28 Avqust 2014 18:30
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tutduğu postdan istifadə edəcəksə, adekvat cavabını alacaq”

“Başqanlığa bəzi namizədlərin tutduqları postlardan istefa etməsi əslində qurultaya hazırlıq üzrə təşkilat komitəsində müzakirə olunmuşdu. Təklif irəli sürülmüşdü ki, namizədlər jest kimi tutduqları postlardan istefa versinlər. Bu həm də ona görə edilirdi ki, seçki yarışında partiyadaxili inzibati resurslar baxımdan heç kim üstünlük əldə etməsin. Ancaq müzakirələr aparılsa da, sonda qərara gəlindi ki, istefa məsələsi könüllü şəkildə həll edilsin. Yəni istəyənlər tutduqları postlardan istefa etsin, istəməyənlər etməsin. Şəxsən mən hər iki mövqeyə hörmətlə yanaşıram”.

Bunu Müsavat başqanlığına namizədliyini rəsmən irəli sürən və seçki təbliğatı kampaniyasına başlayan Tural Abbaslı söyləyib. Onun fikrincə, əslində o kəslər istefa verməlidir ki, onların tutduqları postlar bu və ya digər formada seçkiyə təsir edəcək inzibati resursları özündə birləşdirir. Yəni təsir baxımından bu postları tutan şəxslərin əlində rıçaqları olsun: “Ancaq hazırda rəsmi namizədlər irəli sürülməyib. Ona görə də, kimin belə resurslara sahib olduğu, kimin olmadığı hələlik bəlli deyil. Mən Divanın üzvüyəm, Divan isə kollegial orqandır. Yəni Divan üzvü olmaq seçkinin nəticələrinə təsir edəcək post deyil”.

Bununla belə Tural Abbaslı hesab edir ki, Arif Hacılının tutduğu postu rıçaq hesab etmək olar:

“Müsavatın təşkilat şöbəsi icra aparatına tabe olan qurumdur. Ancaq bu seçim Arif Hacılınındır. Ancaq istefa verib-verməsə də, tutduğu postdan sui-istifadə edən namizədlərin cəzalandırılması barədə qərar qəbul edilib. Heç kim ədalətsiz rəqabətə girişməməlidir. Bu işə qurultaya hazırlıq üzrə təşkilat komitəsi nəzarət edəcək. İstefa vermədən də, fəaliyyət göstərə bilər. Əgər kimsə öz tutduğu postdan istifadə edəcəksə, adekvat cavabını alacaq. İstefa verən və qəbul edilən normaları pozan şəxs də cəzalandırılacaq. Bu mənada təşkilat komitəsi ümumi prosesə nəzarət edəcək deyə, istefa verib-verməmək önəmli deyil”.

Tural Abbaslı qeyd edib ki, həm Müsavatın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin, həm də Divanın üzvü kimi Əmircanda qurultayın keçirilməsinin əleyhinədir:

“Əgər yenə də qurultayın Əmircanda keçirilməsi variantı gündəmə gəlsə, mən bunun əleyhinə səs verəcəyəm. Ancaq partiyanın ümumi qərarı olacaqsa, burada qurultay keçirəcəksə, o zaman getməməyin mənası qalmır. Ancaq biz o mövqedəyik ki, partiya 100 illik tarixi adına layiq bir məkanda qurultayını keçirməyə nail olmalı idi. İndi mənimlə razılaşanlar da, razılaşmayanlar da var. Ancaq partiyanın ümumi qərarı necə olsa, biz də qərara tabe olacağıq”.

Tural Abbaslı başqan seçiləcəyi təqdirdə partiyanın maliyyə problemi yaşamayacağını da vurğulayıb: “Mən 14 ildir partiya üzvüyəm. Burada söhbət ancaq maliyyədən getmir. Texniki, təşkilati, maliyyə, siyasi tərəfləri, partiyanın idarə olunması məsələsi vacibdir. Mən partiyanın mətbəxinə bələdəm. Əminəm ki, partiya başqanı olmaq istəyən şəxs bu problemləri həll etmək bacarığını özündə görməlidir. Əgər bu bacarıq həmin şəxsdə yoxdursa, ortaya iddia qoymamalıdır. Odur ki, mən başqan olsam, bu problemlərin həlli çətin olmayacaq. Həm də indi müxalifətdə böyük maliyyə imkanları tələb olunmur, çox şey insanların fədakarlığı üzərində qurulur. İndi Müsavatda texniki, eləcə də, kommunal xərclərin ödənilməsi üçün bəlli mexanizm var və qurulub. Bu mexanizm vasitəsilə minimal xərclər toplanır. Yeni təşəbbüslər irəli sürüb bu işləri bir qədər genişləndirmək olar”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər