11:41
İranın paytaxtı Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı 4 polis əməkdaşı öldürülüb, onlarla dərviş yaralanıb, ən azı 60 nəfər həbs edilib.
Hadisə Tehrana gələn dərviş liderlərindən olan Nemətullah Riyahinin həbs edilməsindən və dərvişlərin yaşadığı məhəllənin hökumət qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra baş verib.
Polis dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Lakin vəziyyətin kəskinləşdiyini görən hökumət qüvvələri etirazçı dərvişlərə odlu silahdan atəş açaraq onlardan bir neçəsini yaralayıblar. Hökumət qüvvələrinin vəhşiliyini görən dərvişlərdən biri avtobusla, digəri isə avtomobillə polis qüvvələrinin üstünə sürüb.
Etirazlar gecə saalarında daha genişlənib. Ətraf məhəllələrin əhalisi dərvişlərə dəstək məqsədilə etirazlara qoşularaq İranın dini lideri Əli Xameneyiyə qarşı şüarlar səsləndiriblər. “Diktatora ölüm”, “Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, məmləkətdən əl çək” və "Allahu əkbər" şüarı səsləndirən etirazçılar rejimin dərvişlərə və dinc əhaliyə qarşı repressiyalarına son qoyulmasını tələb ediblər. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edildikdən sonra etirazlar bu gün sübh saatlarında nisbətən səngiyib. Hazırda Tehranın həmin məntəqəsində vəziyyətin gərgin olduğu bildirilir.
***
İran hüquq-mühafizə qüvvələrinin sözçüsü Səid Müntəzir əl Məhdi jurnalistlərə açıqlamasında Qonabad dərvişləri ilə hökumət qüvvələri arasında Tehranda baş verən qanlı qarşıdurmadan danışıb.
O bildirib ki, paytaxt Tehranın dərvişlər və onların rəhbərlərinin yaşadığı məntəqələr hazırda polisin tam nəzarətindədir:
“Təəssüflər olsun ki, qarşıdurmalar dərvişlərdən birinin avtobusu, digərinin isə avtomobili əməkdaşlarımızın üstünə sürməsi ilə daha kəskinləşib. Nəticədə 5 polis həlak olub. Bundan başqa, müxtəlif dərəcəli bədən xəsarəti alan 30 əməkdaşımız da xəstəxanalara yerləşdirilib. Dərvişlər hadisə yerində və ətraf məhəllələrdə dövlət əmlakına od vurub. Polis qüvvələri 300 dərvişi həbs etdikdən sonra qarşıdurmalar dayandırıldı və hazırda paytaxtın həmin məntəqəsi əməkdaşlarımızın tam nəzarətindədir”.