Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal şuradan kənarda fəaliyyət göstərən siyasi partiyaları kəskin tənqid edib, onların müxalifət düşərgəsinə aid olmadığını bildirib.
Mirkamal qeyd edib ki, suların durulduğu, mövqelərin aydınlaşdırıldığı bir məqamda kimin kim olduğunu xalq yaxşı dərk edir:
“Özümüzü aldatdığımız yetər, mübarizə meydanı boşdur, buyursunlar, kimlər ki, mübarizə aparmaq əzmindədir, atılsınlar meydana. Ona görə də gündüz müxalifətçilik edib gecələr iqtidardan mesajlar alanlara birlik barədə çağırışlar etmək özümüzü aldatmaqdan başqa bir şey deyil”.
Vidadi Mirkamalın dediklərinə ADP sədri Sərdar Cəlaloğlu münasibət bildirib. Partiya sədri deyib ki, Vidadi Mirkamal siyasətçi deyil, ziyalıdır:
“Məşhur bir deyim var: siyasətə gələn ziyalıların payına təlxəklik rolu düşür. Əslində, bu pis mənada deyilən söz deyil. Bu o mənada deyilir ki, siyasətçiləri onları oynadırlar. Siyasətdə yetişməyən adamlar siyasətə gələndə belə yanlışlıqlar olur. Əlbəttə, səhv düşünür. Ötən dəfə Vidadi Mirkamal deyirdi ki, İctimai Palatada təmsil olunmayan partiyalar hökumətə yaxındırlar. İndi Mirkamalın sözündən belə çıxır ki, Müsavat onlarla birgə olanda müxalifət idi, indi birgə olmadığına görə, hökumətə yaxındır. Şübhəsiz ki, bütün bunlar gülünc məsələlərdir. Məsələyə Vidadi Mirkamalın təbrincə yanaşsaq, onda Milli Şura burada Rusiyanın agentura şəbəkəsidir. Məndə belə deyə bilərəm. İndi bu oldu siyasət?”.
Sərdar Cəlaloğlu hesab edir ki, Vidadi Mirkamalın bu cür açıqlamalar verməsini ona təhrik edirlər. Onun fikrincə, bəzi siyasətçilər danışanda bu tərəf kimi çıxır. Ancaq Vidadi Mirkamal bitərəf, ziyalıdır:
“Onun dili ilə belə fikirləri ortaya atırlar ki, bu cür sözlər xalqa daha tez çatsın. Mən bu cür anlayıram”.
ADP sədri hesab edir ki, bu sifarişi Vidadi Mirkamala edənlər bəllidir:
“Bu adam kimin yanındadırsa, kim onunla dostluq edirsə, kimi həqiqi müxalifət hesab edirsə, həmin şəxslər də buna belə sifarişlər verirlər. Əlbəttə, bu yaxşı hərəkət deyil. Hazırda birləşmiş müxalifətin yaratdığı Müdafiə Mərkəzinin Milli Şuranın yaratdığı müdafiə komitəsi ilə sıx təması yoxdur. Biz istəyirik ki, əlaqə yaransın. Ancaq belə bəyanatlardan sonra münasibəti necə yaratmaq olar? Belə hallar yersiz olaraq soyuqluq yaradır. Axı bu nəyə və kimə lazımdır?. Kimlər ki, Vidadi Mirkamalla birgədir, onlar əslində deyə bilərlər ki, bu cür danışma. Ancaq onların xoşuna gəldiyi üçün Vidadi müəllim belə fikirləri tirajlayır. Əslində isə bu, intriqadır və siyasətə aidiyyəti yoxdur. Belə kiçik intriqalara gedənlər uğur əldə edə bilməzlər. Normalda isə müxalifətin bir araya gəlməsinə, iqtidarla müxalifətin bir araya gəlməsinə ehtiyac var. O cəmiyyətlərdə ki, hamı-hamıya düşmən olur, orada siyasət inkişaf edə bilmir”.
Cavidan