Almaniyanın Kabildəki səfirliyi önündə güclü partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfirliyin qarşısında bomba yüklü avtomobil partladılıb.
Hadisə zamanı xeyli ölənin olduğu bildirilsə də, dəqiq say açıqlanmayıb. Partlayışdan sonra Kabil xəstəxanalarına 67 yaralı gətirilib.
Səfirlik binasına ciddi zərər dəyib. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
***
Saat 10:39
Kabildə baş verən partlayış zamanı 19 nəfər həlak olub.
Bununla bağlı "Tolo Nyus" telekanalı məlumat yayıb.
Olay nəticəsində 319 nəfərin də yaralandığı bildirilib.
***
Saat 10:53
Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Əfqanıstan hökumətinin nümayəndəsi məlumat yayıb.
Məlumatlara görə, ölənlər arasında Yaponiyanın Kabildəki səfirliyinin iki əməkdaşı da var.
***
Saat 11:13
Kabildə diplomatik binaların yerləşdiyi Han bölgəsində baş verən terror aktı zamanı ölənlərin sayı durmadan artır.
Bununla bağlı Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü İsmayıl Kavusi məlumat verib.
Onun sözlərinə görə, olay zamanı 80 nəfər həlak olub, 320 nəfər yaralanıb.
Kavusi bildirib ki, Türkiyənin, Almaniyanın, ABŞ-ın və Yaponiyanın Kabildəki səfirliyi terror aktının törədildiyi əraziyə yaxın yerləşir.
***
Saat 11:51
Kabildə baş verən partlayış zamanı ölü sayı 90-a çatıb.
Yerli səhiyyə idarəsinin məlumatına görə, hadisə nəticəsində 380 nəfər də müxtəlif dərəcəkli bədən xəsarəti alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
***
Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Bununla bağlı yerli KİV-lərdən biri məlumat yayıb.
Bu arada, terror aktında ölənlər arasında BBC telekanalının əməkdaşı və Almaniyanın Kabildəki səfirliyinin mühafizəçiləri də olub. İki Qazaxıstan vətəndaşı və Almaniya səfirliyinin bir neçə əməkdaşı isə xəsarət alıb.
Partlayış nəticəsində Türkiyə, Almaniya və Fransa səfirliklərinin binaları ciddi ziyan görüb.