11:43
Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində yerləşən fabrik binası silahlı şəxslər tərəfindən ələ keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Moskva polisi məlumat yayıb:
“Hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil. Bir neçə nəfər girov götürülüb. Polislə silahlılar arasında atışma baş verib. Azı bir silahlı öldürülüb”.
***
11:52
Moskva polisi silahlı insidentlə bağlı yeni məlumatlar yayıb.
Bildirilib ki, "Menşevik" fabrikinin sahibi İlya Averyanov şəriki Alekseyi güllələyərək öldürüb. Bundan sonra isə fabrikdə çalışan bir neçə nəfəri girov götürüb.
Hazırda hadisə yerinə çox sayda polis qüvvələri və təcili yardım briqadası cəlb edilib.
***
12:09
Moskvadakı insidentin səbəbləri açıqlanıb.
Məlumatlara görə, "Menşevik" fabriki bir müddət öncə müflis elan olunub. Averyanov bir neçə dəfə məsələ ilə bağlı məhkəməyə müraciət edib. Aleksey isə bu gün səhər saatlarında İlyadan borcunu istəmək üçün gəlib. Tərəflər arasında mübahisə baş verib və İlya Alekseyi güllələyib.
Hadisə zamanı azı 3 nəfərin də xəsarət aldığı deyilir.
***
12:28
Moskvanın "Menşevik" fabrikində baş verən insidentin tam təfərrüatları açıqlanıb. Bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi Yuliya İvanova məlumat verib.
Onun sözlərinə görə, İlya Averyanov fabrikin keçmiş sahibi olub: "Fabrikin Averyanova külli miqdarda borcu olub. "Menşevik" isə müflisləşdiyini elan edib. Məsələdən sonra Averyanov məhkəməyə müraciət edib. Bugünə qədər məhkəmədə 2 proses baş tutub. Bu gün isə Averyanov prosesin yekununu gözləmədən borcunu istəmək üçün fabrikə gəlib və hazırkı rəhbərliklə danışıqlar aparmaq istəyib. Ancaq onun bu cəhdi nəticə verməyib. Məsələdən qəzəblənən şəxs üzərindəki silahdan fabrikin mühafizəçisi 31 yaşlı Aleksey K.-ya atəş açıb. O, hadisə yerində ölüb. Daha 3 nəfər isə xəsarət alıb. Silahlı şəxsin hazırda fabrik ərazisində dolaşdığı və bir neçə nəfəri girov saxladığı bildirilib. Ara-sıra fabrikdən atəş səsləri eşidilir".
***
12:36
Rusiyanın “Business FM” radiosu “Menşevik” fabrikindəki silahlı insidentə səbəb olan şəxslə telefon əlaqəsi saxlaya bilib.
Həmin şəxs özünü fabrikin keçmiş sahibi İlya Averyanov kimi təqdim edib və hadisənin səbəblərini açıqlayıb:
“Mən direktoram. İndi burada oturmuşam. Məndən zorla sənədləri aldılar. Müflis oldum. Mənim 8 uşağım var. Bilirsiz, mən 4 ildir çalışıram. Bu gün səhər işə gəldim. Məni bir neçə silahlı şəxs qarşıladı. Təəssüf ki, üzərimdəki silahdan istifadə etdim. Onlardan birini öldürdüm. O biriləri isə yaralamışam. İndi binanı mühasirəyə alıblar. Hər şey yaxşıdı. Ya atəş açacam, ya da təslim olacaq. Hələ bilmirəm. Əgər sağ qalsam, bu məsələnin axrına çıxacağam”.
***
14:01
Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları "Menşevik" fabrikinə daxil ola biliblər.
Bununla bağlı Moskva polisi məlumat yayıb.
***
16:25
Moskvada fabrik binasını ələ keçirən silahlı şəxslə bağlı yeni məlumatlar yayılıb.
Bildirilib ki, Averyanov 1993-cü ildə Moskva Dövlət Universitetini bitirib. O, ixtisasca fizikdir.
Bu arada, Rusiya Milli Qvardiyasının rəhbərinin müavini Aleksandr Xinşteyn Averyanovanda olan odlu silahla bağlı açıqlama verib. O bildirib ki, Averyanovun “Sayqa” silahını daşımasına qanuni icazəsi olub. O, icazə vərəqini 1996-cı ildə əldə edib.
Sosial şəbəkədə Averyanovun görüntüsü də yayılıb.
Həmin fotonu təqdim edirik:
***
Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları "Menşevik" fabrikinə baxış keçirib.
Axtarışlar zamanı silahlı şəxs, fabrikin keçmiş sahibi İlya Averyanovun qaçdığı məlum olub. Məlumatı Moskva polisinin mətbuat katibi Yuri Titov verib. O bildirib ki, Averyanov artıq axtarışa verilib. Onun fabrikdən hansı yolla qaçdığı məlum deyil.
Bundan başqa, yerli mediada fabrikin hazırki sahibinin Averyanova 115 milyon rubl (3,4 milyon AZN) borclu olduğu bildirilib.