“Zaqatalada baş verən zəlzələdən sonra avterşokların sayı 75-ə çatıb. Hazırda avterşoklar davam edir”.
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
Şöbə müdiri qeyd edib ki, avterşokların hamısı zəif və hiss olunmayan təkanlardır.
***
10:12
İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdə insan tələfatı qeydə alınmayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə ümumilikdə 15 müraciət daxil olub.
Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn Soltan Qandaxov insult keçirərək vəfat edib.
***
09:59
İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib.
Teleqraf.com APA-ya istinadən xəbər verir ki, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir-neçə yaşayış evlərinin divarlarında xırda çatlar əmələ gəlib. Episentrə yaxın bir sıra yaşayış məntəqələrində 2012-ci il zəlzələsindən sonra evlərin divarlarında yaranan xırda çatlarda genişlənmə qeydə alınıb.
Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.
Qax şəhəri İmam Mustafayev küçəsi ev 8 ünvanında yaşayan 13 yaşlı Gülər Durmuşzadə zəlzələ baş verən an qaçmaq istəyən zaman yıxılaraq ayağı sınıb. Gülər Durmuşzadə Qax MRX-a yerləşdirlib.
Zaqatala rayonu Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.