17 Sentyabr 2014 18:41
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qərargahında Almaniyanın nüfuzlu Helmut Şmit adına Beynəlxalq Siyasət İnstitutunun nümayəndə heyəti ilə fondun rəhbərliyi arasında görüş keçirilib.

BAMF-ın informasiya departamentindən Teleqraf.com-a verilən məlumata görə, fondun sədri Umud Rəhimoğlu qonaqlara BAMF-ın fəaliyyət istiqamətləri, bu qurumun Azərbaycandakı vətəndaş cəmiyyəti sektorunun formalaşmasındakı rolu haqqında geniş məlumat verib. Qonaqlara təşkilatın 20 illik fəaliyyətini əks etdirən videoçarx da təqdim olunub. U.Rəhimoğlu BAMF-a BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinin xüsusi əhəmiyyət daşıdığını, bu amilin fondun beynəlxalq miqyasda geniş fəaliyyət göstərməsinə geniş imkanlar açdığını qonaqların diqqətinə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri, Helmut Şmit adına Beynəlxalq Siyasət institutunun rektoru August Pradetto belə bir görüşün baş tutmasına görə minnətdarlığını bildirib. A.Pradetto əsas məqsədlərinin Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin tənzimlənməsində vətəndaş cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə geniş məlumat toplamaq olduğunu söyləyib.

Nümayəndə heyətinin üzvlərinin həm Qarabağ münaqişəsi, həm də rəhbərlik elədiyi təşkilatın fəaliyyəti barədə suallarına cavab verən U.Rəhimoğlu Azərbaycanın münaqişənin həllində həmişə dialoqa üstünlük verdiyini, sülhə can atdığını bəyan edib. Bununla belə bizim doğma torpaqlarımızda, yaşadığımız evlərdə işğal nəticəsində yerləşən əli silahlı ermənilərlə danışığın mümkünsüzlüyünü də xüsusi vurğulayıb.

Qarabağ münaqişəsinin alovlanması tarixindən açıq qarşıdurmalara keçən müddətədək sovet rəhbərliyinin xalqımıza qarşı törətdiyi cinayətlər, həm Ermənistandan qaçqın düşən, həm də işğal olunmuş torpaqlarımızdan məcburən çıxarılan azərbaycanlıların üzləşdiyi ağrılı hadisələr haqda qonaqlara geniş məlumat verilib. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi bu ağrılı-acılı hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində beynəlxalq media strukturları ilə sıx əməkdaşlıq edən BAMF-ın oynadığı rol vizual olaraq, tarixi videokadrlar vasitəsilə qonaqlara təqdim edilib. U.Rəhimoğlu qonaqlara üzünü tutaraq bildirib ki, məhz ünsiyyət, dialoq, ölkə və insanlar haqqında obyektiv və ədalətli informasiyaların yayılmasında, məqalələrin hazırlanmasında əsas rol oynayır. Görüşdən sonra BAMF-ın qərargahı ilə tanış olan Almaniyadan olan nümayəndə heyətinin üzvləri görüşdə əldə etdikləri təəssürat və məlumatları öz həmkarları ilə bölüşəcəklərinə söz veriblər.

Qeyd edək ki, 8 ilə yaxın Fedarativ Almaniyanın baş naziri olan Helmut Şmitin adını daşıyan universitet Almaniyanın ən qabaqcıl universitetlərindən biri sayılır. Almaniya üçün texniki və humanitar sahələr üzrə mütəxəssislər hazırlayan bu universitetdə xeyli sayda xarici tələbə də təhsil alır. Hər il 200-dən çox xarici tələbə bu tədris ocağını bitirərək, öz ölkələrinə qayıdıb dövlət və özəl strukturlarda fəaliyyətlərini davam etdirirlər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər