ermənistan iqtisadiyyatının tənəzzüldən çıxışına və inkişafına, o cümlədən sosial problemlərin həllinə şərait yaratmır. Serj Sərkisyan Karen Karapetyanı lideri olduğu Respublika Partiyasına üzv qəbul etdirdi. Görünür, Sərkisyan bununla Karapetyanın gələcək siyasi ambisiyalarına son qoymağı düşünürdü. Çünki, parlament seçkilərindən sonra əsas səlahiyyət sahibi baş nazir olacaq. Serj Sərkisyan isə bu vəzifədə özünü görür, partiyanın sıravi üzvü Karapetyan ona tabe olmalıdır.
Ancaq Karen Karapetyan öz oyununa da başlaya bilər. Məsələn, o aprel seçkilərinə yaxın hakim partiyadan ayrılıb başqa partiya yaradaraq seçkiyə qatıla bilər. Bu təcrübədən artıq istefaya göndərilən keçmiş müdafiə naziri Seyran Ohanyan yararlanıb. O yeni partiya yaradıb. Serj Sərkisyan elə indinin özündə də Karen Karapetyana problemlər yaradır. Məsələn, Sərkisyan öz yaxın ətrafına deyib ki, Karapetyandan gözlədiyi islahatları müşahidə etmir. Bəlkə də Sərkisyan qəsdən bu şayiələrin yayılmasında maraqlıdır ki, cəmiyətdə Karapetyanın reytinqinin artmasına imkan verməsin. Ermənistan cəmiyyətinin də yeni baş nazirə ümidləri azalıb”.
Yazıda bildirilir ki, Ermənistanda aprel seçkiləri gərgin keçəcək: “Müxalifətin müxtəlif qolları getdikcə fəallaşır. Sərkisyan özünə müttəfiq axtardığı kimi müxalifət partiyaları və liderləri də vahid blok formalaşdırmağa çalışırlar. Üstəlik, güclü erməni diasporu 1990-cı illərdəkindən fərqli olaraq monolit deyil. Erməni diasporu iki yerə bölünüb. Bir hissəsi Ermənistan hakimiyyəti ilə əməkdaşlıq edir, digər hissəsi Serj Sərkisyana qarşı qatı müxalifətə keçib. Qərbdəki erməni diasporunun bir hissəsi Serj Sərkisyanın Ermənistanı Rusiyanın asılılığına salmasından da narazıdır.
Belə şəraitdə Serj Sərkisyana parlament seçkisində say üstünlüyü ilə qələbə çalmaq çətin olacaq. Aprel seçkisinə qədər cəbhə bölgəsində ciddi toqquşma baş verərsə, bu Ermənistan ordusunda növbəti dəfə itkilərin artmasına yol açacaq ki, bu amil də Serj Sərkisyanın nüfuzuna zərbə vuracaq. Məsələn erməni saytlarından biri Ermənistanın cəbhə bölgəsindəki itkiləri ilə bağlı maraqlı statistika açıqlayıb. 2016-cı ildə Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanla sərhəddə itkilərinin sayı 166 nəfərdir. Bunlardan 147 nəfəri hərbi xidmətdə olanlar, 18 nəfəri isə könüllüdür. 109 nəfər döyüşdə, 57 hərbçi isə qeyri-döyüş şəraitində öldürülüb. Bu statistikanı yayan erməni saytı iki maraqlı müqayisə də aparıb. Birincisi, 2015-ci ildə Ermənistanın itkiləri 76 nəfər idi, yəni özlərinin yazdığına görə itkiləri iki dəfə artıb. İkincisi, saytın yazdığına görə 1994-cü ildən bu yana ilk dəfədir Ermənistan cəbhə bölgəsində könüllülərini itirir.
Əslində Ermənistanın 2016-cı ildəki itkiləri bundan dəfələrlə çoxdur, rəsmi İrəvan aprel döyüşlərindəki itkilərin sayını açıqlamır. Ancaq hətta erməni saytının yazdığı doğru olduğunu qəbul etsək belə iqtisadiyyatı və əhalisi ilbəil kiçilən Ermənistan üçün 166 gəncini itirməsi faciədir. Çünki əhali artmır, olan-qalan gənclər isə ya döyüşlərdə ölür, ya da ölkəni tərk etmək barədə düşünürlər. Bu prosesi aprel döyüşləri daha da sürətləndirdi. Döyüşlər isə hələ bitməyib”.
Səxavət HƏMİD