Balakən rayonunda polisin saxladığı şəxs intihara cəhd edib.
Hadisə ötən gün baş verib.
Daxil olmuş şikayət əsasında saxlanılaraq polis şöbəsinə aparılan rayon sakini Cavid Qafarov polis avtomobilindən özünü atıb. Nəticədə xəsarət alan C.Qafarov xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, Balakən rayon sakini olan bir qadın (etik normalara görə şikayətçi qadının və onun yaşadığı kəndin adı açıqlanmır) rayon Polis Şöbəsinə müraciət edərək gecə saat 03 radələrində qonşusu Cavid Qafarovun sərxoş vəziyyətdə onun evinə qanunsuz yolla daxil olaraq ona qarşı zorakılıq hərəkətləri etməyə cəhd göstərdiyini bildirib: “Qadın hay-küy saldıqda evdəkilərin oyandığını görən Cavid Qafarov hadisə yerindən qaçıb. Vətəndaşın ərizəsi dərhal Rayon Polis Şöbəsində qeydiyyata alınıb və ərazi üzrə sahə müvəkkilinə məsələnin araşdırılması ilə bağlı tapşırıq verilib. Bundan sonra polis əməkdaşı Cavid Qafarovun yaşadığı evə gedib, lakin o evdə olmadığı və mobil telefonunu söndürüldüyü üçün onu tapmaq mümkün olmayıb. Bir gün sonra onun yeri müəyyən edilib və polis əməkdaşı onu taparaq xanımın ərizəsi əsasında izahat vermək üçün polis şöbəsinə dəvət edib. Bu məqsədlə də onu polisin avtomobili ilə şöbəyə aparıb. Avtomobil yolda hərəkətdə olarkən Cavid Qafarov ani bir vəziyyətdə qəflətən avtomobilin qapısını açaraq özünü yerə atıb. Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Arxadan gələn avtomobillərin sürücülərinin köməyi ilə o dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir”.
E. Zahidov həmçinin qeyd edib ki, baş vermis hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda araşdırma aparılır.