Azərbaycan müxalifət düşərgəsinin fəaliyyəti hiss edilmir. Hələ 2013-cü ildən bu yana müxalifətin artıq real siyasi situasiyaya adekvat reaksiyalar vermək imkanında olmadığını, bu düşərgə daxilində deqradasiyanın müşahidə olunduğu, iddiaları tərəflərin bir-birini qəbul etmədikləri haqda fikirlər səslənməyə başlamışdı. Bir sıra hallarda belə fikirləri müxalifət düşərgəsində təmsil olunan şəxslərin dilindən də eşitmək olurdu.
Artıq 2017-ci ilin yaz fəslini qarşılamağa hazırlaşırıq. Ölkə müxalifəti 2016-cı ildə xüsusi bir fəaliyyət strategiyası ilə seçilmədi. Bəs müxalifətin yaz planına nə daxildir?
KXCP sədri Mirmahmud Mirəlioğlu deyir ki, müxalifət cəmiyyətin bir hissəsidir: “Artıq cəmiyyətə heç iqlimin dəyişməsi də təsir edə bilmir. Sanki cəmiyyət heç nədən rahatsız olmur, heç nə ona təsir etmir. Cəmiyyətimiz bundan ibarətdir. Əlbəttə, indi kim kiminlə ola bilirsə, birlikdə olur. Kim olmursa, buna ehtiyac da duyulmur. Yəni buna ehtiyac duymur və yaxud istəmir. Elə bil ki, daşlar yerini tutub, onları tərpətmək mümkün deyil, onların da tərpənmək arzusu yoxdur”.
M. Mirəlioğlu hesab edir ki, müxalifət təşkilatlarını cəmiyyətdən ayırmaq doğru deyil: “Müxalifətdə də hər kəs öz komandasını, mövqeyini, sponsorunu müəyyən edib. Və ya sponsorlar öz komandalarını təşkil edib. Odur ki, sadəcə hamı bir araya xeyir də, şər də və ya bayramda bir araya gəlir, salamlaşır. Artıq mexaniki olaraq bu işlər görülür. Təsir imkanları da getdikcə azalır. Hər kəs öz aləmindədir. Bu da fikrimcə, cəmiyyətdə mövcud olan deqradasiyanın göstəricidir. Əlbəttə, hər şeyin bir sonu olduğu kimi bu prosesin də müddəti olacaq. Yəni belə qalmayacaq. Bir araya gəlmək üçün mütləq addımlar atılacaq. Əgər bu addımları indiki nəsil atsa, çox yaxşıdır. Biz əlimizdən gələni edirik. Amma bütün sahələri kimi bu sahədə də faydalı iş əmsalı sıfırdır. Amma əvvəl-axır birləşmə olacaq. Könül istərdi ki, bu tez olsun və hər kəsdə burada iştirakçı olsun. Kimin ömrü çatsa iştirak edər, kimində ömrü çatmasa nəzərə alın ki, ömür allah qatındadır. Cəmiyyətdə baş verənlər müxalifətə də, digər qurumlara da təsir edir. Məncə, heç çeşidləməyə də dəyməz. Çünki çeşidləmək sadəcə yozum və ya təfərrüatdır”.
Cavid